Məhkəmə qərarları › İş №e-2(075)-2017/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2017/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2017/2022 14.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu İddiacı İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 435 manat borcun, 30 manat dövlət rüsumunun, 0,40 qəpik xidmət haqqının, ümumilikdə 465,40 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır. Buna görə də məhkəmə iddia üzrə məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmasını və həmin işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab edir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh İddiaçı Zaqatala X3 İdarəsinin abonenti olmaqla ünvan 1 ünvanında yaşayır. O, hal-hazırda 09 sentyabr 2016-cı il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvanda məişət qaz sayğacı quraşdırılmış və cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdehin mənzilində uzun müddət təbii qazdan istifadə edilsə də, cavabdeh tərəfindən 435 manat borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də İddiaçı hazırkı ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 09 sentyabr 2016-cı il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Cavabdeh həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə İddiaçı Şəki X4 ilə qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək paylayıcının vəzifəsidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İşdə olan abonentin saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadə nəticəsində 2022-ci ilin iyun ayının sonuna istifadə edilmiş təbii qazın dəyəri olan 435 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödənilməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. 09 sentyabr 2016-cı tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” qaz paylayıcısı ilə Cavabdeh arasında bağlanmış qazın alqısatqı müqaviləsinin 3.4-cü bəndinə əsasən istehlakçı istifadə etdiyi qazın dəyərini hesab təqdim edilən tarixdən bir ay müddətində bank və ya poçt şöbələri vasitəsi ilə təchizatçının hesabına tam ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublukası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tətəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalniz məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi İddiaçı tərəfindən müqavilə ilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Cavabdeh ünvanına qazın verilməsi təmin edilməsinə baxmayaraq Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasını tam şəkildə təmin etməmişdir. Bu səbəbdən də İddiaçı Cavabdeh istifadə etdiyi, lakin ödəmədiyi qazın dəyərinin ödənişini tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 435 manat borc, 30 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı, ümumilikdə 465,40 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284- 5 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 435 manat borc, 30 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı, ümumilikdə 465,40 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki rayon Məhkəməsi 14 oktyabr 2022-ci il Şəki şəhəri Mən, Şəki rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlu İddiacı İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 16:20-də başlandı. İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 435 manat borcun, 30 manat dövlət rüsumunun, 0,40 qəpik xidmət haqqının, ümumilikdə 465,40 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır. Buna görə də məhkəmə iddia üzrə məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını və həmin işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab edir. Ona görə də bu barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 16:35-də qurtardı. Hakim: Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-2017/2022 14 oktyabr 2022-ci il İddiaçı: İddiaçınə, (Bakı şəhəri, Yusif Səfərov küçəsi 23) Cavabdeh: Cavabdeh (Şəki şəhəri, M.Cabbarov küçəsi, dalan 2, ev 1 A) Şəki Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2 (075)-2017/2022 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar