Məhkəmə qərarları › İş №e-2(075)-2016/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2016/2025

23.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2016/2025 23.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11, Cavabdeh12, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, miras payın bağışlanması müqaviləsinin və Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11, Cavabdeh12, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli, 2V-1011 № reyestr nömrəli və 17 dekabr 2022-ci il tarixli, 2V-1010 № reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin 17 dekabr 2022-ci il tarixli, 3M-691 № reyestr nömrəli Miras payın bağışlanması müqaviləsi və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum qaynatası X5 mülkiyyətində olmuşdur. Mərhum qaynatası X9 21 may 1991-ci il tarixdə vəfat etmiş və ondan miras əmlak olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qalmışdır. Qaynatası vəfat edəndən sonra həmin evdə sadəcə olaraq mərhum X2 və mərhum əri X20 yaşamışlar və mirası faktiki qəbul etməklə idarə etməyə başlamışlar. X2 29 avqust 2008-ci il tarixdə vəfat etmişdir və ondan sonra həmin evdə sadəcə o, və əri X20 yaşamışlar. 18 sentyabr 2022-ci il tarixdə isə əri X20 vəfat etmişdir. Yoldaşının 40 mərasimindən qısa müddət sonra Cavabdeh3 adlı şəxs onun yaşadığı və ərindən miras qalmış evə gələrək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin iki əməkdaşı ilə yaşadığı evə gələrək mərhum qaynatasının adına çıxarış hazırlatmalı olduğunu bildirmişdir. Həmin vaxtı Cavabdeh3 təyziq edərək onu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin keçmiş generalı Əsgər Xəlilovdan göstəriş aldığını bildirmişdir. Lakin onları evə buraxmamışdır. Bir müddət sonra Cavabdeh3 ikinci dəfə onun yaşadığı evə gələrək baldızı Cavabdeh10 etibarnaməsi olduğunu və bu etibarnamə əsasında evə girməyə icazəsi olduğunu icazə verməyəcəyi təqdirdə evə zorla girəcəyini bildirmiş, o da onun təyziqi nəticəsində məcbur qalaraq Cavabdeh3 evə buraxmış və Cavabdeh3 evə yeni çıxarış hazırladacağını bildirmişdir. Bir müddət sonra Cavabdeh3 ona xəbər göndərmiş ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə gələrək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni götürməyini bildirmişdir. O, sadəcə olaraq, mərhum ərinin vəfat etməsi ilə əlaqədar ödənilməli olan pul vəsaiti ilə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alacağını ona bildirmişdir. Cavabdeh3 da ona narahat olmamağını, həmin şəhadətnaməni götürə biləcəyini bildirmişdir. Lakin daha sonra Cavabdeh3 Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh11 və notariat ofisinin əməkdaşları ilə sövdələşərək ona boş kitabçaya imza etdirmiş və ona şəhadətnamə vermişdirlər. Baldızı Cavabdeh10 şəhadətnamə aldığını söyləmişdirlər. O, həmin şəhadətnamə ilə tanış olarkən görmüşdür ki, onun mərhum qaynatasından miras qalmış fərdi yaşayış evinin 3/4 hissəsinə saxta şəhadətnamə verilmişdir. Qanunvericiliyin tələbinə əsasən mirasın 6 ay sonra qəbuluna yol verilmədiyi halda Cavabdeh3, Cavabdeh5 notarius Cavabdeh11 və digər şəxlsər sövdələşərək 22 il sonra saxta yolla 22 il əvvəl ölmüş şəxsin mirasın qəbul edilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Qanunvericiliyin tələbinə əsasən notarius baldızı Cavabdeh10 mirasın faktiki qəbulunu təsdiq edəcək məhkəmə qətnaməsi tələb etməli olduğunu qeyd etmişdir. Cavabdeh10 Bakı şəhərində yaşamaqla mirası faktiki olaraq qəbul etməmişdir. Bir müddət öncə də o, həmin saxta sənədlərin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsi ilə bağlı Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə rəsmi ərizə ilə müraciət etmiş olmuşdursa da, Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X24 həmin sənədlərin düz olduğunu bildirmişdir. Ona 1/4 payın verildiyini bildirmiş, həmin sənədlərin arxivdə olan nüsxələrinin təsdiq edilmiş surətlərinin ona verilməsindən yayınmışdır. Uzun müddət həmin sənədlər ona təqdim edilməmişdir. Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X24, Cavabdeh3 və Cavabdeh5 tərəfindən düzəldilən saxta sənədləri onun tərəfindən əldə edilməyindən onu çəkindirmək və buna süni maneələr yaratmağa çalışmışdırlar. O, dəfələrlə təkid və şikayətlər etmiş olduqdan sonra uzun zaman sonra həmin sənədlərin təqdim edilmişdir. Həmin sənədlərlə tanış olarkən nəyə görə həmin sənədlərin ondan gizlədilməsi və həmin sənədlərin əldə edilməsindən çəkindirilməyi ona aydın olmuşdur. Sənədlərlə tanış olduqca daha öncə Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Cavabdeh11, Cavabdeh3 və Cavabdeh5 tərəfindən hansı saxtakarlıqlara əl atdıqları üzə çıxmışdır. Həmin saxta səndlərin hazırlanmasında Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisində baldızı Cavabdeh10 nümayəndəsi qismində Cavabdeh3, Cavabdeh7 və Cavabdeh12 oğunun nümayəndəsi qismində isə Cavabdeh5 iştirak etmişlər. Həmin vərəsəlik işinin içərisində Cavabdeh10 Cavabdeh3 verdiyi etibarnamənin surəti əlavə edilmiş olsa da, Cavabdeh7 və Cavabdeh12 oğunun Cavabdeh5 verdikləri etibarmanələrin surətləri iş materiallarında mövcud olmamışdır. Sadəcə olaraq iş materiallarında olan Cavabdeh12 Cavabdeh5 Bakı şəhəri, 44 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə verilmiş 7E-7863 reyestr nömrəli etibarnaməyə dair elektron notariat sistemindən çıxarış və Cavabdeh7 Cavabdeh5 Bakı şəhəri, 32 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə verilmiş 7E-24758 reyestr nömrəli etibarnaməyə dair elektron notariat sistemindən çıxarışlar mövcuddur. Daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Cavabdeh11, Cavabdeh5 nəyə görə qeyd edilmiş olan şəxslərin ona verdikləri etibarnamələri tələb etməmişdir. Daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Cavabdeh11 nəyə görə və hara tələsirmiş ki, tərəfdən etibarnamə tələb etməmiş və sadəcə olaraq elektron notariat sistemindən həmin etibarnaməni əldə edərək vərəsəlik işinə əlavə edirmiş, nəyə görə həmin notariat ofisinə müraciət edən digər şəxslərdən etibarnamənin əsli tələb edilirmiş, Cavabdeh10 Cavabdeh3 verdiyi etibarnamə ilə tanış olarkən həmin vərəsəlik işi üzrə daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Cavabdeh11la Cavabdeh3 və Cavabdeh5 ilə əvvəlcədən razılaşdıqları asanlıqla seçilmişdir. Vərəsəlik işində mövcud olan 05 noyabr 2022-ci il tarixdə verilmiş 7E-10765 reyestr nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə 2 ay müddətinə yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək verilmiş, xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmış, 17 dekabr 2022-ci il tarixdə isə saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərək iş yekunlaşmışdır. Cəmi 1 ay 7 gün ərzində tələmtələsik saxta sənədlər hazırlandığını qeyd etmişdir. Cavabdeh3 notarius Cavabdeh11la daha öncədən bu iş barədə razılaşmamışdırsa onda hardan bilirmiş ki, bu iş 2 ayadək qısa müddətə yekunlaşacaq ki, belə qısa müddətlik etibarnamə almışdır Axı notariat ofislərində vərəsəlik işləri aylarla, illərlə çəkir. Bu iş də uzun müddət tələb edən işlərdəndirmiş, hazırkı işdə mirasqoyan X9 xx.xx.1991-ci ildə vəfat etmiş və vərəsəlik işi açılan günə həmin şəxsin vəfat etməsindən 31 il keçmiş, mirasqoyanın 5 vərəsəsindən 4-ü vəfat etmişdir. Cavabdeh3 bütün bunları bilə-bilə nəyə və kimə arxeyn olubmuş ki, 1 ay 7 günlük qısa müddətə bu vərəsəlik işini yekunlaşdıracaqmış.Həmçinin Cavabdeh12 oğunun Cavabdeh5 vermiş olduğu 7E-7863 reyestr nömrəli etibarnamənin “Elektron notariat” X1 Çıxarışından görünür ki, həmin etibarnamə 3 ay 5 gün müddətinə yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək verilmişdir. Etibarnamənin belə qısa müddətə verilməsi də bu işdə daha öncədən razılaşmanın olmasını təsdiq etmişdir. Həmçinin Cavabdeh3 və Cavabdeh5 arxayın olmuşdurlar ki, notarius tərəfindən ondan qeyd edilən vərəsələrin mirası faktiki qəbulu və mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi tələb edilməyəcəkmiş. 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 552-ci mаddəsinə əsаsən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidirmiş. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirmiş ola bilərlər və bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılırmış. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunurmuş. Həmin Məcəllənin 562-ci mаddəsinə əsаsən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilirmiş. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilərmiş. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmirmiş. Onun mərhum qaynatası X9 xx.xx.1991-ci il tarixdə vəfat etmiş və buna görə də daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Cavabdeh11 mərhum qaynatamın vərəslik işi ilə bağlı 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə istinad etməli imiş. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin də tələbindən mirasın qəbul edilmiş hesab olunması üçün miras açılan gündən altı ay müddətində vərəsə miras əmlakı faktiki idarə etməyə başlamaq və ya mirasa yiyələnməliymiş. Vəsəlik işindən göründüyü kimi onun mərhum ərindən başqa digər vərəsələrin heç biri mirası nə faktiki və qanuni yolla qəbul etməmişlər. Vərəsəlik işindən görünür ki, qeyd edilən şəxslər miras əmlak olan evdə pasport qeydiyyatında olmamaqla orada yaşamırlarmış. Nəinki həmin miras əmlak olan fərdi yaşayış evində hətta miras əmlakın yerləşdiyi şəhərdə belə yaşamamışlar. Vərəsəlik işində açıq aydın bilinir ki, vərəsələrdən Cavabdeh10 ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində, vərəsələrdən X8 vərəsəsi Cavabdeh4 ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində, X8 digər vərəsəsi Cavabdeh7 Şəhrihar oğlu ünvan 6 ünvanında olmaqla Bakı şəhərində, X6 vərəsəsələri Cavabdeh6, Cavabdeh2 və Cavabdeh12 ünvan 8 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində yaşayırlarmış.Vərəsəlik işində qeyd edilən vərəsələrin mirası fatiki qəbul etməmələri onların yaşadıqları ünvandan açıq aydın görünür və belə olan halda Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Cavabdeh11 nəyə görə Cavabdeh3 və Cavabdeh5 vərəsələrin mirasın faktiki qəbulunu təsdiq edən və ya mirasın qəbulu üçün müəyyən edilmiş ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tələb etməyiblərmiş? Həmçinin 2001-ci ilin sentyabr ayının 1-dən-2023-cü ilin dekabr ayına kimi qüvvədə olmuş MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilərmiş. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmirmiş. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsaəsn mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilərmiş. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılırmış. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülürmüş. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olubmuş, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edirmiş. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olurmuş ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyirmiş. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olurmuş. Mirasa faktiki sahiblik- vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirirmiş və ona sahib dururmuş, onun üzərində fiziki “ağalıq” edirmiş. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilirmiş: vərəsənin miras qoyanın yaşadığı evə köçmüş olması; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşamış olması; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etmiş olması. Qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət keçdikdən sonra daha öncə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu işləmiş Cavabdeh11, Cavabdeh3 və Cavabdeh5 tərəfindən 2022-ci ildə baldızının və qayınlarının övladlarının adlarına saxta yolla vərəsəlik rəsmiləşdirilmişlər.Onun mərhum qaynatası 1991-ci ildə vəfat etmiş və həmin dövrdə vərəsələr mirasdan rəsmi qaydada imtina etmişdilər. Qaynanası isə 2008-ci ildə vəfat etmiş onun vəfatından 14 il sonra mirasın qəbulu faktını təsdiq edən və ya ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamə mövcud olmadığı halda saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.1991-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra qaynatsı X5 vərəsələri olan Cavabdeh10, X14 və X10 ayrı ayrılıqda notariat kontorlarına müraciət etmişdirlər. Atalarından miras qalmış fərdi yaşayış evinin anasının adına keçməsinə etiraz etmədiklərini bildirmişlər. xx.xx.1991-ci il tarixdə miras əmlakın yerləşdiyi ərazinin məhəllə nümayəndəsi də Şəki şəhər notariat kontoruna arayış təqdim etmişdir. Mirasqoyan vəfat edərkən onun iki vərəsəsinin – arvadı X13 və X16 olması qeyd edilmişdir. Lakin həmin ərizələr notarius tərəfindən bilərəkdən və qəsdən gizlədilmişdir. Mərhum qaynatasının vərəsələrindən X3 doğum haqqında akt qeydində adı “Şəhliyar” kimi qeyd edilmişdir. Onun nikah haqqında akt qeydində “Şəhniyar”, ölüm haqqında akt qeydində “Şəhliyar”, onun vərəsələrindən Cavabdeh7 şəxsiyyət vəsiqəsində ata adı “Şəhriyar” kimi qeyd edilmişdir. Bundan əlavə mərhum qaynatasıın vərəsələrindən X6 doğum haqqında akt qeydində ata qrafasında “X9” əvəzinə X11” kimi qeyd edilmişdir.Vərəsəlik işində mövcud vərəsələrdən yuxarıda qeyd edilən şəxslərin vətəndaşlıq vəziyyətəki aktlarında qeyd edilən nöqsanlar olduğu halda notarius Cavabdeh11 nəyə görə vərəsələrdən həmin nöqsaların aradan qaldırılmasını tələb etməmiş, tələmtələsik saxta qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir? Qeyd edilmiş faktlar Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli, 2V-1011 No reyestr nömrəli və 17 dekabr 2022-ci il tarixli, 2V-1010 No reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin 17 dekabr 2022-ci il tarixli, 3M-691 No reyestr nömrəli Miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır. Cavabdeh10 etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək mərhum qaynatası X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Lakin bunun qanunsuz olduğunu söyləmişdir. Ölmüş şəxsin adına Çıxarış verilə bilməzmiş.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verirmiş. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilirmiş. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırkı mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə mərhum qaynatası X5 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməlidirmiş. X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair həmin evin mərhum X7 məxsus olması barədə arayış verilməmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli, 2V-1011 No reyestr nömrəli və 17 dekabr 2022-ci il tarixli, 2V-1010 No reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin 17 dekabr 2022-ci il tarixli, 3M- 691 No reyestr nömrəli Miras payın bağışlanması müqaviləsi və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız olduğundan həmin sənədlər əsasında verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməli olduğunu qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh10 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçının eyni tələbi, eyni əsası ilə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəki Rayon Məhkəməsinin 23 yanvar 2026-cı il tarixli 2(075)-2016/2025 saylı qətnaməsinə əsasən iddianın 17 dekabr 2022-ci il tarixli, 3M-691 № reyestr nömrəli Miras payın bağışlanması müqaviləsinin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair hissəsi təmin edilməmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata iddianın “Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli, 2V-1011 № reyestr nömrəli və 17 dekabr 2022-ci il tarixli, 2V-1010 № reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi” hissəsində xitam verilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(075)-635/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli, 2V-1011 No reyestr nömrəli və 17 dekabr 2022-ci il tarixli, 2V-1010 No reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Şəki Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(075)-635/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxış zamanı iddiaçının ərizəsi əsasında iddia tələbi şəhadətnamələrin etibarsız hesab edilməsi kimi qəbul edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2165/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli, 2V-1011 No reyestr nömrəli və 17 dekabr 2022-ci il tarixli, 2V-1010 No reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbi ilə bağlı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcudddur. Həmin qətnamənin qəbul edilməsindən sonra baş vermiş hər hansı dəyişikliyə əsaslanmadan, hər hansı əsasa istinad etmədən iddiaçı həmin maraqlı şəxsə qarşı eyni predmet barəsində eyni əsaslarla yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında çıxarışın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi məsələsinə artıq hüquqi qiymət verildiyindən eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh11, Cavabdeh12, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı iş üzrə iddia tələbinin “Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 17 dekabr 2022-ci il tarixli, 2V-1011 № reyestr nömrəli və 17 dekabr 2022-ci il tarixli, 2V-1010 № reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi” dair hissəsinə xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar