Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2039/2025 29.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızı, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş X1”nə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş X1” nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən, abonent kodu 270113 olan “Eksklüziv mağaza” adlı qeyri-yaşayış obyektinə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin hesabına yeni su sayğacının quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia qeyri-yaşayış obyektinə sayğac quraşdırılması tələbidir. Həmin obyektə sayğac quraşdırılması ilə bağlı cavabdehə edilmiş müraciətə cavab məktubunda da kommersiya obyekti olması vurğulanmış, mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olması aşkardır. Həmin məktubda problemlə bağlı müraciət edən şəxs hüquq sahibi kimi “Tural Ağabəyova” qeyd edilsə də, məhkəmədə iddia İddiaçı tərəfindən qaldırılmışdır. İddiaçı “Eksklüziv mağaza” adlı qeyriyaşayış obyektinin ona aidiyyəti ilə bağlı hər hansı sənədləri əlavə etməmişdir. Məhkəmə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilib-edilməməsini araşdıraraq müəyyən etmişdir ki, ərizə verilərkən məhkəmə aidiyyət qaydaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyəti ilə bağlı olmasını əsas götürülür. Həmin meyarlar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən hər ikisinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsinə görə hazırkı iddia tələbi ümumi məhkəməyə aid deyildir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyin tələbinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki prosessual qanunvericilikdə mübahisənin məhkəmə aidiyyətinə görə geri qaytarılması da Azərbaycan Respublikası MPM-in 152.1.3cü maddəsi ilə tənzimlənir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş X1” nə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova İş № 2(075)- 2039/2025 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 29 iyul 2025-ci il Şəki şəhəri Şəki Rayon Məhkəməsinin hakimi Məmmədova Pərvanə Əziz qızı, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş X1” nə qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına götürülməsinin mümkünlüyünə Şəki Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət edildi. Prosessual hərəkət saat 14:30-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanunvericiliyinin tələblərinə cavab verilmədiyi müəyyən edildi. Ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul edildi. Prosessual hərəkət həmin gün saat 14:40-da başa çatdı. Hakim Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-2039/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2039/2025
29.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver