Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2440/2022 21.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi, pul və maddi ziyan” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(075)-646/2021 saylı qətnaməsi qüvvəyə mindiyi üçün iddiaçı Azərişıq ASC-nin mərhum qardaşı X2 qarşı elektrik enerjisi üzrə yaranmış olduğu borcun silinməsi, smartkartla ödədikləri pulun qaytarılması və maddi mənəvi ziyana görə 500 manat pulun "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələbləri rəhbər tutularaq geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi qaytarılır. Həmçinin həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə də iddia ərizəsi qaytarılır. Belə ki, məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsi ilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə dəqiq və aydın göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi və ona əlavə edilmiş iddiaçının özünə geri qaytarılmalıdır. Belə ki, birincisi, iddia tələbinə nəzər saldıqda aydın olur ki, iddiaçının tələbi 3 hissədən ibarətdir:
1. Şəki rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(075)-646/2021 saylı qətnaməsi qüvvəyə mindiyi üçün iddiaçı Azərişıq ASC-nin mərhum qardaşı X2 qarşı elektrik enerjisi üzrə yaranmış olduğu borcun silinməsi.
2. Smartkartla ödənilmiş pulun qaytarılması.
3. Maddi və mənəvi ziyana görə 500 manat pulun alınması İddiaçının tələbinin birinci hissəsi olan “borcun silinməsi” istehlakçı hüquqları ilə bağlı olduğundan qanunvericilikdə rüsum ödənilməsi nəzərdə tutulmamışdır. Lakin iddiaçı iddia tələbinin 500 manat maddi mənəvi ziyanla bağlı olan üçüncü hissəsinə görə qanunvericilikdə nəzərdə tutulan məbləğdə dövlət rüsumu ödəməli və həmin rüsuma dair qəbzi iş materiallarına əlavə etməli olduğu halda bunu etməmişdir. Həmçinin iddiaçı tələb edilən 500 manatın nə qədərinin maddi nə qədərinin isə mənəvi ziyan olması barədə də dəqiq fikir bildirməmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğdə dövlət rüsumu ödənilməlidir. İkincisi, iddiaçının iddiasının 2-ci hissəsi aydın və dəqiq deyildir. Belə ki, iddiaçı “smartkartla ödənilmiş pulun qaytarılmasını” tələb etsə də iddia tələbində ödənilmiş məbləğin neçə manatdan ibarət olması barədə aydın fikir ifadə etməmişdir. Üçüncüsü, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin mərhum qardaşı X1 hesabına elektrik enerjisi üzrə hesablanmış borcun silinməsini xahiş etsə də, mərhum X1 onun qardaşı olması, həmçinin X1 varisi olmsı barədə barədə hər hansı sənədi və ya sübutu ərizəsinə əlavə etməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı MPM-nin 149.2.3-cü maddəsinin tələbinə əsasən iddianın qiymətini müəyyənləşdirmədən, qeyri-dəqiq və aydın olmayan tələb irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı iddiasının qiymətini dəqiq müəyyən etməli, qeyd edilən digər nöqsanları aradan qaldırmalı və tələb etdiyi məbləğə uyğun olaraq dövlət rüsumu ödəyərək yenidən məhkəməyə müraciət etməlidir. Belə ki, MPM-nin 150.3-cü maddəsinə görə iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı iddianın forma və məzmununa riayət etməmiş və qanunvericiliyə müvafiq olaraq dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmişdir. Bütün yuxarıda şərh olunanlara əsasən İddiaçı iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi, pul, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Cahid İmanov