Məhkəmə qərarları › İş №e-2(075)-306/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-306/2024

25.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-306/2024 25.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış və **********00000 abonent hesabına vurulmuş 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Şəki rayonu, Kiş kəndində yerləşən özünə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. Həmişə istifadə etdikləri təbii qazın dəyərini vaxtı-vaxtında poçt şöbəsinə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. **********00000 olan abonetin saldosundan görünür ki, 2022 və 2023-cü ilin müvafiq ayları üzrə vaxtı-vaxtında ödənişlər etmişdir. X2 tərəfindən xx.xx.2022-ci tarixdə tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktda sayğacın çıxarılma səbəbi növbəti dövlət yoxlaması olmuşdur. Bundan əlavə, X2 tərəfindən 31.01. 2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli aktda göstərilmişdir ki, sayğacın hesab mexanizminin plastmas qapağının qoruyucu şüşəsi deşilib. Qeyd etdiyi həmin aktlardan məlumatı olmamış və tərəfindən imza edilməmişdir. Onun tərəfindən qapısından çöldə quraşdırılmış sayğaca heç bir müdaxilə olunmamışdır. Aidiyyəti orqanlara müraciət etdikdən sonra əldə etdiyi sənədlərdən görünür ki, Cavabdeh İB Zaqatala RQİİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməni alarkən həmin tələbnamədə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən mənzilində istismarda olmuş G4 markalı ******* nömrəli qaz sayğacı üzrə 8640 kub metr təbii qazın itkisinin yarandığı və həmin sərfiyyat üzrə aparılmış hesabata əsasən abonentin saldosunda qeyd olunmuş 1036.80 manat məbləğində borcunun olduğu və tərəfindən ödənilməsinin təmin edilməli olduğu ya da məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. X2 tərəfindən tərtib edilmiş aktda qeyd olunanlar hamısı yalandır. Bununla cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq 1036,80 (bir min 36 manat, səksan qəp) manat məbləğində cərimə etmişdir. Hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz və əsassızdır. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidinin adı, ata adı, soyadı bəlli deyil və ümumiyyətlə hal şahidləri iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün onu qanunsuz olaraq cərimə etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. İstifadəsində olan qaz saygacı evinin giriş qapısından çöldə quraşdırılmışdır. Qaydalarda göstərildiyi kimi saygac müvafiq örtüklə örtülməli idi. Ancaq istifadəsində olan sayğac fərdi yaşayış evinə giriş qapısından çöldə qoyulsa da qaz paylayıcısı tərəfindən qaydaların tələblərinə əməl edilməmiş və saygac müvafiq ötrüklə örtülməmişdir. Cavabdeh təşkilat tərtib etdiyi aktda göstərmişdir ki, guya G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsi deşilib. Onun yaşayış sahəsinə aid qaz sayğacı çöldə quraşdırılmış, həmçinin sayğac kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə o cavabdehlik daşımır. Qanunvericiliyin tələbinə görə, qaz sayğacının kənar müdaxilələrdən mühafizəsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Lakin buna baxmayaraq itirilmiş qazın dəyəri məndən tələb edilir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edim ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 1063.23 manat borc vardır. Həmin borcun 26.43 manat hissəsi sayğac üzrə, 1036.80 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirirəm ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca vizual müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı ******* nömrəli sayğac, qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********6 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-964-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qapağının qoruyucu şüşəsi deşilib, sayğac istismara yararsızdır. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİnin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Abonent iddia ərizəsində qeyd etmişdir ki, qaz sərfiyyatı üzrə olan ödənişləri vaxtlı vaxtında ödəyir. Lakin abonent saldosuna nəzər yetirdikdə abonentin yalan məlumat verdiyi aşkarlanır. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1036.80 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi təmin edilməməsini xahiş etmişlər. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, İddiaçı **********00000 saylı qaz hesabında 2023-cü il tarixdə ödənilməmiş 1036.80 (min bir yüz otuz altı manat səksən qəpik) manat borc vardır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki rayonu, Kiş kəndində yerləşən evində qaz işlədicilərindən G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m³ günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 8640 m3 müəyyən edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin MSK-14-2-2/3-5-964-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsinin deşildiyi aşkar edilmiş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş qaz sayğacının yoxlanılması barədə 31 yanvar 2023-cü il tarixli, MSK-14-2-2/3-5-964-1 nömrəli aktdan görünür ki, ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsinin deşildiyi aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 31 avqust 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli, “G-4” markalı, ******* nömrəli sayğac çıxarılmış, əvəzində yeni “Zenner” tipli, “G-4” markalı, **********6 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 14 aprel 2015ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə Cavabdeh İB ilə onun arasında təbii qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsinin deşilməsi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsinin deşilməsi” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygac çıxarılan zaman müdaxilə X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X5 İdarəsinin rəisinin aktı “sayğacın hesablama mexanizminin plastmas qapağının qoruyucu şüşəsinin deşilməsi” sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X5 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1036.80 (min otuz altı manat səksən qəpik) manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Odur ki, 30.36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1036.80 (min otuz altı manat səksən qəpik) manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30,36 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar