Məhkəmə qərarları › İş №e-2(075)-33/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-33/2025

09.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-33/2025 09.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Şəki rayonu, Kiş kəndində inşa edilmiş fərdi yaşayış evindən onun evinin arxasına tərəf yeni tikilmiş altıaçığın (navesin) cavabdehin hesabına sökülməsi barədə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Kiş kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsinə cavabdeh İddiaçı məxsus fərdi yaşayış evinin onun mülkiyyətində olan torpaq sahəsinin kənarında inşa edilmiş divardan divarın hündürlüyünün 0.6 hissəsi məsafəsində sökülməsi, tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, anadan olduğu vaxtdan, 1957-ci ildən Şəki rayonu Kiş kəndində yaşayır. Hal-hazırda həmin kənddə özünə məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamaqdadır. Təxminən bir ay əvvəl qonşusu Cavabdeh özünə məxsus fərdi yaşayış evinin yanından altıaçıq (naves) artırmağa başlamışdır. O, görmüşdür ki, həmin tikilini ona məxsus fərdi yaşayış evinə birləşik tikmək istəyir. Etirazını bildirərək ona demişdir ki, həmin tikilinin yağış, qar suları onun evinin düz divarına düşəcəkdir və bu da evinin daxili divarlarının nəmlənməsinə səbəb olacaqdır. Eyni zamanda qonşu divarlar arasında tikinti normalarına görə müəyyən ara məsafəsi saxlanmalıdır. Lakin bu dediklərinə baxmayaraq, Cavabdeh “öz həyətimdir, özüm bilərəm, sən mənə heç nə edə bilməzsən” deyib tikinti işlərinə başlamışdır. Kənd sahə polis əməkdaşına məlumat versə də, o, həmin şəxsi inzibati qaydada cərimə etdiyini və eyni zamanda mülki qaydada məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Bundan sonra cavabdehin bu qanunsuz tikilisinin sökülməsi üçün iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin yeni artırması tikinti normalarına ziddir. Hər hansı bir fövqalədə hal baş verdikdə qonşu tikiliyə ziyan vurması ilə və yanğın zamanı qonşu tikiliyə dərhal keçməsi ilə nəticələnə bilər. Buna görə də sökülməlidir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu, Kiş kəndində onun mülkiyyətində fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Onun mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda İddiaçı məxsus fərdi yaşayış evi mövcuddur. Onun mülkiyyətində olan torpaq sahəsinin qonşusu İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə sərhəddə qonşu divarı mövcudur. Təxminən iki il əvvəl cavabdeh İddiaçı qonşu divarının üzərində fərdi yaşayış evi inşa etmişdir. Bu da Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinə əsasən ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi, həmçinin xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi ilə müəyyən olunur. Lakin cavabdeh İddiaçı fərdi yaşayış evini onun mülkiyyətində olan torpaq sahəsi ilə ona məxsus torpaq sahəsini ayıran qonşu hasarının üzərində inşa edilmişdir. Göründüyü kimi cavabdehə fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinin tələbləri pozulmaqla inşa edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı, ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - 1987-ci il iyul tarixli, 123 invertar nömrəli texniki pasportdan görünür ki, Şəki rayonu Kiş kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. - JN-382F, KOD 40401018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” dən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli, 08 saylı qərarına əsasən Şəki rayonu, Kiş kənd sakinləri İddiaçı Abdulbəkir oğlu, X3, X1, X2 0,03 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2024cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, iddiaçı və cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələrini ayıran sərhəd hasarı üzərində hər hansı bir tikili aşkar edilməmişdir. Belə ki, mübahisə predmeti olan altıaçıq (talvar) tikilisi iş üzrə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin altıaçıq tikilisi ilə iddiaçıya məxsus fərdi yaşayış evinin arxa divarı arasındakı məsafə 0.35 metr-0.52 metr təşkil edir. - xx.xx.2023-cü il tarixli **********04 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə yaradır. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Şəki rayonu, Kiş kəndində 0,03 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ümumi mülkiyyətindədir. Həmçinin, Şəki rayonu, Kiş kəndində ilkin iddiaçı ilə qonşu Cavabdeh mülkiyyətində fərdi yaşayış evi mövcuddur. İlki iddia tələbi üzrə iddiaçı Şəki rayonu, Kiş kəndində inşa edilmiş fərdi yaşayış evindən onun evinin arxasına tərəf yeni tikilmiş altıaçığın (navesin) cavabdehin hesabına sökülməsini tələb edir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı isə İddiaçı məxsus fərdi yaşayış evinin onun mülkiyyətində olan torpaq sahəsinin kənarında inşa edilmiş divardan divarın hündürlüyünün 0.6 hissəsi məsafəsində sökülməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən ekspert qarşısında aydınlaşdırılması üçün hər iki tərəfin mülkiyyətlərində olan torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi, ilk iddia tələbi üzrə cavabdeh tərəfindən inşa edilmiş altıaçıq (navesin) tikinti norma və qaydalarına uyğun olub-olmaması, torpaq sahələrini bir-birindən ayıran hasar üzərinə hər hansı tikinti işlərinin aparılıb-aparılmadığı, aparılmışdırsa həmin tikintinin tikinti norma və qaydalarına uyğun olub-olmadığı barədə suallar qoyulmuşdur. Ekspertin vəsatətinə əsasən tələb edilən mütəxəssis rəyi məhkəməyə təqdim edilməmiş, ekspert tərəfindən mövcud sənədlər əsasında qismən rəy verilmişdir. Ekspert rəyində ilk iddia tələbində sökülməsi xahiş olunan talvar tikilisi ilə fərdi yaşayış evinin arasındakı məsafənin tikinti norma və qaydaları ilə tənzimlənməməsi səbəbindən tədqiqat aparılmadığı, tərəflərin faktiki istifadələrində olan torpaq sahələrini ayıran sərhəd hasarı üzərində hər hansı bir tikili aşkar edilmədiyi, talvar tikilisinin ilk iddia tələbi üzrə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi göstərilmişdir. Məhkəmə, ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirərək əsaslı hesab edir. Həmçinin, məhkəmə tərəfindən mübahisələndirilən ünvana yerli baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, ilk iddis tələbi üzrə mübahisə predmeti olan altıaçıq (talvar) tikilisi ilk iddia tələbi üzrə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin altıaçıq tikilisi ilə ilk iddia tələbi üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin arxa divarı arasında məsafə mövcuddur. İlk iddia tələbi üzrə iddiaçı tərəfindən inşa edilən fərdi yaşayış evi isə tərəflərin də bildirdiklərinə görə uzun illlər bundan əvvəl inşa edilmiş, belə vəziyyətdə uzun illərdir ki, mübahisəsiz qaydada qonşu kimi yaşamışlar. İş materiallarında olan 1987-ci ilə aid texniki pasportdan da göründüyü kimi həmin vaxt ev artıq mövcud olmuşdur. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı “tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, 50 manat ekspertiza xərci ilk iddia tələbi üzrə İddiaçı və ilk iddia tələbi üzrə Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. İlk və qarşılıqlı iddia tələbi üzrə iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları özlərinə aid edilsin. 50 (əlli) manat ekspertiza xərci ilk iddia tələbi üzrə İddiaçı və ilk iddia tələbi üzrə Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar