Məhkəmə qərarları › İş №e-2(075)-359/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-359/2023

23.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-359/2023 23.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində "xxxx" ASC-nin X3 Şəbəkəsi MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 10 oktyabr 2022-ci il tarixli akt əsasında hesablanmış 900,75 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən 27 yanvar 2023-cü il tarixdə İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində "xxxx" ASC-nin X3 Şəbəkəsi MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 10 oktyabr 2022-ci il tarixli akt əsasında hesablanmış 660,59 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı onun qızıdır. Bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanda həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında poçta ödəmişdir. Həmişə sayğac üzrə ödəniş aparılmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndələri 10 oktyabr 2022-ci il tarixdə evinə gələrək onun barəsində akt tərtib edilmişdir. Həmin əməkdaşlar qanunvericilikdə nəzərdə tutulmuş tələbləri pozaraq barəsində belə bir akt tərtib etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “X1 qaydalarının” tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, X1 qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin, həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün İddiaçı evdə olmamağından mükəmməl olaraq istifadə etmişlər. Bundan başqa həmin aktı məişət abonenti kimi o imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin, cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq aktın ləğv sayılması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərmişdir ki, həmin akt yazılarkən iddiaçı evinə verilən elektrik enerjisinin təminatı dayandırılmışdır. İddiaçı bununla bağlı məhkəməyə müraciət etmək üçün müəyyən prosedur hərəkətlər etməli olmuşdur. Həmin prosedur üçün kifayət qədər vaxt lazım olduğuna və bu müddətdə evinə verilən elektrik enerjisi kəsili qalacağına görə həmin akt əsasında qanunsuz yazılmış cəriməni ödəmək məcburiyyətində qalmışdır. Lakin, o, həmin cəriməni ödəsədə, həmin aktla razılaşmır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 16 yanvar 2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış 900.75 manat borcun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki şəhəri, Sülh küçəsində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00485 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları N.Həmidov, C.İlyasov və R.Qarayev tərəfindən Şəki şəhəri, Sülh küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “X1 Qaydalarına uyğun baxış keçirilmişdir. Həmin ünvana smart kart tipli sayğac quraşdırılan zaman sökülən sayğacın alt qapağını açan zaman sayğacın giriş və çıxış xətlərinin şutlandığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydalan"nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R272442 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, R272442 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 240 gün üçün 0.08 manatla 1600 kvt.s (dəyəri 128.00 manat), 0.09 manatla 800 kvt.s (dəyəri 72.00 manat) və 0.13 manatla 3543 kvt.s (dəyəri 460.59 manat) toplamda 660.59 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Bildirmişdir ki, İddiaçı akt tərtib edildikdən sonra hesablanmış məbləğlə razılaşaraq məbləği tam şəkildə "xxxx" ASC-nin hesabına ödəmişdir. İddiaçının hal-hazırda "xxxx" ASC-nin hesabına borcu yoxdur. Ancaq iddiaçı iddiasında mövcud olmayan borcun silinməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində “X1 Qatdalarının 8.33-cü bəndinə istinad etmişdir. Göstərmişdir ki, “X1 Qaydalarının 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir. İddiaçı iddia tələbində silinəcək məbləği 900.75 manat göstərmişdir. Bildirmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixli R272442 saylı akt əsasında 660,59 manat hesabat aparılmışdır. “EElQ”-nın 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla. elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EElQ"-nın 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11 -ci bəndinin tələbinə görə "...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır". Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şəki şəhəri, Sülh küçəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2022-ci il tarixli R272442 saylı akt “EEİQ"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. İddiaçı cavabdeh “Azərişıq" ASC-yə qarşı “akt əsasında hesablanmış 900,75 manat borcun hesabından silinməsi" tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinlədikdən sonra məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00485 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 oktyabr 2022-ci il tarixli, MKT seriaylı 272442 nömrəli aktdan görünür ki, yoxlama zamanı sayğacın giriş və çıxış xətlərinin şuntlandığı aşkar olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 18 oktyabr 2022-ci il tarixli, 272442 nömrəli icra vərəqindən görünür ki, itirilmiş elektrik enerjisinin bərpası üçün hesabat aparılmışdır, itirilmiş elektrik enerjisinin miqdarı 3543 KVT.s müəyyən edilərək onun dəyəri olan 460,59 manat məbləğdə ziyan (3543 m3 x 0.13 man = 460,59 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. “X1 qaydalarının” 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 10 oktyabr 2022-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları N.Həmidov, C.İlyasov və R.Qarayev tərəfindən Şəki şəhəri, Sülh küçəsi ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları aktın tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aktın məzmununda həmin bənddə nəzərdə tutulan pozuntulardan məhz hansının istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Sözügedən fərdi yaşayış evində yaşayan İddiaçı həmin aktın tərtibində iştirak etməsi öz təsdiqini tapmamışdır. Bundan başqa cavabdeh baxış zamanı istehlakçıya məxsus elektrik sayğacının giriş və çıxış xətlərinin şuntlanması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yəni qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları X1 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 10 oktyabr 2022-ci il tarixli, 272442 saylı akt əsasında hesablanmış 660,59 manat məbləğində saxlanılmış borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 216-220 və 360-cı mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 10 oktyabr 2022-ci il tarixli, 272442 saylı akt əsasında hesablanmış 660,59 manat İddiaçı hesabından silinsin. 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar