Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-490/2024 13.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində "xxxx" ASC-nin X5 Şəbəkəsi MMC-nin əməkdaşlarının tərtib etdikləri 04 dekabr 2023-cü il tarixli akt əsasında hesablanmış 666,75 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu, Baş Göynük kəndində yaşayır. Yaşadıqları ünvanda həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtıvaxtında poçta ödəmişdir. O həmişə sayğac üzrə ödəniş aparmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndələri 04 dekabr 2023-cü il tarixdə evinə gələrək onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş tələbləri pozaraq akt tərtib etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “X1 qaydalarının” tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, X1 qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin, həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün onun evdə olmamağından mükəmməl olaraq istifadə etmişlər. Bundan başqa həmin aktı məişət abonenti kimi o imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin, cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Göstərdiklərimlə bağlı məcburiyyət qarşısında qalaraq aktın ləğv sayılması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri; Cavabdeh "xxxx" ASC 22 yanvar 2024-cü il tarixdə məhkəməyə elektron etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu, Baş Göynük kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********01095 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları T.Əzizov və V.Cəlilov tərəfindən Şəki rayonu, Baş Göynük kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "X1 Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "X1 Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, NDM034789 saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, NDM034789 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 240 gün üçün 0.08 manatla 1600 kvt.s (dəyəri 128.00 manat), 0.09 manatla 800 kvt.s (dəyəri 72.00 manat) və 0.13 manatla 2035 kvt.s (dəyəri 264.55 manat) toplamda 464.55 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixinə X1yə görə 873.57 manat borcu vardır. İddiaçı iddia tələbində silinəcək məbləği 666.75 manat göstərmişdir. İddiaçıya qeyd olunan akt əsasında 464.55 manat hesabat aparılmış, yerdə qalan 202.20 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Həmçinin iddiaçının "abunə haqqında" məlumatına nəzər saldıqda açıq aşkar görünür ki, abonentin həmin ünvanda yaşamaqla elektrik enerjisindən mütəmadi istifadə etmiş, lakin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il taxinədək 115 gün üçün sərfiyyatı olmamışdır. Bu da onu deməyə əsas verir ki İddiaçı kənar xətt vasitəsi ilə şəbəkəyə bir başa qoşularaq X1 etmişdir. Qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, iddiaçı X2 məxsus Şəki rayonu Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM034789 saylı akt "EEİQ"-nın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “akt əsasına hesablanmış 666.75 manat borcun hesabında silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmişlər. Lakin İddiaçı oğlu 26 dekabr 2023-cü il tarixdə məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş; 04 dekabr 2023-cü il tarixli, NDM 034789 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, EEİQ-na uyğun quraşdırılmış enerji uçot dəstinə baxış keçirən zaman, abonentin kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********01095 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. "xxxx" ASC-nin 05 dekabr 2023-cü il taixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komponentlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair icra vərəqəsindən görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********01095 saylı kod altında 464.55 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə edərək kənar xətdən istifadə etdiyi qeyd edilən sayğac mənzildən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür. Bundan başqa "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdiyi aktda iddiaçının kənar xətdən istifadə etdiyi göstərilsə də, Nazirlər Kabinetinin qərarına əsasən “X1 Qaydaları”-nda da qeyd edildiyi kimi İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qeyd edilən pozuntunun mövcud olması ilə bağlı "xxxx" ASC tərəfindən hər hansı bir foto və ya video çəkliş məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçı tərəfindən sayğacdan kənar xətdən istifadə edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Qeyd olunan iş üzrə sübutetmə yükü "xxxx" ASC-nin üzərinə düşür. Buna baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir. Məhkəmə «X1 qaydaları»nın 7.11-ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********01095 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı elektrik sayğacına kənar xəttdən istifadə etməsi ilə bağlı cavabdeh "xxxx" ASC-nin “Şimal-Qərb” X3 və Satışı İdarəsinin nümayəndəsinin etiraz ərizəsində göstərdikləri əsaslı deyil. Göründüyü kimi, İddiaçı kənar xəttdən istifadə etməsi ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacda kənar xətdən istifadə nətyicəsində **********01095 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı 1600 kvts x 0,08 manat, 800 kvts x 0,09 manat, 2035 kvts x 0,13 manat, enerji istehlak etmiş və ona cəmi 464.55 manat borc hesablanmışdır. Məhkəmə baxışı zamanı İddiaçı 04 dekabr 2023-cü il tarixli, 034789 nömrəli akt əsasında hesablanmış 464.55 manat borcun deyil 666,75 manat borcun hesabından silinməsini xahiş edir. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə isə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, akt tərtib edikdikdən sonra sayğacdan kənar işlədicilərin olması əsası ilə 464.55 manat borc hesablanmış, qalan məbləğlər isə enerji sərfiyyatı üçün hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən akt əsasında hesablanmış 464.55 manat borc silinməlidir, enerji sərfiyyatına görə hesablanmış borcun silinməsi üçün isə əsaslar yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 04 dekabr 2023-cü il tarixli, NDM 034789 nömrəli akt əsasında **********01095 saylı abonent kod hesabında qeydə alınmış 464.55 (dörd yüz altmış dörd manat əlli beş qəpik) manat borc İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 04 dekabr 2023-cü il tarixli, NDM 034789 nömrəli akt əsasında **********01095 saylı abonent kod hesabında qeydə alınmış 464.55 (dörd yüz altmış dörd manat əlli beş qəpik) manat borc İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-490/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-490/2024
13.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver