Məhkəmə qərarları › İş №e-2(075)-213/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-213/2025

14.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-213/2025 14.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakdan miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci ildə vəfat etmiş mərhum X3 miras qalmış Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi üzrə ¼ hissə olmaqla ona miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, təxminən 90-cı illərdə ailə həyatı quraraq həmin evdən köçmüşdür. Lakin 1996-cı ildə nikahı pozulmuş və bundan sonra atası evinə qayıtmışdır. Özünə məxsus olan cehiz əşyalarını və şəxsi əşyalarınıda ata evinə yerləşdirmişdir. Ona orada bir otaq ayırmışdırlar. Bu günə kimi əşyaları həmin evdə şəxsi otağındadır. Özü 2000-ci ilə kimi orada yaşamışdır. Daha sonra başqa ev alaraq ora köçmüşdür. Özünə məxsus əşyaları isə atasının ona ayrıdığı bir otaqda saxlamışdır. Vaxtaşırı ata evinə gedərək anasını görür, özünə məxsus əşyaları havalandırır və otağına əl gəzdirir. Bir neçə gün bundan qabaqda evə baş çəkmişdir. Həmin həyətdə bir qardaşı Maraqlı şəxs ayrıca ev tikilib. Evləri böyük olduğu üçün bir hissəsində Ələfsər Hüseynov istifadə edir. Bütün vərəsələr demək olar ki, mirası faktiki qəbul etmişdir. Lakin qardaşı Ələfsər Hüseynov notariat kontoruna müraciət edərək vərəsəlik açılmasını xahiş etmişdir. Bundan sonra Notarius digər vərəsələrə dəvət məktubu göndərmişdir. Dəvət məktubundan sonra tərəfindən ərizə ilə notariat ofisinə müraciət edilmiş və onun da miras payının ayrılmasını xahiş etmişdir. Lakin notarius xx.xx.2024-cü il tarixli qərarla imtina vermişdir. İmtina səbəbi kimi, mirasın qəbulu üzrə müddətin ötürüldüyü bildirilmişdir. Məhz buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk dəfə məhkəməyə müraciət edərək xx.xx.2012-ci ildə rəhmətə getmiş mərhum X3 miras qalmış Şəki şəhəri B.Məmmədov küç. Dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi üzrə tərəfindən mirasın qəbul etmə faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişəm. Xahişimə baxılaraq xx.xx.2024-cü il tarixli, e-2(075)-2516/2024 saylı qərardadla “miras payının müəyyən edilməsi” tələbi ilə ümumi qaydada yenidən məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhz buna görə də təkrar olaraq məhkəməyə müraciət edir. Qeyd etdiklərimdən göründüyü kimi, miras əmlakının bir hissəsi onun nəzarətində olduğu üçün, şəxsi otağı olduğu üçün faktiki mirası qəbul etmişdir. Buna görə də ona mirasda pay verilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, atası X8 25 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. X3 Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında yerləşən ümumi sahəsi 47.60 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0396 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. O, 1989-cu ildə ailə həyatı qurmuş, 1995-ci ildə isə boşanmışdır. Lakin 1993-cü ildən 1997-ci ilə kimi o atası evində qalmışdır. Qardaşı ilə aralarında dəfələrlə mübahisə olduğundan o, 1998-ci il ildə özünə məxsus qızıl-zinət əşyalarını və bəzi cehiz əşyalarını sataraq ev almış, və orada yaşamağa başlamışdır. Lakin ona məxsus bəzi cehiz əşyaları bugünə kimi atası evində ona məxsus otaqda qalmaqdadır. O, həmin evə tez-tez anasına baş çəkmək üçün gedib-gəlir. Atası eyni torpaq sahəsində qardaşı Əliyar üçün ona məxsus ev tikmişdir. Lakin qardaşı hal-hazırda Rusiya Federasiyasında yaşayır. Atası vəfat etdikdən sonra qardaşı Eldar ilə aralarında heç vaxt miras əmlakla bağlı mübahisə olmadığından, o, miras əmlakdan pay almaq üçün hər-hansı bir orqana müraciət etməmişdir. Lakin Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən ona məktub ünvanlandığı zaman, qardaşının evi satmaq istədiyindən və buna görə də öz adına keçirmək istədiyindən xəbəri olmuşdur. Buna görə də miras əmlakdan ona düşən ¼ hissədə payın müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs izahat verərək bildirdi ki, atası X8 25 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. X3 Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında yerləşən ümumi sahəsi 47.60 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0396 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin evdə hal-hazırda anası və o, ailəsi ilə birlikdə yaşayırlar. Bacısı İddiaçı mərhum ataları vəfat etmədən qabaq ailə həyatı qurmuş və bir müddət sonra boşanmışdır. Boşandıqdan sonra o, mərhum atalarının köməkliyi ilə iddiaçıya alınmış özünə məxsus evdə yaşamışdır. Hal-hazırda bacısına aid bəzi cehiz əşyaları hələ də onların evindədir. Arabir anasına baş çəkmək üçün həmin evə gəlib-gedir. Lakin ataları vəfat edən vaxtdan bugünə kimi bacısı mübahisələndirilən evdə yaşamamışdır. Evi analarının adına keçirmək istəsələr də, iddiaçı buna razılıq verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 izahat verərək bildirdi ki, həyat yoldaşı X8 25 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. X3 Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında yerləşən ümumi sahəsi 47.60 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0396 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. O, hal-hazırda həmin evdə oğlunun ailəsi ilə birlikdə yaşayır. Miras əmlakı öz adına rəsmiləşdirilməsini istəyir. Qızı İddiaçı atasının koməkliyi ilə alınan özünə məxsus evdə yaşayır. Oğlu Əliyar isə Rusiya Federasiyasında yaşayır. Qızı İddiaçı onunla heç maraqlanmır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılamsını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışın surətindən görünür ki, Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında yerləşən ümumi sahəsi 47.60 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0396 ha həyətyanı torpaq sahəsi X4 mülkiyyətindədir. Azərbaycan Respublikası Şəki şəhər İH “Fətəli” məhəllə nümayəndəliyi tərəfindən verilmiş vərəsəliyə dair arayışdan görünür ki, X8 25 yanvar 2012-ci il tarixdə vəfat etmiş və onun X6, X9, X5 və Maraqlı şəxs adlı vərəsələri vardır. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 27 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, X1 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasına imtina edilmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin tərəfindən X2 ünvanlanmış 21 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, 25 yanvar 2012-ci il tarixdə ölmüş atası X3 miras qalmış əmlaka dair Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. X3 miras qalmış əmlakdan ona düşən miras payı qəbul edib-etməyəcəyi barədə qısa müddət ərzində əki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edib məlumat verməyi xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Məhkəmənin mövqeyi; Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı atası X8 25 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. X3 Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında yerləşən ümumi sahəsi 47.60 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0396 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçı mərhum X3 miras qalmış əmlakı qəbul etmək barədə notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən müddət ötürüldüyündən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Hazırda iddiaçı həmin daşınmaz əmlakın atasından ona və digər vərəsələrə qalmış miras əmlak olduğunu qeyd edərək, həmin miras əmlakdan ¼ hissədə payının müəyyən edilməsini tələb edir. Mübahisə işdə iştirak edən şəxslərin atalarından mirasın qəbul edilməsi ilə bağlıdır. Mirasın qəbul edilməsi mirasqoyanın ölümündən sonra üç ay müddətində notariat kontoruna ərizə vermək və ya miras əmlaka sahiblik və faktiki idarə etmək yolu ilə mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mümkündür. İddiaçı notariat kontoruna mirası qəbul etməsi barədə atası vəfat etdiyi tarixdən, yəni 25 yanvar 2012-ci ildən 2024-cü il tarixə kimi ərizə verməmişdir. Eyni zamanda iddiaçı miras əmlaka sahiblik etməsi və faktiki idarə etməsi barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı miras əmlakda atasının ölümündən sonra anası və qardaşı Maraqlı şəxs yaşadığını və əmlakı idarə etdiyini, özünün isə həmin evdə yaşamadığını bildirmişdir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlaka sahibliyi və miras əmlakı idarə etməsinin elə forması nəzərdə tutulur ki, bu zaman mirasın qəbul edilməsi şəksiz nümayiş etdirilir və heç kəsdə şübhə doğurmur. Hazırkı mülki iş üzrə isə iddiaçı mirası faktiki qəbul etməsini sübuta yetirə bilməmişdir. Buna görə də iddia əsassız olduğu üçün rədd edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı xx.xx.2012-ci ildə vəfat etmiş mərhum X3 miras qalmış Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi üzrə ¼ hissə olmaqla ona miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı xx.xx.2012-ci ildə vəfat etmiş mərhum X3 miras qalmış Şəki şəhəri B.Məmmədov küçəsi, dalan 2 ev 3 (Yeni qaydalarla Bəxtiyar Məmmədov küçəsi giriş 22) ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi üzrə ¼ hissə olmaqla ona miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar