Məhkəmə qərarları › İş №e-2(075)-28/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-28/2024

09.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-28/2024 09.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı X9 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli **********28-10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışında göstərilən 133,20 kv.m-dən əlavə Şəki şəhəri, X12 küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq Cavabdeh tərəfindən əlavə edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi (hazırkı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi) tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli **********28-10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışa əsasən Şəki şəhəri, X12 küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi X7, 1/6 hissəsi Cavabdeh məxsusdur. Fərdi yaşayış evinə dair payları müəyyən olunsa da, payların yerləşməsi müəyyən edilməmişdir. O, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli **********28-10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışa əsasən Şəki şəhəri, X12 küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsinin münasib şəkildə naturada ayrılıb X7 verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin e-2(075)-33/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şəki şəhəri, X12 küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsinin münasib şəkildə naturada ayrılıb X7 verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddianın təmin edilməməsinə əsas kimi göstərilən hallardan biri də torpaq sahəsində əlavə tikililərin inşa olunması göstərilir. Həmin qanunsuz tikili göstərilən fərdi yaşayış evində 1/6 hissə paya malik olan Cavabdeh tərəfindən onunla razılaşmadan həyata keçrilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandrılmışdır ki, iddia tələbində qeyd edilən tikili 2007-ci il tarixdə inşa edilmiş və həmin tarixdən iddiaçı tərəfindən bu barədə hər hansı bir iddia irəli sürülməmişdir. Həmin tikilini inşa edərkən həmin torpaq sahəsinin mülkiyyətçisi mərhum atası X8 olmuş və o, həmin tikilini onun icazəsi və razılığı ilə inşa etmişdir. Hazırda həmin tikilinin inşa edilməsindən 16 il keçmişdir. İddiaçı iddia müddətini ötürməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə iddia müddətinin keçməsini nəzərə alaraq iddiaçı X5 ona qarşı « qanunsuz tikilinin sökülməsi » iddia tələbinə dair iddiasının iddia müddəti ötürüldüyündən təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisələndirilən tikili 2007-ci ildə inşa edilmişdir. 2009-cu ilə aid video görüntüdən görünür ki, tikili həmin vaxt artıq mövcud olmuşdur. İş üzrə ekspertiza təyin edilmiş və tikilinin texniki pasporta uyğun tikildiyi müəyyən edilmişdir. İddia tələbi əsassızdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının sonuncu dəfə təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəbdən iştirak edə bilməməsinə dair sübut təqdim etməmişdir. Məhkəmə, MPM-in 185.1, 185.2 və 185.6-cı maddələrinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, X12 küçəsi, ev 37 (yeni qaydalarla Şəki şəhəri, X12 küçəsi, ev 43) ünvanında yeləşən fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsinin 5/6 hissəsi X5, 1/6 hissəsi Cavabdeh mülkiyyətindədir. - xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, X12 küçəsi, ev 37 ünvanında, 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsi X5, ½ hissəsi Cavabdeh mülkiyyətindədir. - xx.xx.2022-ci il tarixli, 4501 invertar nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, X12 küçəsi, ev 37 (yeni qaydalarla Şəki şəhəri, X12 küçəsi, ev 43) ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi X5, ½ hissəsi X3 mülkiyyətindədir. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 avqust 2023cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Şəki şəhəri X12 küçəsi 37 ünvanında yerləşən, mübahisə predmetini təşkil edən tikililərin faktiki texniki göstəriciləri ilə mülki iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən mübahisə predmetini təşkil edən tikililərə dair tərtib edilmiş 4501 inventar nömrəli Texniki Pasport sənədində qeyd olunan texniki göstəricilər əsasında uyğunsuzluqların mövcud olduğu müəyyən olunur. Belə ki, yuxarıda qeyd olunan “Texniki Pasport” sənədində “C” hərfi ilə işarələnmiş tikilinin ön hissəsində, həmin tikiliyə bitişik, ölçüləri 2.70m x 3.20m olmaqla əlavə olaraq otaq inşa edildiyi, “B” və “K” hərfləri ilə işarələnmiş tikililərin arakəsmə ilə 2 hissəyə bölündüyü, “L” hərfi ilə işarələnmiş tikilinin ön hissəsində ölçüləri 1.6m x 3.56m olmaqla mətbəx tikilisinin inşa edildiyi, həmçinin “A” hərfi ilə işarələnmiş tikiliyə bitişik, hər bir mərtəbəsi 4 yaşayış otağı, 2 texniki otaq, 1 dəhliz və 1 sanitar qovşaqdan ibarət olmaqla əlavə olaraq 2 mərtəbənin inşa edildiyi müəyyən edilir. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Şəki şəhəri X12 küçəsi 37 ünvanında yerləşən tikililərin faktiki mövcud vəziyyətinin mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, **********28-10301 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli “Texniki Pasport” sənədi ilə uyğunluq təşkil etdiyi müəyyən olunur. - Şəki Şəhər İcra Hakimiyyəti “Dəmirçibulağı” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 31 nömrəli arayışda qeyd edilir ki, verilir həmin arayış Cavabdeh ondan ötrü ki, o, həqiqətən 2007-ci ildə atası X6 məxsus Şəki şəhəri, Vidadi küçəsi 37 saylı fərdi yaşayış evinin həyətində, həyətyanı sahədə mərhum atası X1 özlərinin dediyinə görə onun razılığı ilə fərdi yaşayış evi inşa etmişdir. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh 2007-ci ildə atası X6 məxsus Şəki şəhəri, Vidadi küçəsi 37 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində mərhum atası X1 onun icazəsi ilə fərdi yaşayış evi inşa etmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-33/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə yaradır. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Şəki şəhəri, X12 küçəsi, ev 37 (yeni qaydalarla Şəki şəhəri, X12 küçəsi, ev 43) ünvanında yerləşən fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsi iddiaçı X9 ilə Cavabdeh paylı mülkiyyətindədir. X5 payı 5/6, Cavabdeh payı 1/6 hissədir. İddiaçı dövlət reyestrindən çıxarışda qeyd edilən 133.2 kv.m. sahədən inşa edilmiş tikilinin sökülməsini tələb edir. İddiaçı göstərir ki, onun naturada bölgü tələbinə dair iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İddianın təmin edilməməsinə əsas kimi göstərilən hallardan biri də torpaq sahəsində əlavə tikililərin inşa olunması olmuşdur. Cavabdeh isə qeyd edir ki, o, həmin evi iddia verilməmişdən 16 il qabaq 2007-ci ildə inşa etmişdir. İddiaçı bu illər ərzində hazırkı vəziyyəti qəbul etmiş və iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli texniki pasportun xüsusi qeydlər hissəsində 140 kv.m. zəbt torpaq sahəsi olduğu və B yaşayış evinin icazəsiz olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi üzrə paylar müəyyən edilmiş olsa belə, naturada bölgü müəyyən edilməmişdir. İş materiallarından cavabdeh tərəfindən inşa edilmiş tikilinin məhz iddiaçıya məxsus sahədə inşa edilməsi müəyyən edilmir. Bundan əlavə məhkəmə tərəfindən iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə, ilkin olaraq təyin edilmiş ekspertiza əsasında verilmiş rəyi əsaslı sübut olaraq qəbul etmir. Çünki, ilkin olaraq ekspertiza hazırda qüvvədə olamayan texniki pasport əsasında həyata keçirilmişdir. İkinci ekspert rəyini isə digər sübutlarla birlikdə qiymətləndirərək məhkəmə əsaslı hesab edir. Belə ki, hər nə qədər həmin tikili texniki pasportda qanunsuz tikili kimi qeyd edilsə də həmin hal iddiaçı tərəfindən illər ərzində qəbul edilmişdir. Həmin tikilinin 2007-ci il tarixdə tikilmiş olması məhkəmədə şübhə doğurmur. İş materiallarında olan 2009-cu ilə dair video görüntüdə də həmin tikilinin mövcud olduğu açıq şəkildə görünür. Bundan əlavə, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan suiistifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. İddiaçının illərdir qəbul etmiş olduğu və mülkiyyətin naturada ayrılmasını tələb etməsinə baxmayaraq hazırda belə bir iddia irəli sürməsini məhkəmə hüquqdan suiistifadə kimi qiymətləndirir. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti tətbiq edilmir. Bu səbəbdən də cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, 100 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə ekspertizası mərkəzinə ödənilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı X5 Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı X4 100 manat ekspertiza xərci tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar