Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-259/2025 18.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 sentyabr 2024-cü il tarixli, ******* nömrəli akt əsasında G-4 markalı, 10262010 nömrəli sayğac üzrə hesablanmış 6264 kubmetr təbii qazın dəyəri olan 751,68 manat borcun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Şəki rayonu, Köndələn kəndində yaşayır. Həmin ünvanda həmişə işlətdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında poçta ödəmişdir. O, həmişə sayğac üzrə ödəniş aparmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndələri tərəfindən barəsində xəbəri olmadan 28 sentyabr 2024-cü il tarixli akt tərtib edilmişdir. Həmin əməkdaşlar qanunvericilikdə nəzərdə tutulmayan qaydada akt tərtib etmişlər. Belə ki, qeyd edilən tarixdə cavabdeh orqanın əməkdaşları ünvanına gələrək sayğaca baxış keçirmişlər. Həmin vaxt ona boş bir blanka imza atdırılaraq, heç bir narahatçılığın olmadığı bildirilmişlər. Ona yalandan imza çəkdirilən boş blanka isə sonradan əlyazma ilə sayğacda əzik-üzük izlərinin olduğu göstərilmişdir. Halbuki, belə bir nasazlıq varsa da, həmin nasazlıqla onun qarşılıqlı əlaqəsi yoxdur. Çünki həmin sayğac küçədə quraşdırılmışdır. Cavabdeh təşkilatın nümayəndələri onun heç bir borcunun olmadığı halda borcunun olduğunu bildirərək, evinə gələn təbii qazı şəbəkədən ayırmışlar. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında 855.76 manat borc vardır. Həmin borcun 751.68 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 10262010 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, sayğacda müdaxilə faktı aşkar edildiyindən qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə ******* saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Azərbaycan Metrologiya İnstitutu PHŞ Kommunal Laboratoriyalar MMC-nin xx.xx.2024-cü il tarixli DYM 1022/03 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar edilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Mənzil daxilindəki qaz cihazlarından PQ3 markalı qaz cihazının maksimal qaz sərfi 0.8 m3/saat, xarici soba qaz cihazının maksimal qaz sərfi 1.6 m3/saat, axımlı su qızdırıcı (32l) qaz cihazının maksimal qaz sərfi 3.4 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 6264 m3 (və ya 751.68 manat) həcmində müəyyən edilmişdir. Bundan əlavə mübahisəli qaz sayğacı ünvanından açıldığı tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatlarını müqayisə edildiyi təqdirdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpaçaq dərəcədə artdığı görülməkdədir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 06 may 2016-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 25 iyun 2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli, “G-4” markalı, 10262010 nömrəli sayğac çıxarılmış, əvəzində yeni “GC2” tipli, “G-4” markalı, ******* sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. - Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 sentyabr 2024-cü il tarixli, ******* nömrəli aktda qeyd edilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu. Dəymiş ziyan hesablanaraq ödənilsin. - 29 sentyabr 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, mənzil daxilindəki qaz cihazlarından PQ-3 markalı qaz cihazının maksimal qaz sərfi 0.8 m3/saat, xarici soba qaz cihazının maksimal sərfi 1.6 m3/saat, axımlı su qızdırıcısı (32l) qaz cihazının maksimal qaz sərfi 3.4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir. İtirilmiş qazın miqdarı cəmi 6264 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçı adına olan **********00000 nömrəli abonent kodunda 2024-cü ilin sentyabr ayına akt üzrə 751,68 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir... Həmin qaydaların 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqısatqısı barədə 06 may 2016-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təchiz etməyi, cavabdeh isə istifadə etdiyi qazın dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən istifadə edilən təbii qazın həcminin müəyyən edilməsi məqsədilə sayğac, iddiaçıya məxsus fərdi yaşayış evinin həyətində deyil küçədə quraşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya akt tərtib edilməsinin səbəbi kimi sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izlərinin olması göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun olaraq sayğacın üstünü müvafiq örtüklə bağlamamış, həmçinin iddiaçının nəzarətindən kənar, küçədə yerləşən sayğacın hesablama mexanizminin qapağının sınıq olduğunu qeyd etsə də, həmin qüsurun məhz iddiaçının təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə, iddiaçı tərəfindən məhz hansı pozuntunun törədilməsi göstəriləmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müvafiq məsuliyyətə cəlb edilməsi ilə bağlı hər hansı müraciət olması və iddiaçının məsuliyyətə cəlb edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, iddia tələbi isə təmin edildiyindən, ödənilməli dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə tərəfindən təmin edilən iddia tələbinin qiyməti 751,68 manat olduğundan MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında hesablanmış 751,68 (yeddi yüz əlli bir manat altmış səkkiz qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-259/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-259/2025
18.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver