Məhkəmə qərarları › İş №e-2(075)-1969/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1969/2022

05.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1969/2022 05.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı olmaqla digər iddiaçılar İddiaçı2, İddiaçı3 Sabit qızı, İddiaçı5, İddiaçı1 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi İddiaçı6 Vaqif oğlunun iştirakı ilə İddiaçılar İddiaçı2, İddiaçı3 Sabit qızı, İddiaçı5, İddiaçı6, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Şəki regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı3 Sabit qızı, İddiaçı5, İddiaçı6, İddiaçı1 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 07 fevral 2007-ci il tarixli, 4Ə-1/08 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli 39 nömrəli qərarına əsasən Şəki rayonu Çayqaraqoyunlu kənd sakinləri İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6, X1, İddiaçı1 və İddiaçı4 5.74 hektar torpaq sahəsi verilmişdir. Bu barədə İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6, X1, İddiaçı1 və İddiaçı4 adına Şəki rayon Torpaq Şöbəsi tərəfindən 02 dekabr 2003-cü il tarixli JN 174 (KOD ********) saylı Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi verildikdən hazırkı vaxtadək onların istifadəsində olmuş və hazırda da həmin torpaq sahəsini onlar əkirlər. Torpağa dair verilən subsidiyanı da onlar almışlar. 2022-ci ilin iyul ayında həmin torpaq sahəsinə olan mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət etdikdə onlara bildirilmişdir ki, həmin torpaq sahəsi 07 fevral 2007-cı il tarixli 4Ə-1/08 saylı müqavilə ilə Qəbələ rayonu Mamaylı kənd sakini Cavabdeh2 satılmışdır. Onlar həmin şəxsi tanımırlar və mülkiyyətlərində olan həmin torpaq sahəsinin satılmasından xəbərləri olmamışdır. Ona görə də, hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı6 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. İş üçün əhəmiyyət kəsb etdiyindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə məktub ünvanlanaraq JN-174 KOD 40402058 saylı dövlət aktına əsasən verilmiş çıxarışın təsdiq edilmiş surətləri tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-0174 KOD 40402058 saylı dövlət aktının surətindən görünür ki, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6, X1, İddiaçı1 və İddiaçı4 Şəki rayon Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli 39 nömrəli qərarına əsasən Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 5,74 hektar torpaq sahəsi verilmişdir. Sənədlərin təqdim olunması haqda məktubda məlumat üçün bildirilmişdir ki, JN-174 saylı “Torpağa mülkiyət hüququna dair dövlət aktı” sənədinin verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin arxivinə təhvil verilməmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən Şəki regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə məktub ünvanlanaraq 07 fevral 2007-ci il tarixli, 4Ə-1/08 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilənin bağlanmasına əsas olmuş bütün hüquq müəyyənedici sənədlərin təsdiq edilmiş surətləri tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna Şəki regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin 28 sentyabr 2022-ci il tarixli, 3734 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 07 fevral 2007-ci il tarixli, 4Ə-1/08 reyestr nömrəli alqı-satqı müqaviləsində İddiaçı2, İddiaçı3 Sabit qızı, İddiaçı5, İddiaçı6, İddiaçı1 və İddiaçı4 adına notariat hərəkəti aşkar edilməmişdir. 07 fevral 2007-ci il tarixli, 4Ə-1/08 reyestr nömrəli alqı-satqı müqaviləsində tərəflər digər şəxslərdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli 39 nömrəli qərarına əsasən Şəki rayonu Çayqaraqoyunlu kənd sakinləri İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6, X1, İddiaçı1 və İddiaçı4 5.74 hektar torpaq sahəsi verilmiş və bu barədə onların adına Şəki rayon Torpaq Şöbəsi tərəfindən 02 dekabr 2003-cü il tarixli, JN: 174 KOD 40402058 saylı Dövlət Aktı verilmişdir. İddiaçılar onlara məxsus olan həmin torpaq sahəsinin 07 fevral 2007-cı il tarixli 4Ə-1/08 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında onların məlumatı olmadan Qəbələ rayonu Mamaylı kənd sakini Cavabdeh2 satıldığını əsas gətirərək həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Lakin məhkəmə araşdırması zamanı 07 fevral 2007-ci il tarixli, 4Ə-1/08 reyestr nömrəli alqı-satqı müqaviləsində İddiaçı2, İddiaçı3 Sabit qızı, İddiaçı5, İddiaçı6, İddiaçı1 və İddiaçı4 adına notariat hərəkətlərinin aparılmadığı və 07 fevral 2007-ci il tarixli, 4Ə-1/08 reyestr nömrəli alqı-satqı müqaviləsində tərəflərin hazırkı iş üzrə iddiaçılar deyil, başqa şəxslər olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən iddiaçılara dəfələrlə mübahisələndirdikləri müqavilə ilə bağlı sübutların, o, cümlədən müqavilənin özünün təqdim edilməsini bildirilsədə, iddiaçılar hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. Odur ki, İddiaçı2, İddiaçı3 Sabit qızı, İddiaçı5, İddiaçı6, İddiaçı1 və İddiaçı4 iddiası təmin oluna bilməz. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 Sabit qızı, İddiaçı5, İddiaçı6, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Şəki regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar İddiaçı2, İddiaçı3 Sabit qızı, İddiaçı5, İddiaçı6, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Şəki regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə qarşı Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 07 fevral 2007-ci il tarixli, 4Ə- 1/08 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar