Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-540/2024 14.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AN:195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Baqqal kəndində ona fərdi yaşayış evi tikmək üçün Şəki Rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 06 saylı qərarı ilə 1258.53 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpağa dair ona AN 195501 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədi işlənib verilmişdir. Bundan əlavə ona ayrılan torpaq sahəsinə bitişik ərazidə 12 sot torpaq sahəsi zəbtində olduğundan həmin torpaq sahəsi zəbt olaraq onun istifadəsinə verilmişdir. O, zəbtində olan bu torpaq sahəsini islahat vaxtından istifadə edir. Lakin torpaq sahəsinə hazıradək sənəd verilməmişdir. Şəki rayon İkinci Biləcik kənd sakini Cavabdeh2 onun zəbtində olan torpaq sahəsinin onun olduğunu iddia edərək ona qarşı məhkəmədə iddia qaldırmışdır. İddiasının əsası olaraq da ona verilən 17 avqust 2009-cu il tarixli, AN № 195500 torpaq sahəsinin planı və ölçüsü sənədini əsas gətirir. Halbuki, həmin torpaq sahəsi hələ islahatdan qabaq onun istifadəsində olmuş və hazırda da 195500 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsi “X1 Uçotu informasiya Sistemi” proqramında onun istifadəsində olması uçota alınmışdır. Həmçinin, işin faktiki hallarından da göründüyü kimi Cavabdeh2 əslən Şəki rayonu İkinci Biləcik kəndindəndir və ona torpaq islahatı zamanı torpaq verilən zaman onların kənddən, yəni Şəki rayonu Baqqal kəndinin ərazisindən torpaq sahəsi verilə bilməzdi. Həmçinin göründüyü kimi mübahisələndirdiyi 17 avqust 2009-cu il tarixli, AN № 195500 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi 2009-cu ildə verilmişdir ki, həmin vaxtı artıq X3 mövcud deyildi. Belə ki, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin 226 nömrəli fərmanı ilə X3 ləğv edilmişdir. Necə ola bilər ki, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin 226 nömrəli fərmanı ilə ləğv olunmuş qurum 2009-cu ildə 17 avqust 2009-cu il tarixli, AN № 195500 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi vermişdir. Axı həmin qurum artıq beş il idi ki, ləğv edilmişdi. Həmin sənədin tarixindən də görünür ki, 17 avqust 2009-cu il tarixli, AN № 195500 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tamamilə saxtadır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfindən artıq belə bir iddia ərizəsi ilə inzibati icraat çərçivəsində iddia qaldırılmış, həmin iddia təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin qərarından verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. İddiaçının bu iddialar qaldırmasında məqsəd Cavabdeh2 tərəfindən mülkiyyətində olan torpaq sahəsinin sənədləşdirilməsini gecikdirməkdir. Belə ki, Cavabdeh2 tərəfindən hazırkı iddiaçıya qarşı maneələrin aradan qaldırılmaqla torpaq sahəsinin ölçülərək ona təhvil verilməsi barədə Şəki Rayon Məhkəməsinin qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və həmin işin icraatı hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi səbəbindən dayandırılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 3.1-ci bəndində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin qərarın 4-cü bəndində qeyd edilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İddia tələbindən görünür ki, hazırda mübahisələndirilən AN:195500 saylı xx.xx.2009cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədi” inzibati orqan tərəfindən verilmişdir, mübahisə inzibati orqanın ümumi publik hüqunun nizama salma predmetinə aiddir. Bu səbəbdən də hazırkı iddia tələbinə mülki icraat qaydasında baxıla bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, istifadəsində olan torpaq sahəsinin üzərində işlənmiş AN: 195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən iş üzrə X5, X2 və Cavabdeh2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1155/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(107)-204/2023 saylı qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(102)-1540/2023 saylı qərarı ilə müvafiq olaraq, verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1155/2022 saylı qərarında qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi A195501 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən başqa iddiaçının adına qonşu torpaq sahəsi ilə bağlı hər hansı sənəd tərtib edilməmişdir. İddiaçının faktiki istifadələrində olan torpaq sahəsinə dair hər hansı sənədi olmadığından, mübahisələndirilən A195500 nömrəli plan-ölçü sənədinin iddiaçıya məxsus A195501 nömrəli plan-ölçü sənədi ilə üst-üstə düşüb-düşməməsinin öyrənilməsi məqsədilə cavabdeh orqana sorğu verilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş mütəxəssis rəyində A195501 və A195500 nömrəli plan-ölçü sənədlərində göstərilən kooordinatlarda qeyd olunan torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyi bildirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hər hansı hüquq müəyyənedici sənəd olmadan A195500 nömrəli plan-ölçü sənədi ilə üçüncü şəxsin istifadəsində olan torpaq sahəsindən iddiaçının faktiki istifadə və sahiblik etməsi onun tərəfindən həmin torpaq sahəsinin zəbt olunması deməkdir (iddiaçı özü də bunu etiraf edir). Yəni, iddiaçı 195501 nömrəli plan-ölçü sənədi ilə istifadəsində olan torpaq sahəsi ilə bərabər, ona ayrılmamış qonşu torpaq sahəsini də, faktiki olaraq zəbt edərək istifadə və sahiblik edir. Yəni iddiaçının hazırkı iddia tələbi ilə mübahisələndirdiyi A195500 nömrəli plan-ölçü sənədinin qanuniliyinə məhkəmə tərəfindən qiymət verilmişdir. Bundan başqa iş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075)-22/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki şəhər Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparılması ilə bağlı iddiaçı Cavabdeh2 mülkiyyətinə yaradılmış maneələrin aradan qaldırılmaqla istifadəsində olan torpaq sahəsinin ölçülərək iddiaçıya təhvil verilməsi qət edilmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, hazırkı iddia tələbi ilə inzibati icraat çərçivəsində iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə inzibati icraat çərçivəsində iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-540/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-540/2024
14.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver