Məhkəmə qərarları › İş №e-2(075)-531/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-531/2025

22.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-531/2025 22.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 miras qalmış “Mercedez-Benz” Vito 220 markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobildən iddiaçıların 1/2 payının 1/2hissənin, qalan 1/2 paydan hər birinə 1/3 hissə olmaqla ümumilikdə 2/3 hissədə payı müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum ataları X8 ilə mərhum anaları X5 xx.xx.1981-ci il tarixdə ailə qurmuşlar. Anası xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra atası Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. Atası xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mərhum valideynlərinin sağlığında yəni birgə nikah dövründə atası “X10 220” markalı 90–RD-450 dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsi almışdır. Anası vəfatından sonra onlar ataları ilə yaşamışlar. Sözügedən mirasın anasından qalan hissəsini faktiki qəbul edərək sahiblik və istfadə etmişlər. Həmçinin münasibətləri yaxşı olduğu üçün həmin vaxt məkəməyə müraciət etməyə zərurət görməmişlər. Atasının vəfatından sonra məxsus olan “Mercedes Vito 220” markalı 90–RD-450 dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şəki Regional ”Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etmişlər. Lakin notariat ofisinin notariusu Əli Hacıyev tərəfindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuş və bu barədə xx.xx.2024-cü tarixli qərar qəbul edilmişdir. Qərarda vərəsələrin mirasın bölgüsü ilə bağlı razılaşmadığı və aralarında mübahisə olduğu üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Hesab edir ki, notariat kontoru da öz növbəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, mərhum həyat yoldaşının 3 vərəsəsi vardır: özü Cavabdeh1 və ərinin birinci nikahından olan oğulları İddiaçı2 və İddiaçı1. O, mərhum ərizndən qalan miras əmlaka dair payların ədalətli şəkildə bölünməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi məhkəməyə məktubla müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cüil tarixli arayışdan görünür ki, X8 ilə X5 xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx xxx 1988-cii ldə Bakı şəhərində anadan olmuşdur, atası X8, anası X2. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 noyabr 1990-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur, atası X8, anası X2. 5 saylı Bakı Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X10 220” markalı 90–RD-450 dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X6r. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin vəkil soğrusuna cavab olaraq təqdim etdiyi 07 mart 2025-ci il tarixli 625 saylı məktubdan görünür ki, xx.xx.1949-cu il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan X4 adına xx.xx.2012-ci il tarixdə “X10 220” markalı 90–RD-450 dövlət nömrə qeydiyyat nişanlı minik avtomobili qeydiyyata alınmış və hal-hazırda da qeydiyyatdadır. Şəki regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2019-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X1 21 oktyabr 2019-cu il tarixdə nikahlarını bağlamışlar, nikaha daxil olduqdan sonra arvada “Hidayətova” soyadı verilmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 17 noyabr 2024-cü il tarixli 256 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X4 adına vərəsəlik işi açılmış, ancaq onun vərəsəsinə vərəsəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı1 və İddiaçı2 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasına imtina edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Məhkəmənin mövqeyi; Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 mərhum X4 ölümündən sonra miras əmlaka yiyələnməsi işin mübahisəsiz halı olduğundan onlar, mirası faktiki olaraq qəbul etmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 ilə X5 xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahlarından İddiaçı2 və İddiaçı1 anadan olmuşdur. “X10 220” markalı 90–RD-450 dövlət nömrə qeydiyyat nişanlı minik avtomobili onarın birgə nikah dövründə X4 adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X8 ilə Cavabdeh1 21 oktyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, miras əmlak iddiaçıların mərhum valideynlərinin birgə nikahda olduqları dövrdə əldə edildiyi üçün həmin əmlak üzərində hər iki valideyninin payları bərabər olmuş, iddiaçılar analarından qalmış hissəyə vərəsə olmuşlar, beləliklə də analarının payına münasibətdə iddiaçıların və atalarının hər birinin ayrı-ayrılıqda 1/6 hissədə payları olmuş, atalarının öz payı isə 1/2 hissədə olmuşdur. X8 vəfat etdikdən sonra əmlakın qalan 2/3 hissəsi isə onun vərəsələri olan İddiaçı2, İddiaçı1, Cavabdeh1 bərabər olmaqla 2/9 hissədə müəyyən edilməlidir. (2/3:3=2/9). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, miras qalmış “Mercedez-Benz Vito” 220 markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobildən iddiaçıların hər birinə ayrı-ayrılıqda 7/18 hissədə, cavabdehin isə 2/9 hissədə pay müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Mercedez-Benz Vito 220” markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobilə iddiaçılar İddiaçı2 7/18 hissədə, İddiaçı1 7/18 hissədə, Cavabdeh1 2/9 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar