Məhkəmə qərarları › İş №e-2(075)-265/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-265/2024

05.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-265/2024 05.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 21 sentyabr 2016-cı il tarixli 2V-182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və 10 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun mərhum atası X3 mülkiyyətində olmuşdur. Atası 26 aprel 2002-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi mərhum atası X3 mülkiyyətindədir və onun ölümündən sonra miras qalmışdır. Atası vəfat edəndən sonra ondan miras qalmış əmlakı faktiki olaraq o, qəbul etmişdir və hazırkı vaxtadək həmin evdə yaşayır. Bir müddət qabaq qardaşı Cavabdeh1 ona və digər qardaşı X5 qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, qardaşı X7 və X4 adına mülkiyyət hüquqları 10 dekabr 2021-ci il tarixdə qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və **********37-10301 reyestr nömrəli texniki pasport verilmişdir. Lakin həmin 10 dekabr 2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış saxtadır. Belə ki, mərhum atası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini onun vərəsəsi olaraq yalnız o, miras əmlak kimi qəbul edərək sahiblik etməyə və əmlakı idarə etməyə başlamışdır. Beləliklə yalnız o, atasından miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Atasının vəfatına qədər ona baxmışdır. Atası vəfat etdikdə sonra yas mərasimi də onun tərəfindən verilmiş, onun qəbirüstü abidəsi də onun tərəfimdən abadlaşdırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclaslarına gəlməmişlər, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi məlumatlar tamamilə yalandır. Belə ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi atası X3 mülkiyyətində olmuşdur. X1 26 aprel 2002-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra onun üç vərəsəsi, yəni o, qardaşları İddiaçı və X9 qalmışdır. Hər üç vərəsə mühasəsiz halda 2016-cı ildə notariat orqanına müraciət etmişlər və onlara 21 sentyabr 2016-cı il tarixli 2V-182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə hər üç vərəsəyə qanunvericiliyin tələbinə uyğun miras əmlakdan 1/3 pay almalı olmaları qeyd edilmişdir. Şəhadətnamədən iddiaçının həmin vaxt məlumatı olmuş və bunu mübahisələndirməmişdir. Hazırda da ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yerləşən B yaşayış evi tam, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi onun, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi X4 və A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi onun, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi İddiaçı paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları 10 dekabr 2021-ci il tarixdə qeydiyyata alınaraq onlara ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və **********37-10301 reyestr nömrəli texniki pasport verilmişdir. Ona görə də, əsassız olduğundan iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 26 aprel 2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı, X9 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda ünvan 3 ünvanlanmış 21 sentyabr 2016-cı il tarixli ərizələrdən görünür ki, onlar vərəsə olaraq 26 aprel 2002-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakdan pay almaq üçün qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş 21 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26 aprel 2002-ci il tarixdə vəfat etmiş X6 vərəsələri İddiaçı, X9 və Cavabdeh1 olmaqla ondan miras qalan ünvan 1 ünvanda yerləşən 0.1368 hektar torpaq sahəsi və onun üzərində yerləşən 124.3 kvadratmetr fərdi yaşayış evindən hər birinə 1/3 hissə olmaqla bərabər irs almalıdırlar. İş materiallarına əlavə edilmiş 02 noyabr 2021-ci il tarixdə tərtib edilmiş, texniki pasportun surətindən görünür ki, reyestr nömrəsi **********37-10301 olan ünvan 1-yeni qaydalarla Şəki şəhəri, Məmməd Quliyev küçəsi, 7 nömrəli evdə yerləşən A yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsi İddiaçı, A yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsi X4, A yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsi və B yaşayış evi tam Cavabdeh1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 10 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın surətindən görünür ki, ünvan 1, yeni qaydalarla ünvan 4 ünvanda 0.1368 hektar torpaq sahəsində yerləşən 207 kvadratmetr fərdi yaşayış evi, yəni B yaşayış evi tam, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-44/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 iddiası təmin edilmiş, ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quliyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evindən və torpaq sahəsindən “B” yaşayış evinin tam, “A” yaşayış evinin 1/3 hissəsi və evin yerləşdiyi 0.1368 ha torpaq sahəsinin 1/3 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 10/5532 saylı rəyinə və rəyə əlavə edilmiş bölgü sxeminə əsasən naturada ayrılaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin atası X8 26 aprel 2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatında sonra vərəsələri olan hazırkı iş üzrə tərəflərə ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quliyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi miras qalmışdır. Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(075)-44/2023 saylı qətnaməsinə əsasən mübahisəli evə dair tərəflərin hər birinin payı müəyyən edilərək naturada ayrılmışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və X5 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Cavabdeh1 verilmiş 10 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtləri stisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və vərəsəlik, o cümlədən bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci madldəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. İş materiallarından göründüyü kimi tərəflər, 26 aprel 2002-ci il tarixdə vəfat etmiş X3 birinci növbəli vərəsələri olmaqla hər biri eyni vaxtda, notariat orqanına müraciət etməklə mirası qəbul etmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsi Plenumunun həmin mövqeyindən göründüyü kimi əgər vərəsə miras əmlakdan rəsmi qaydada imtina etməmişsə, o zaman onun hüquqları gözlənilməli və onun miras əmlakdan pay tələb etmək hüququ itirilmiş hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir, eləcə də, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Hazırkı iş üzrə cavabdehlər isə miras əmlak olan ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quliyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq həmin əmlakdan istifadə etməyə başlamışlar. İddiaçı iddia tələbində göstərdiyi formal mülahizələrinə dair əsaslı sübutlar təqdim etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 21 sentyabr 2016-cı il tarixli 2V- 182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, sözügedən çıxarış qanunamüvafiq qaydada verildiyindən məhkəmə, iddianın həmin hissədə də, təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 21 sentyabr 2016-cı il tarixli 2V- 182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədə olduğu halda, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 21 sentyabr 2016-cı il tarixli 2V-182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və 10 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 21 sentyabr 2016-cı il tarixli 2V-182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və 10 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar