Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-307/2024 18.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən akt əsasında hesablanmış qaz sərfiyyatının və **********00000 abonent koduna vurulmuş 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, həmişə sayğac üzrə ödənişlər aparmışdır. Abonetin saldosundan görünür ki, 2021 və 2022-ci ilin müvafiq ayları üzrə vaxtlı-vaxtında ödənişlər etmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2022-ci tarixdə tərtib edilmiş ******* nömrəli aktda sayğacın çıxarılma səbəbi növbəti dövlət yoxlaması olmuşdur. Bundan əlavə, Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktda göstərilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib. Həmin akta imza edilməmişdir. İmza etməməyinin əsası isə onun tərəfindən sayğaca heç bir müdaxilə edilməməsi olmuşdur. Cavabdeh İB tərəfindən tərtib edilmiş aktda qeyd olunanlar hamısı yalandır. Cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq 1036,80 manat məbləğində cərimə etmişdir. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Akt tərtib edilərkən iki nəfər hal şahidinin adı, ata adı, soyadı bəlli deyil və ümumiyyətlə hal şahidləri iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. İstifadəsində olan qaz sayğacı evinə giriş qapısından çöldə quraşdırılmışdır. Qaydalarda göstərildiyi kimi sayğac müvafiq örtüklə örtülməli idi. Ancaq istifadəsində olan sayğac fərdi yaşayış evinə giriş qapısından çöldə qoyulsa da qaz paylayıcısı tərəfindən qaydaların tələblərinə əməl edilməmiş və sayğac müvafiq ötrüklə örtülməmişdir. Cavabdeh təşkilat tərtib etdiyi aktda göstərmişdir ki, guya sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombu kəsilibdir. Onun yaşayış sahəsinə aid qaz sayğacı çöldə quraşdırılmış, həmçinin sayğac kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə o, cavabdehlik daşımır. Qanunvericiliyin tələbinə görə, qaz sayğacının kənar müdaxilələrdən mühafizəsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Lakin buna baxmayaraq itirilmiş qazın dəyəri ondan tələb edilir. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsini sübut etmədən cavabdeh tərəfindən ona əlavə pul hesablanması yolverilməzdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sayğacın qaz sərfini az qeyd etdiyindən ünvanından açılaraq dövlət yoxlamasına göndərilmişdir. Bununla əlaqədar olaraq sayğac xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********8 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli 29/1710-04385-1 saylı aktında göstərilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Bundan əlavə mübahisəli qaz sayğacı ünvanından açıldığı tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatlarını müqayisə edildiyi təqdirdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpaçaq dərəcədə artdığı görülməkdədir. Belə ki, 2021/noyabr 131.35, 2022/noyabr 251.25, fərq 119.90, 2021/dekabr 144.25, 2022/dekabr 166, fərq 21.75, 2022/yanvar 95.28, 2023/yanvar, 119.16, fərq 23.88, 2022/fevral 71.88, 2023/fevral 120.96, fərq 49.08, 2022/mart 125.80, 2023/mart 109.40 fərq - 16.40, 2022/aprel 26.20, 2023/aprel 99.25, fərq 73.05, 2022/may 18.40, 2023/may 41.75, fərq 23.35, 2022/iyun 0.20 2023/iyun 12.75, fərq 12.55, cəmi müdaxilə edilən sayğac 613.36, yeni quraşdırılan sayğac 920.52, fərq 307.16. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən elektron ərizə ünvanlanaraq iştirakları olmadan məhkəmə iclasının keçirilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 19 iyun 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 17 iyun 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli, “G-4” markalı, ******* nömrəli sayğac çıxarılmış, əvəzində yeni “Zenner” tipli, “G-4” markalı, 12345262 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. - Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin MSK 29/1710-04385-1 saylı aktına əsasən sayğacın çıxış plastmas borusu deşilmişdir. Mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və dəymiş ziyanın hesablanaraq ödənilməsi qeyd edilmişdir. - Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 19 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4 m³, günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 8640 m3 müəyyən edilmişdir. - Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına olan **********00000 nömrəli abonent kodunda 1036,80 manat borc vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir... Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təchiz etməyi, cavabdeh isə istifadə etdiyi qazın dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən istifadə edilən təbii qazın həcminin müəyyən edilməsi məqsədilə iddiaçıya məxsus fərdi yaşayış evinin çöl qapısının yanında küçədə sayğac quraşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya akt tərtib edilməsinin səbəbi kimi çıxış plastmas borusunun deşilməsi göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun olaraq sayğacın üstünü müvafiq örtüklə bağlamamış, həmçinin iddiaçının nəzarətindən kənar, küçədə yerləşən sayğacın çıxış borusunun deşildiyini qeyd etsə də, həmin qüsurun məhz iddiaçının təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə iddiaçı tərəfindən hansı pozuntusunun törədilməsi göstəriləmədən cavabdehə ziyan vurulmasının hesablanmasının iddia edilməsini qanuni hesab etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, iddia tələbi isə təmin edildiyindən, ödənilməli dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə tərəfindən təmin edilən iddia tələbinin qiyməti 1036,80 manat olduğundan MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən 30,36 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdehndən 30.36 (otuz manat otuz atı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-307/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-307/2024
18.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver