Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-373/2023 20.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2 və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(075)-1768/2017 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən evdən istifadəyə hüququ əldə etmiş İddiaçı2, İddiaçı1, 10 yanvar 2006-cı il tarixdə anadan olmuş X6 və 23 noyabr 2012-ci il tarixdə anadan olmuş X7 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən evdən istifadəyə olan maneələrin aradan qaldırılması, İddiaçı2, İddiaçı1, 10 yanvar 2006-cı il tarixdə anadan olmuş X4 və 23 noyabr 2012-ci il tarixdə anadan olmuş X5 ünvan 1 ünvanda yerləşən evə köçürülmələri, hüquqi yardımın göstərilməsi ilə bağlı Şəki Regional Vəkil Bürosunun bank hesabına ödədiyi 500 manat pulun, 100.40 manat dövlət rüsmunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, 50 manat məbləğində mediasiya xərcinin isə Cavabdeh1 alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun cavabdehlər X2 və Cavabdeh1 qarşı Şəki şəhəri, Cəlil Hüseynov küçəsi, 35 nömrəli evdən istifadə hüququnun tanınması tələbinə dair iddiası Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(075)-1768/2017 nömrəli qətnaməsi ilə təmin edilmişdir. İllərdir övladları ilə yaşadığı və 2017-ci ildən istifadə hüququ əldə etdiyi evdə yaşayış üçün normal şərait olmadığından 24 mart 2021-ci il tarixdə vəfat etmiş qayınanası X1 da razılığı ilə öz vəsaiti hesabına evdə təmir-tikinti işləri aparmış və mərhum qayınanası ilə birlikdə həmin ünvanda yaşamışdır. 24 mart 2021-ci il tarixdə X3 vəfat etdikdən sonra, yəni 05 sentyabr 2021-ci il tarixdən etibarən cavabdehlər onun və övladlarının evdə olmamasından istifadə edərək istifadə hüququ əldə etdiyi evin qapılarını qıraraq evə daxil olmuş və onları evə buraxmaq istəmirlər. Bu hadisə ilə bağlı aidiyyəti orqanlara şikayət etdikdən sonra qarşı tərəfin ixahatları alınmış və baş vermiş hadisə ilə əlaqədar ədalətin bərpa olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Dəfələrlə cavabdehlərə müraciət etsələr də, onların, məhkəmə qətnaməsi ilə istifadə hüquqları tanınmış evə köçmələrinə maneələr yaratmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan evdə qeydiyyatdadır. 05 sentyabr 2021-ci il tarixdən etibarən cavabdehlər onu evdən zorla çıxarmışlar. Hazırda həmin evdə yaşamırlar. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı2 mübahisəli evdə qeydiyyatdadır. 05 sentyabr 2021-ci ildə cavabdehlər onu evdən çıxararaq, bir daha həmin evə buraxmamışlar. Bununla bağlı polisə müraciət etmişlər. İddiaçı2 digər iki uşağı da hazırda onunla birlikdədirlər. İddiaçı Elşən isə sözügedən evdə böyüyüb. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, evdə hazırda onlar yaşayırlar. İddiaçıların da həmin evə köçürülmələri və onlarla birlikdə yaşamaları mümkün deyildir. Şəfəqin evə gəlməsinə qəti narazıdır. Lakin uşaqların onlarla düşmənçilik etməmək şərti ilə evə gəlib-getmələrinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırda evdə, o və ailəsi yaşayır. Ev kiçik olduğundan iki ailənin yaşaması mümkün deyildir. Uşaqları Uğur və Ətirin gəlib onunla yaşamasına etiraz etmir. Lakin iddiaçıların həmin evə köçürülmələrinə narazıdır. Ona görə də, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı1və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o, Rövşənin əmisinin oğludur. Evdə Rövşənin yaşamasının tərəfdarıdır. Çünki həmin evdə Şəfəq yaşayarkən mütəmadi olaraq aralarında dava-dalaş olurdu. Hazırda evdə Rövşən yaşayır, ona görə də sakitçilikdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, o, Rövşənin əmisinin oğludur. Mübahisəli ev nənəsinin evi olmuşdur. Evdə Şəfəq yaşayarkən onlarla normal davranmamış, aralarında narazılıq olmuş və onların həmin evə gəlib-getməsinə maneə törətmişdir. Hazırda evdə Rövşən və ailəsi yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, Rövşənin əmisinin oğludur. Aynur evə gələndən sonra qohum olaraq bir-birilərinə gediş-gəliş yaranmışdır. Rövşənlə Şəfəq arasında daim münaqişə olurdu. Hazırda isə evdə sakitçilikdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(075)-1768/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı2 Şəki şəhəri, Cəlil Hüseynov küçəsi, 35 nömrəli evdən istifadə hüququnun tanınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 20 oktyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. 50 manat mediasiya xərci İddiaçı2 tərəfindən ödənilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 24 avqust 2001-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 2002-ci il tarixdə Elşən, 10 yanvar 2006-cı il tarixdə Ətir və 23 noyabr 2012-ci il tarixdə Uğur adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri korlandığından nikahları məhkəmə qaydasında pozulmuşdur. Daha sonra Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(075)-1768/2017 saylı qətnaməsi ilə İddiaçı2 Şəki şəhəri, Cəlil Hüseynov küçəsi, 35 nömrəli evdən istifadə hüququnun tanınmış və o, uşaqları ilə birlikdə həmin evə köçmüşdür. İddiaçı uaşqları ilə birlikdə 05 sentyabr 2021-ci il tarixədək mübahisəli evdə yaşamışdır. Lakin qeyd edilən tarixdən etibarən cavabdehlər onu evə buraxmamışlar. Ona görə də iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin Məcəllənin 158.3-ci maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(075)-1768/2017 saylı qətnaməsi ilə İddiaçı2 Şəki şəhəri, Cəlil Hüseynov küçəsi, 35 nömrəli evdən istifadə hüququ tanınmış və o, köçərək qeyd edilən evdə yaşamışdır. Onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüquqlarını həyata keçirməyə cavabdehlər tərəfindən maneə yaradılması qanunvericiliyin tələblərinə qarşı gəlmək və həmin tələblərin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı2 mübahisəli evə istifadə hüququ tanınması həmçinin onun yetkinlik yaşına çatmamış uşaqlarına da şamil olunur. İddiaçı2 mübahisəli evə istifadə hüququ tanınan zaman İddiaçı1 yetkinlik yaşına çatmamış və o, da həmin evdə yaşamışdır. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmış digər İddiaçı1 münasibətdə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 10 yanvar 2006-cı il təvəllüdlü X12 və 23 noyabr 2012-ci il təvəllüdlü X13 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməli və onların həmin evdən istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə hüquqi yardımın göstərilməsi ilə bağlı Şəki Regional Vəkil Bürosunun bank hesabına iddiaçılar tərəfindən ödənilmiş 500 manat, ödənilmiş 100.40 manat dövlət rüsmu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınıb iddiaçılara verilməlidir. 50 manat mediasiya xərci iddiaçıların özünə aid edilsin. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 10 yanvar 2006-cı il təvəllüdlü X12 və 23 noyabr 2012ci il təvəllüdlü X13 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün və onların həmin evdən istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Hüquqi yardımın göstərilməsi ilə bağlı Şəki Regional Vəkil Bürosunun bank hesabına iddiaçılar tərəfindən ödənilmiş 500 manat, ödənilmiş 100.40 manat dövlət rüsmu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınıb iddiaçılara verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-373/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-373/2023
20.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver