Məhkəmə qərarları › İş №e-2(075)-260/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-260/2024

29.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-260/2024 29.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız hesablanmış 380 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Mülkiyyətində olan evdə X1 edildiyinə görə küçədə DT8 tipli 700726 nömrəli elektrik sayğacı quraşdırılmışdır. 26 sentyabr 2023-cü il tarixdə istifadəsində olan DT8 tipli 700726 nömrəli elektrik sayğacı "xxxx" ASC-nin Nəzarət Departamentinin əməkdaşları tərəfindən götürülərək yeni sayğacla əvəz edilmiş, bu barədə məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında 26 sentyabr 2023-ci il tarixli, 570555 saylı protokol tərtib edilmişdir. Bundan sonra onlara növbəti hesab-bildiriş təqdim edilərkən yeni sayğacın üzərində 380 manat qalıq borcun olması göstərilmişdir. O, buna aydınlıq gətirilməsi barədə "xxxx" ASC-nin Şimal Qərb RETSi-nin Şəki satış şöbəsinə müraciət etdikdə ona bildirilmişdir ki, yaşayış evinə quraşdırılmış DT8 tipli 700726 nömrəli sayğac B və C fazası keçən yükü qeyd etmədiyinə görə 15 sentyabr 2023-cü il tarixdə 033467 nömrəli AKT-la sayğac B və C fazası keçən yükü qeyd etmədiyinə görə itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 380 manat məbləğində borc yazılmışdır. İstifadəsində olan sayğacın götürülməsinə qədər də "xxxx" ASC-nin X2 Təchizatı və Satışı İdarəsinin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş və onda heç bir zədələnmə izləri aşkar etməmişdir. O, hər ay nümunəvi vətəndaş kimi X1yə görə sayğacda göstərilən və "xxxx" ASC-nin X2 Təchizatı və Satışı İdarəsinin nəzarətçisi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfiyyata uyğun məbləği cavabdehin hesabına ödəmişdir. Sayğac mülkiyyətində olan ərazidə yox yolda quraşdırılmışdır və mənim ona müdaxilə etməyi və onu kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Sayğac götürülərkən tamamilə saz vəziyyətdə olmuş "xxxx" ASC-nin Nəzarət Departamentinin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilərkən həmin vaxtı tərəfimdən video da çəkilmiş, saygac tam işlək vəziyyətdə olmuş və möhürü də yerində olmuşdur. Bunu həmin videogörüntüdə "xxxx" ASC-nin Nəzarət Departamentinin əməkdaşı da təsdiq edir. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilməyib və sayğacda hər hansı qüsurun olması onun təqsiri ucbatından olmamışdır. Cavabdeh onun tərəfindən sayğaca hər hansı müdaxilənin edilməsini təsdiq edə biləcək heç bir sübutu təqdim edə bilməmiş sadəcə ehtimallara əsaslanmışdır. Hesab edir ki, elX1 qaydalarının pozulması haqqında tərtib edilmiş akt və həmin akt əsasında hesablanmış 380 manat məbləğ əsassız hesablanmışdır, ona görə də əsassız hesablanmış məbləğ silinməlidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Lakin onun istifadəsində olan sayğac ona məxsus xüsusi yaşayış evində deyil küçədə onun mülkiyyətində olan fərdi yaşayış evindən uzaqda quraşdırılmışdır. Buradadan da görünür ki, həmin sayğac ona məxsus xüsusi yaşayış evində quraşdırılmadığından elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə o cavabdehlik daşımır. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri; Cavabdeh "xxxx" ASC 01 dekabr 2023-cü il tarixdə məhkəməyə elektron etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qargl "əsassız hesablanmış 380 manat borcun hesabından silinməsi"ne dair iddia telebi ile məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının özünə məxsus Şəki şəhəri, S.Rəhman küçəsində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********08057 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixinde "xxxx" ASC-nin əməkdaşları F.Cavadov və R.Musayev tərəfindən Şeki şəhəri, S.Rəhman küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə "X1 Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının "8" və "0" fazasından keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ile əlaqədar "Elektrik enerjisindən istifade Qaydaları"nın 8.17 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, NDM033467 saylı akt tərtib olunmuş və iddiaçı aktın doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Tərtib olunmuş akta əsasən xx.xx.2023-cü il tarixində Şəki-EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni LUN23 elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 570555 saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın xx.xx.2023-cü il tarixli, 5705- 55 saylı protokolu ilə elektrik sayğacının "8" və "C" fazasının işləmədiyi barədə rəy verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli, NDM033467 saylı akta əsasən "Azərişıq” ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 30 gün üçün 0.08 manatla 200 kvt.s (dəyəri 16.00 manat), 0.09 manatla 100 kvt.s (dəyəri 9.00 manat) və 0.13 manatla 2724 kvt.s (dəyəri 354.00 manat) toplamda 379.00 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçının faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Abonentin "abune haqqında" məlumatına nəzər saldıqda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər 60 gün üçün sərfiyyatın toplamda 286 kvts olduğu, lakin qüsur bərpa edildikdən sonrakı dövr üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər 37 gün üçün artaraq 744 kvts olduğu açıq aydın görünür. Abonentin "abunə haqqında" məlumatından aylıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (458 kvt.s) olduqca boyükdür. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM033467 saylı akt "EElQ"-nin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji techizatı müəssisəsinə ödənilməlidir. Odur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsassız hesablanmış 380.00 manat borcun hesabından silinməsi" tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh "xxxx" ASC nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş; Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 570555 nömrəli protokoldan görünür ki, 700726 nömrəli, “DT8A3x50(100)V220/380” tipli sayğac çıxarılmış, əvəzində yeni 26276609 nömrəli sayğacla əvəz olunmuşdur. 15 sentyabr 2023-cü il tarixli, 033467 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, EEİQ-na uyğun abonentə məxsus elektrik sayğacına baxış keçirilən zaman sayğacın B və C fazasının keçən yükü qeyd etməməsi aşkar edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********08057 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. "xxxx" ASC-nin 23 oktyabr 2023-cü il taixli Əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komponentlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair icra vərəqəsindən görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********08057 saylı kod altında 379 manat borc hesablanmışdır. USB fləş yaddaş kartındakı video görüntülərdən görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan işıq sayğacı işlək vəziyyətdədir. "xxxx" ASC əməkdaşı videogörüntüdə olan izahatında sayğacda hər hansı nasazlıq aşkar edilmədiyini, sayğacı yoxlamaya göndəriləcəyini bildirmişdir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olmasının İddiaçı vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «X1 qaydaları»nın 7.11-ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********08057 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh "xxxx" ASC-nin “Şimal-Qərb” X3 və Satışı İdarəsinin nümayəndəsinin etiraz ərizəsində göstərdikləri əsaslı deyil. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində X1 qaydalarına əməl edilməsinə riayət edilibedilməməsini yoxlamaq üçün baxış keçirilmiş, sayğacın B və C fazasının keçən yükü qeyd etməməsi aşkar olunmuş bununla əlaqədar “X1 qaydalarının” pozulması əsas götürülərək 033467 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş USB fləş yaddaş kartındakı video görüntülərdən görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan işıq sayğacı işlək vəziyyətdə olmuş, "xxxx" ASC əməkdaşı videogörüntüdə olan izahatında sayğacda hər hansı nasazlıq aşkar edilmədiyini, sayğacı yoxlamaya göndəriləcəyini bildirmişdir. Göründüyü kimi, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********08057 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı 200 kvts x 0,08 manat, 100kvts x 0,09 manat, 2724kvts x 0,13 manat, enerji istehlak etmiş və onun cəmi 379 manat borc hesablanmışdır. Məhkəmə baxışı zamanı İddiaçı 15 sentyabr 2023-cü il tarixli, 033467 nömrəli akt əsasında hesablanmış 379 manat borcun deyil 380 manat borcun hesabından silinməsini xahiş edir. Məhkəmə İddiaçı digər iddianın dəymiş ziyandan əlavə olaraq digər məbləğində silinməsinə dair qalıq borc üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hansı qaydada hesablanmasını ümumiyyətlə həmin borc məbləğinin mövcud olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə iddianı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 15 sentyabr 2023-cü il tarixli, 033467 nömrəli aktı əsasında hesablanmış 379 manat hissəsində əsaslı hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 15 sentyabr 2023-cü il tarixli, 033467 nömrəli akt əsasında **********08057 saylı abonent kod hesabında qeydə alınmış 379 manat borc İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 15 sentyabr 2023-cü il tarixli, 033467 nömrəli akt əsasında **********08057 saylı abonent kod hesabında qeydə alınmış 379 manat borc İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar