Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-262/2025 16.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4549.50 manat məbləğində pulun, hesablanmış 1450.50 manat cərimə məbləğinin və ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli “Alqı-satqı Müqaviləsi”nə əsasən çörək-bulka məmulatlarının sifarişi əsasında cavabdehə göndərilməsi (satılması) şərtləndirilmişdir. Həmin Müqavilə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ümumi dəyəri 4549,50 manat təşkil edən çörək-bulka məmulatı satılmışdır. Buna baxmayaraq cavabdeh aldığı çörək-bulka məmulatlarının dəyərinin ödənilməsini təmin etməmiş və onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 4549,50 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehə xx.xx.2024-cü il tarixli Pretenziya məktubu ilə müraciət olunaraq ödənilməmiş 4549,50 manat məbləğində pul vəsaitinin 10 gün müddətində ödənilməsi, əks təqdirdə isə aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı və ödənişin gecikdirildiyinə görə cərimə məbləğinin hesablanacağı barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh 01 noyabr 2021-ci il tarixli “Alqı-satqı Müqaviləsi” üzrə öz öhdəliyini icra etməyərək 4549,50 məbləğində pul vəsaitinin ödənilməsini təmin etməmişdir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 5.1 bəndinə əsasən ödənişin gecikdirildiyi hər gün üçün ödənilməli olan məbləğin 0.2 faizi həcmində Sifarişçi İcraçıya cərimə ödəməlidir. Tərəflərindən yalnız 160 gün üçün (gecikdirilən günlərin sayı 990 gündür) 1450.50 manat cərimə məbləği hesablanmışdır. Beləliklə, cəmi borc məbləği 6000 (altımin) manat təşkil edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştiral edən cavabdeh iddiaya etiraz etdiyini bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı ASC (Mal göndərən) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01/11/21 nömrəli altı-satqı müqaviləsinə əsasən, Mal göndərən bu müqavilə qüvvədə olduğu bütün müddət ərzində Alıcıya onun şifahi və ya yazılı sifarişi əsasında çörək-bulka məmulatlarını vaxtlı-vaxtında göndərməyi, Alıcı isə öz növbəsində həmin məmulatları müəyyən edilmiş vaxtda qəbul etməyi ğz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən çörək-bulka məmulatlarının qiyməti hər dəfə qaimə-fakturalarda göstərilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən çörək-bulka məmularlarının dəyəri Alıcı tərəfindən nağd və ya köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş müddətdə göndərilmiş məmulatların dəyəri ödənilmədikdə Alıcı Mal göndərənə ödənişin gecikdirilmiş hər günü üçün ödənilməli olan məbləğin 0,2 faizi həcmində cərimə ödəyir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilənin müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək müəyyənləşdirilir. - xx.xx.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, iddiaçı və cavabdeh arasında xx.xx.2021-ci il tarixinə 4549.5 manat borcun olması barədə razılıq əldə edilmişdir. - xx.xx.2021-ci il tarixli 357001 saylı, xx.xx.2021-ci il tarixli 35702 saylı, xx.xx.2021-ci il tarixli 357003 saylı və xx.xx.2021-ci il tarixli 35704 saylı qaimə fakturalara əsasən iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 1154,50 manat, 1150 manat, 1050 manat və 1195 manat dəyərində mal təhvil verilmişdir. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli Pretenziya məktubundan görünür ki, ödənilməmiş 4549,50 manat məbləğində pul vəsaitinin 10 gün müddətində ödənilməsi, əks təqdirdə isə aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı və ödənişin gecikdirildiyinə görə cərimə məbləğinin hesablanacağı barədə məlumat verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/525 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 55-ci vərəqəsində olan 01 noyabr 2021-ci il tarixli müqavilənin arxa hissəsində “10.tərəflərin imzaları bölməsində Alıcı” qrafasında “Cavabdeh” yazsı və həmin yazının aşağısındakı “(imza)” qrafasındakı imza, i/v 56-da olan xx.xx.2021-ci il tarixli üzləşmə aktının aşağı hissəsində “Cavabdeh” yazısı və həmin yazıdan aşağıda imza, i/v 53-də olan 23 noyabr 2021-ci il, i/v 52-də olan 24 noyabr 2021-ci il, i/v 54-də olan 25 noyabr 2021-ci il, i/v 51-də olan 26 noyabr 2021-ci il tarixli malların təhvil qəbul aktlarında “Təhvil aldım” qrafalarındakı yazılar və imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 55-ci vərəqəsində olan 01 noyabr 2021-ci il tarixli müqavilədəki yazılar (arxa hissəsində “10.Tərəflərin imzaları” bölməsində Alıcı” qrafasındakı “Cavabdeh” yazılarından başqa), i/v 56-da olan xx.xx.2021-ci il tarixli üzləşmə aktındakı yazılar (aşağı hissəsində “Cavabdeh” yazısından başqa), i/v 53-də olan 23 noyabr 2021-ci il, i/v 52-də olan 24 noyabr 2021-ci il, i/v 54-də olan 25 noyabr 2021-ci il, i/v 51-də olan 26 noyabr 2021-ci il tarixli malların təhvil-qəbul aktlarındakı yazılar (“Təhvil aldım” qrafalarındakı yazılardan başqa) – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 80 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsionə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı un və un məmulatlarını cavabdehə verməyi, cavabdeh isə təqdim edilmiş qaimə-fakturalar əsasında malın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında malın alqı-satqısına dair qaimə-fakturalar və üzləşmə aktı mövcuddur. Cavabdeh qaimə-fakturalardakı imzaların ona aid olmadığını bildirdiyindən məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və müqavilədəki, üzləşmə aktındakı və qaiməfakturalardakı imzaların cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə, üzləşmə aktına və qaimə-fakturalara, Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 4549.50 manat pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. 1450,50 manat cərimə məbləğinin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilənin 5.1-ci bəndinə əsasən cərimə məbləğinin tutulması barədə iddia tələbi əsaslı olsa da Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdehin borc məbləğini, borcun yaranma tarixini, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən tələb edilən dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 100 manat manat məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, MPM-in 119.1 və 121.1-ci maddələrinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 66.49 manatı, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddia tələbi qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 126 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4549,50 (dörd min beş yüz qırx doqquz manat əlli qəpik) manat əsas borc, 66.49 (altmış altı manat qırx doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-262/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-262/2025
16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver