Məhkəmə qərarları › İş №e-2(075)-462/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-462/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-462/2024 17.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 2520 (iki min beş yüz iyirmi) manat əsas borc, 500 (beş yüz) manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün 603 (altı yüz üç) manat, cəmi 3623 (üç min altı yüz iyirmi üç) manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 57 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, 18 may 2019-cu il tarixli SF/003-2019 saylı Nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh2 3020 (üç min iyirmi) manat dəyəri olan “MİNSK D4 125” markalı “MOTOSİKL”i nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 500 (beş yüz) manat ilkin ödəniş edərək “MOTOSİKL”i qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 2520 (iki min beş yüz iyirmi) manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdeh Mustafayev X2 müqaviləsinə Əlavə № 1-də (ödəniş cədvəli üzrə) mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, Nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.4 bəndini pozmuşdur. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, Nisyə satış müqavilə obyektini geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh2 ilə müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh1 ilə iddiaçı arasında 18 may 2019-cu il tarixli SF/001-2019 saylı zaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh2 iddiaçıya iddia qaldırılan günə 2520 (iki min beş yüz iyirmi) manat əsas borcu, 500 (beş yüz) manat penya borcu, cəmi 3020 (üç min iyirmi) manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Cavabdeh2 18 may 2019-cu il tarixli SF//003-2019 saylı Nisyə satış müqaviləsi üzrə ödəniş etməmişdir. İddiaçı MMC 2017-ci il tarixdən Nisyə satış üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işgüzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə əsasən Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 2021-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7% (yeddi) müəyyən etmişdir. 2022-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsini 8 % (səkkiz) müəyyən etmişdir. 2023-cü il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 8 % (səkkiz) müəyyən etmişdir. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində: 2021-ci il üçün 176 manat (2520*7%=176 manat), 2022-ci il üçün 201 manat (2520*8%=201 manat), 2023-cü il üçün 226 manat (2520*9%=226 manat), cəmi 603 manat təşkil edir. Bu məbləğ də məhkəmə qaydasında cavabdehdən tutulmalıdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-462/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra İddiaçı MMC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, “Minsk D4 125” markalı motosiklın cavabdehdən alınaraq xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 2020 (iki min iyirmi) manat əsas borc, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün 603 (altı yüz üç) manat, cəmi 3623 (üç min altı yüz iyirmi üç) manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 57 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi elektron qaydada ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 bildirmişdir ki, o, Cavabdeh2 avtomobilini təmir etdirərkən tanımışdır. Anar həmin yerdə usta işləyirdi. Anar özünə motosiklet almaq istəyini və ona zamin durmasını xahiş etmiş və o da razılaşmışdır. Lakin Anar sonra ödənişləri etməkdən yayınmışdır. Təxminən 2022-ci ildə o, Anardan motosikleti alaraq İddiaçı MMC-yə təhvil vermişdir. Qeyd edilənlərə əsasən ona münasibətdə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı MMC (Satıcı) ilə Cavabdeh2 (Alıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli SF/003-2019 saylı “Nisyə alqı-satqı” müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya Təhvil-təslim aktında göstərilən daşınar əmlakı satır, “Alıcı” isə həmin motosikleti qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada motosikletin dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.3-cü bəndində qeyd edilmişdir ki, “Satıcı” bu müqaviləyə əsasən dəyəri 3020 manat olan motosikleti “Alıcı”ya nisyə satmağı, “Alıcı” isə satılmış əşyaya görə 500 manat ilkin ödəniş edərək motosikleti qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş müddəti bitənə qədər nisyə satılmış mal İddiaçı MMC-nin girovu hesab olunur. Borc bitənə qədər həmin mal satıla və ya heç kimə bağışlana bilməz. Ödəniş gecikdirildiyi halda “Satıcı” istənilən vaxt 2.4.2 bəndinə uyğun olaraq girov malı müştəridən geri ala bilər. Müştəri də həmin girov malı şirkətin nümayəndələrinə təhvil verməlidir. - Nisyə satış müqaviləsinin ödəniş cədvəlindən görünür ki, 2520 manat 24 ay müddətində hər ay 105 manat olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməlidir. - Nisyə alqı-satqı müqaviləsinə 2 nömrəli əlavədən görünür ki, dəyəri 3020 manat olan “MİNSK D 4 125” markalı moped Cavabdeh2 təhvil verilmişdir. - İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinin 1.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə “Alıcı”nın “Satıcı” qarşısında müqavilənin 1.3-cü bəndində göstərilən nisyə satış müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün Zamin və Alıcının Satıcı qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, icrası zaminliklə təin olunmuş əsas öhdəlik və onun məzmunu “Satıcı” və “Alıcı” arasında Bakı şəhərində bğlanmış 18 may 2019-cu il tarixli SF/003-2019 saylı nisyə satış müqaviləsi ilə müəyyən olunur. Həmin müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi nisyə satış müqaviləsinin qüvvəy mindiyi gündən qüvvəyə minir və nisyə satış müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən nisyə satış müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və nisyə satış müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin 2520 manat, penya məbləği 500 manat, ümumi borc məbləği 3020 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli 13/22 və 12/22 saylı xəbərdarlıqlardan görünür ki, iddiaçı cavabdehlərə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmişdir. - ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 128 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında “Minsk D4 125” markalı motosikletin nisyə alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən motosikletin qiyməti 3020 manat müəyyən edilmiş, Cavabdeh2 tərəfindən ilkin olaraq 500 manat ödəniş həyata keçirilmiş, qalan məbləği isə xx.xx.2021-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməsi üçün zamin durmuşdur. İddia tələbinin əsas borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi mülki qanunvericiliyə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı alıcı tərəfindən ödəniş icra edilmədiyi təqdirdə ya satılmış malı geri tələb edə bilər, və ya ödənilməli məbləği. İddiaçının nümayəndəsinin məhkəməyə göndərdiyi iddia ərizəsinə əlavədən görünür ki, Cavabdeh2a satılmış motosiklet iddiaçı tərəfindən geri aınmış və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən başqa şəxsə satılmışdır. Belə olan halda iddiaçı tərəfindən motosikletin dəyərinin ödənilməsi barədə iddia tələbini irəli sürülməsi əsasızdır. Mülki Məcəllənin 567-ci maddəsindən də görünür ki, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Yəni satılmış əşya alıcıya təhvil verildiyi andan onun mülkiyyətinə çevrilir. Belə olan halda həm motosikletin geri alınması, həm də pulun tələb edilməsi əsassızdır. Cavabdeh1 pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Zaminlik müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmış, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin təminatı kimi bağlandığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia təmin edilə bilməz. Çünki Cavabdeh1 öhdəliyinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli SFZ/001-2019 saylı zaminlik müqaviləsində onun verilmə müddətinin dəqiq müəyyən edilmədiyini, zaminlik müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtının xx.xx.2021-ci il tarixdə bitdiyini və həmin tarixdən etibarən bir il müddətində iddiaçının zaminə qarşı iddia irəli sürmədiyini (iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur) nəzərə alaraq məhkəmə hesab edir ki, zaminliyə xitam verilmiş və Cavabdeh1 qarşı tələb irəli sürülməsi əsassızdır. Həmin zaminlik müqaviləsinin 3.1-cü bəndində göstərilənlər isə mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin bəndə əsasən bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi nisyə satış müqaviləsinin qüvvəy mindiyi gündən qüvvəyə minir və nisyə satış müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən nisyə satış müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və nisyə satış müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Məhkəmə qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin tətbiqini qeyri-mümkün edir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlanmır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur. Qeyd olunan halları və Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 3.1-ci bəndi Mülki Məcəllənin tələblərinə zidd olduğu üçün etibarsızdır. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün 603 (altı yüz üç) manat” borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən, alqısatqı müqaviləsi üzrə öhdəliyin icrasının başa çatdığı xx.xx.2021-ci il tarixdən, alqı-satqı müqaviləsi üzrə satılmış motosikletin başqa şəxsə satıldığı xx.xx.2022-ci il tarixə qədər olan hissədə iddia tələbi təmin edilməlidir. Mərkəzi Bankın saytından əldə edilmiş məlumatlardan görünür ki, 2021-ci il üzrə faiz uçot dərəcəsi 6.9 faiz, 2022-ci il üzrə faiz uçot dərəcəsi 7.8 faiz olmuşdur. Belə olan halda xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci tarixə qədər olan 7 ay 13 gün üçün 86,21 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan 1 ay 25 gün üçün isə 24.13 manat, cəmi 110,34 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, 110,34 manat Cavabdeh2 110,34 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manatı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 110,34 (bir yüz on manat otuz dörd qəpik) manat faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar