Məhkəmə qərarları › İş №e-2(075)-438/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-438/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-438/2025 15.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcuna görə 1390 (bir min üç yüz doxsan) manat və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) “OCEANRO452 CS” markalı su təmizləmə sisteminin kreditlə satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq "xxxx" şirkətinə məxsus olan və qiyməti 1690 (bir min altı yüz doxsan) manat məbləğində olan “OCEAN RO452 CS” markalı su təmizləmə sistemi Cavabdeh yoxlanılaraq təhvil verilməklə quraşdırılmış və bu barədə xx.xx.2021-ci il tarixli müqavilə, müqaviləyə 1 saylı əlavə tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “OCEAN RO452 CS” markalı su təmizləmə sistemini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin 1-ci bəndinə əsasən ilkin ödəniş 300 (üç yüz) manat, 1 saylı əlavəsinin 1-ci bəndinə göstərilən qaydada 12 ay müddətinə hər ayın 30-dan gec olmayaraq aylıq 115 azn olmaqla ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdehxx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1390 (bir min üç yüz doxsan) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 1390 (bir minüç yüz doxsan) manat təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri xx.xx.2025-ci il tarixdə Cavabdeh etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəki Rayon Məhkəməsi tərəfindən ona ünvanlandırılmış "xxxx" MMC-nin borc tələbi olan bildirişi poçtalyon tərəfindən təhvil almışdır . Lakin həmin iddia tələbi ilə razılaşmır. Belə ki, "xxxx" MMC ilə xx.xx.2021-ci ildə müqavilə bağlamış və bağlanmış müqaviləyə əsasən 1690 (bir min altı yüz doxsan) manat qiyməti olan su filterini 300 (üç yüz) manat ilkin ödəniş etmişəm və 1390 (bir min üç yüz doxsan) manat, məbləği müqaviləyə əsasən aylar əsasında ödəməli idi. Bu hadisədən heç 1 saat keçməmiş oğlu evə gəldikdə həmin su filterinin köhnə olduğu (texniki pasportunda 2016-cı il istehsalı) və qiymətinin maksimum 300 manat civarında olduğunu bildirmişdir. Onların qaynar xətt adı ilə verdikləri əlaqə nömrəsi ilə oğlu əlaqə saxlamış onlar konkret olaraq bu filteri qaytarmayacaqları və pulu geri ödəniş etməyəcəklərini söyləmişlər. Qonşulardan həmin gün onların ünvana gəlmiş "Mercedes Vito" markalı avtomobilin qeydiyyat nömrəsi və rəngi ilə həmin avtomobil oğlu tərəfindən "Xan saray" ətrafında saxlanılmış həmin evə gələnlərin bəzilərinin ad soyadı soruşulmuş, xx.xx.2021-ci ildə axsam saat 10 radələrində niyə kütləvi şəkildə evə gəldikləri və qoca yaşda olan xəstə ata və anasını aldatdıqlarını soruşanda onlar oğlundan X2 "102" qaynar xəttinə şikayət etmişlər. O bu hadisədən sonra Azərbaycan Respublikasının aşağıda göstərdiyi dövlət qurularına şikayət və sorğu etmişdir. 1.Azərbaycan Respublikası Daxili işlər Nazirliyi - 2021-ci ildə karantin vaxtı 4 (dörd) nəfərin icazəsi olub olmadan evləri gəzib aldatmalarından 2. Azərbaycan Respublikası Dövlət Vergi xidmətinə- satdıqları su filterinin vergisini ödəyib ödəməmələri üçün və həmin şirkətin onlara gəlmiş əməkdaşlarınında muzdlu işdən vergi ödəməkləri barəsində. 3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə - işçilərindən biri miqrant olduğu üçün.(Gürcüstan vətəndaşı) 4. Azərbaycan Respublikası Antiinhisar və istehlak bazarına nəzarət xidmətinə - istehlakçı kimi aldığı malı qaytarmaq və ya yeni istehsal olan malla dəyişmək üçün. Bu şikayət və sorğulardan bir neçə gün sonra hardasa 2021-ci ilin mart ayının əvvəli evə özünü həmin şirkətin Qəbələ ofisinin nümayəndəsi kimi özünü təqdim etmiş 1 (bir) nəfər yaxınlaşaraq verdiyi ilkin ödənişi yəni 300 (üç yüz) manatı qaytararaq həmin su filterini götürüb getmişdir. Malı qaytardığından təxminən 3 il 9 ay müddət keçib. Əgər malı qaytarmamışıqsa borcu varsa borcun üstünə müqavilədə nəzərdə tutulmuş dəbbə pulu gəlməyib? niyə indi məhkəməyə müraciət edilir? "Kreditor və borclu "arasında olan müqaviləyə əsasən kreditor son xəbərdarlıq etməklə 90 (doxsan) gün ərzində məhləməyə müraciət etməlidir. Və Azərbaycan Respublikasının mülki məcəlləsinin 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. O, 1-ci Qarabağ müharibəsi veteranıdır 1-ci qrup dializ xəstəsidir. Dövlət tərəfindən diqqət və qayğı göstərilir. Fırıdaqları ilə insanları aldadan ,bütün sosial şəbəkələrdə su filtiri dələduzları kimi tanınan bəzi şəxslərin gülünc iddiasını qanuna uyğun olaraq əsassız hesab edəcəyinizə inanır. Ehtiyac olarsa məhkəmə prosesindədə iştirak etmək istəyir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, "xxxx" MMC-nin işçiləri onların evlərinə gələrək su filteri satmış, lakin həmin məhsullun keyfiyyətindən narazı olduğu üçün həmin su filterini geri qaytarmışdır. Həmin hadisədən hal-hazırda 4 il müddət keçdikdən sonra iddiaçı pul tələbi ilə bağlı onlara məktub göndərmişdir. O bildirir ki, həmin alqı-satqı müqaviləsi atası ilə iddiaçı arasında imzalansa da, məhsulun keyfiyyətindən narazı olduğu üçün məhsulu geri qaytarmışlar. Bütün qeyd etdiklərini nəzərə alaraq məhkəmədən qanuni qətnamə çıxarılmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin əsaslı olduğundan iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin halları İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh dəyəri 1690 manat olan su təmizləmə sistemi satılmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1390 (bir min üç yüz doxsan) manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 76/2024 nömrəli pretenziyadan görünür ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1390 (bir min üç yüz doxsan) manat borca görə əgər ödəniş edilməsə 7 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə cavabdeh arasına bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən su təmizləmə sistemi almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1690 manat olan məişət avadanlığı üçün ümumilikdə 1390 manat borcu yaranmışdır. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malın verilməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Cavabdeh tərəf həm məhkəmə iclasında izahat verərək, həm də məhkəməyə elektron etiraz ərizəsi ünvanlayaraq məhsulun geri qaytarıldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz istinad etdiyi halları sübut etməyə borcludur. Lakin cavabdehin ərizəsi və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında alınmış su təmizləmə sisteminin geri qaytarıldığını bildirsə də bu sübut edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh mal verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" qalıq qalmış borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Cavabdeh iddiaçı ilə arasında olan mülki mübahisədə 3 illik iddia müddətinin ötürülməsi ilə bağlı iddia tələbinin rədd olunmasını bildirsə də, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqaviləyə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdən başlamaqla xx.xx.2022-ci il tarixədək 12 aylıq müddətdə ödəniş etməli olmuşdur. Sonuncu ödəniş müddətindən 3 illik müddət xx.xx.2025-ci il tarixdə bitir. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı həmin 3 illik iddia müddətini ötürmədiyi üçün nisyə alqı-satqı müqaviləsi üzrə borcunu tələb etməkdə əsaslıdır. Beləliklə, qanunvericiliyə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcuna görə 1390 (bir min üç yüz doxsan) manat və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcuna görə 1390 (bir min üç yüz doxsan) manat və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhəri İş № 2(075)-438/2025 xx.xx.2025-ci il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcuna görə 1390 (bir min üç yüz doxsan) manat və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar