Məhkəmə qərarları › İş №e-2(075)-438/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-438/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-438/2024 04.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri, Şəkinski küçəsi 17-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 634.10 (altı yüz otuz dörd manat on qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat, cəmi 1152.50 (bir min bir yüz əlli iki manat əlli qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 31.53 (otuz bir manat əlli üç qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1184.43 (bir min bir yüz səksən dörd manat qırx üç qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Şəki şəhəri, Şəkinski küçəsi 17-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 716.58 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518.40 manat, cəmi 1234.98 əsas borcun, əvvəlcədən ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin İddiaçı etibarnamə üzrə nümayəndəsi Elmar Mikayılov məhkəməyə 04 aprel 2024-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala X2 İdarəsinin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Şəki şəhəri Şəkinski küçəsi 17-də yaşayan Cavabdeh məxsus mənzilində 2360 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabında ödənilməmiş 1152.50 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 634.10 manat hissəsi sayğac göstəricisinə və 518.40 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 634.10 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı ******* nömrəli sayğacın 6305 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 518.40 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olmuş qaz sayğacına müdaxilə edilməklə qanunsuz təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən Cavabdeh istifadəsində olan G4 markalı **********7 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və 3 istismara qəbulu haqqında xx.xx.2023-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə ******* saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2023-ci il tarixli 14-2-2/3-5- 7930/Q001 saylı aktında göstərilmişdir ki, sayğacın gövdəsi iki hissəyə ayrılıb gövdənin alt hissəsi çıxış plastmas borusu və membranı üzərində aşkar edilmədi (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 4 m orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-ninxx.xx.2023-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 4320 m (və ya 518.40 manat) həcmində müəyyən edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, həmişə istifadə etdiyi təbii qazın dəyərini vaxtı-vaxtında ödəmişdir. Maddi imkanı aşağı olduğu üçün istifadə etdiyi təbii qazın dəyərini tam olaraq ödəyə bilməmiş, hesabında 716.58 manat borc yığılmışdır. Həmin borcunu qəbul edir. Hissə-hissə İddiaçı İB-nə ödəyəcəkdir. Bildirmişdir ki, onlar tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunmamışdır. Ünvanına quraşdırılmış qaz sayğacı dəyişdirilmişdir. Bundan sonra da ona cərimə hesablanmışdır. Hesab edir ki, 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində cərimə ona əsassız olaraq hesablanmışdır. İddianı həmin hissədə qəbul etmir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş: 16 oktyabr 2011-ci il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə İddiaçı İB ilə onun arasında təbii qazın alqı-satqısı ilə bağlı müqavilə ağlanmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ünvanında istismarda olmuş “Zenner” tipli, G-4 markalı **********7 nömrəli sayğac çıxarılmış, əvəzində “Zenner” tipli, G-4 markalı, yeni **********6 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir Qaz sayğacının yoxlanılması barədə 10 avqust 2023-cü il tarixli, MSK-14-2-2/3-5- 7930/Q001 nömrəli aktdan görünür ki, sayğacın gövdəsinin iki hissəyə ayrıldığı, gövdənin alt hissəsi, çıxış plastmas borusu və membranı üzərində aşkar olunmadığı müəyyən olunmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 avqust 2023-cü il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı Cavabdehnın yaşadığı Şəki rayonu, Şəkinski küçəsində İddiaçı Zaqatala X2 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacın gövdəsinin iki hissəyə ayrıldığı, gövdənin alt hissəsi, çıxış plastmas borusu və membranı üzərində aşkar olunmadığı” göstərilmişdir. Aktın doğruluğu İddiaçı Zaqatala X2 İdarəsinin əməkdaşları tərəfindən təsdiq edilmiş, sözügedən akt Cavabdeh tərəfindən imza etməkdən imtina edilmişdir İddiaçı İB-nin Zaqatala RQİİ-nin 10 avqust 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı Şəki rayonu, Şəkinski küçəsində yerləşən evində qaz işlədicilərindən G4 markalı qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 4m³ günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 4320 m3 müəyyən edilmişdir. **********00000 saylı abonentin saldosundan görünür ki, Cavabdeh akta əsasən Azəriqaz İB-nə 2023-ci il üçün 518,40 manat borcu vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin 716.58 manat sayğac göstəricisinə əsasən aparılmış hesabat” hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olanqanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi Cavabdeh yaşadığı mənzildə təbii qazdan istifadə etsə də, qaz hesabında yaranmış qaz sərfiyyatı olan 716.58 manat borcu tam şəkildə ödəməmişdir. Odur ki, iddiaçı həmin borcun cavabdehdən alınaraq xeyrinə ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “518.40 manat təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabat” hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materialı ilə hazırkı iş üzrə Cavabdeh hər hansı bir təqsirli hərəkəti olduğu müəyyən edilməmişdir. Belə ki, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın gövdəsinin iki hissəyə ayrıldığı, gövdənin alt hissəsi, çıxış plastmas borusu və membranı üzərində aşkar olunmadığı” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Belə ki, iş materiallarından göründüyü kimi “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, qaz sayğacı çıxarılarkən aktda onun plombunun zədələnmiş olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Məhkəmə hesab edir ki, yoxlama zamanı “sayğacın gövdəsinin iki hissəyə ayrılması, gövdənin alt hissəsi, çıxış plastmas borusu və membranı üzərində aşkar olunmaması” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin və ya üçüncü tərəfin hərəkəti (hərəkətsizliyi) nəticəsində yarana bilər. Sözügedən sayğacın cavabdehin mülkiyyətində olan ərazidə deyil, yol kənarında quraşdırılmış olması hüquq pozuntusunun Cavabdeh və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı cavabdehin təqsirli olmasını şübhə altına alır. Buna görə də iddia tələbi 518.40 manat akt əsasında yaranmış borcun cavabdehdən tutulması hissəsində əsaslı deyildir. Odur ki, iddia qismən təmin edilərək, Cavabdeh 716.58 (yeddi yüz on altı manat əlli səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 0.40 (qırx qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı İB-nin xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 227.1-ci maddələrinin tələblərinə əsasən məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 716.58 (yeddi yüz on altı manat əlli səkkiz qəpik) manat əsas tutularaq İddiaçı İB-nin xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 0.40 (qırx qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı İB-nin xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar