Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-547/2023 19.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat kompensasiya ödənilməklə Cavabdeh uşaqları - 09 aprel 2003-cü il təvəllüdlü X9, 03 may 2007-ci il təvəllüdlü X11 və 10 sentyabr 2009-cu il təvəllüdlü X6 və əmlakları ilə birlikdə xx.xx.2021-cu il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 2 (keçmiş adı: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, onun həmin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin artırılması barədə ərizə göndərərək, 8000 manat kompensasiya ödənilməklə Cavabdeh uşaqları - 09 aprel 2003-cü il təvəllüdlü X9, 03 may 2007-ci il təvəllüdlü X11 və 10 sentyabr 2009-cu il təvəllüdlü X6 və əmlakları ilə birlikdə xx.xx.2021-cu il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 2 (keçmiş adı: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, onun həmin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin ev daha əvvəl atası X3 mülkiyyətində olmuş, 30 mart 2021-ci il tarixli bağışlama müqviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Evdə o, ailə üzvləri ilə birlikdə qardaşının həyat yoldaşı Cavabdeh və uşaqları-09 aprel 2003-cü il təvəllüdlü X9, 03 may 2007-ci il təvəllüdlü X11və 10 sentyabr 2009-cu il təvəllüdlü X6 da yaşayırlar. Cavabdeh qardaşı öldükdən sonra uşaqları ilə birlikdə Şəki Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(075)-318/2019 saylı qətnamə əsasında əvvəlcə atasının mülkiyyətində olub, hazırda onun mülkiyyətində olan evə köçürülmüşdür. Cavabdeh, uşaqları ilə birlikdə ona məxsus evə köçürülmə hüququ əldə etsə də, həmin evdə yaşamır. Evin otaqları cavabdehə məxsus əşyalarla məşğul edildiyi üçün onlar ölərinə məxsus evdən istədikləri kimi istifadə edə bilmirlər. Əgər cavabdehə məxsus olan əşyalar gələcəkdə hər hansı bir zədə alsa bu onları cavabdeh qarşısında borclu edəcəkdir. Cavabdehin hərəkətindən də göründüyü kimi, onlarla birlikdə yaşamaq fikri yoxdur. Əgər elə bir fikri olmuş olsaydı, mübahisə predmenti olan ev ola-ola kirayə evlərdə yaşamazdı. O, ondan evdən çıxmasının qarşılığı olaraq 2 otaqlı ev tələb edir. Bu da onun imkanları xaricindədir. Onun cavabdehə heç cür 2 otaqlı ev almaq imkanı yoxdur. Bütün bunlar cavabdehin planlı şəkildə ona məxsus evdən çıxmadığını sübut edir. Evdən çıxmasının qarşılığı olaraq dəfələrlə ona pul təklif etsə də, o heç bir razılığa gəlməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, cavadbeh onun qardaşının keçmiş həyat yoldaşıdır. Onların ailə münasibətləri 2017-ci il tarixdən pozulmuşdur. Mübahisələndirilən ev onun mülkiyyətindədir. Cavabdeh qardaşı öldükdən sonra uşaqları ilə birlikdə Şəki Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(075)-318/2019 saylı qətnamə əsasında hazırda onun mülkiyyətində olan evə köçürülmüşdür. Cavabdeh halhazırda uşaqlarə ilə birlikdə Ağdaş rayonunda yaşayır. O mediasiyaya müraciət etsə də, cavabehlə aralarında hər-hansı bir razılıq əldə olunmamışdır. Cavabdeh ondan 15-20 min manat məbləğində komensasiya tələb etmişdir. Lakin onun həmin məbləği verməyə maddi imkanı yoxdur. Məhkəmədən iddianın təmin olumasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabeh Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Etiraz ərizəsi göndədərək bildirmişdir ki, iddia ərizəsini qəbul etmir və iddiaçının ona və uşaqlarına qarşı belə bir tələblə məhkəməyə müraciət etməyə heç bir hüquqi əsasları olmadığından, iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. O, iş üzrə İddiaçı mərhum qardaşı X10 ilə 2001-ci ildə el adəti ilə toy etməklə faktiki nikah münasibətlərinə görərək ailə qurmuşdur. Mərhumla evləndikdən sonra o özünə məxsus cehiz əşyalarını və digər əmlakını hazırda iddiaçının mülkiyyətində olan, lakin gəlin köçən zaman onun mərhum babası Kənan Hacıyevin və digər ailə üzvlərinin istifadəsində olmuşdur. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yerləşdirməklə həmin evə gəlin köçmüşdür. Həmin evə köçrüldükdən bir neçə aydan sonra həmin evə qeydiyyata alınmış və bu gün də uşaqları ilə birlikdə həmin yaşayış evində qeydiyyatdadır. O zaman həmin evdə yaşayan iddiaçının ailə üzvləri onu qeyd-şərtsiz ailə üzvü kimi qəbul etmiş və əri Rüstəm Hacıyev vəfat edənədək evdə yaşamışdır. Uşaqların hər üçü həmin evdə anadan olmuşdur. Əri vəfat edəndən sonra iddiaçı və onun valideynləri onu və uşaqlarını həmin yaşayış evinə buraxmamışlar. Həmin vaxtlar dəfələrlə həmin evə köçməyə təşəbbüs göstərsə də, iddiaçı və ailə üzvləri onu üç uşağı ilə birlikdə həmin evə buraxmamışlar. Bununla da hazırki iş üzrə iddiaçı və onun digər ailə üzvləri, valideynləri onun üç nəfər uşaqları ilə birlikdə mübahisəli yaşayış evindən istifadə etməyini qanuna zidd olaraq faktiki mümkünsüz etmişlər. Hazırki iddia üzrə iddiaçı və onun valideynləri əri X10 10 oktyabr 2016-cı il tarixdə vəfat edəndən sonra onu üç nəfər azyaşlı uşaqları ilə birlikdə həmin evdən məcburi qaydada çıxardıqlarından o məcbur olub Ağdaş şəhərində yaşayan valideynlərinin yanına qayıtmışdır. Uşaqlarını bir təhər orta məktəblərdə təhsillərini davam etdirmək üçün tam orta məktəbə yerləşdirmişdir. Özü orta ixtisaslı müsiqi müəlliməsi olduğuna görə ali orqanlara müraciətlərindən sonra Ağdaş Musiqi məktəbinə ixtisası üzrə işə qəbul olunmuşdur. Uşaqlarının hər üçü də Ağdaş, Göyçay və Yevlax rayonlarında fəaliyyət göstərən musiqi məktəblərinə qəbul olunmuş və hazırda digər cavabdeh olan qızı X9 Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində, digərləri isə digər musiqi məktəblərində musiqi təhsili alırlar. Mərhum ərinin ölümündən sonra iddiaçı və onun valideynləri övladları onların faktiki ailə üzvləri olmasına baxmayaraq və buna borclu olduqları halda, uşaqlarla maraqlanmamışlar, onların saxlanılması və təhsilləri ilə bağlı ona heç bir maddi və mənəvi yardım etməmişlər. Əksinə iddiaçının atası İftixar Hacıyev 27 oktyabr 2018-ci ildə fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldırmışdır. Bundan sonra onu üç nəfər uşaqları və əmlakı ilə birlikdə mübahisəli yaşayış evindən çıxarılmağıına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu barədə məlumatı olandan sonra o X7 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları - 09 aprel 2003-cü il təvəllüdlü X9, 03 may 2007-ci il təvəllüdlü X11 və 10 sentyabr 2009-cu il təvəllüdlü X6 ilə birlikdə 27 oktyabr 2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(075)-3 18/2019 saylıqətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, onun uşaqları - 09 aprel 2003-cü il təvəllüdlü X9, 03 may 2007-ci il təvəllüdlü X11 və 10 sentyabr 2009-cu il təvəllüdlü X6 ilə birlikdə 27 oktyabr 2008-ci il tarixli. MH seriyalı. ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İlkin iddia üzrə iddiaçı X12 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Ciddi karantin rejimi olduğundan, özü uzun çətinlikdən sonra işə qəbul olunduğundan, uşaqları isə müxtəlif musiqi məktəblərində təhsil aldıqlarına görə, eləcə də həmin evə köçürülmə ilə bağlı Şəki İcra və probasiya şöbəsi tərəfindən həmin evə köçürülmədiyindən, həmin mübahisəli evə köçərək orada yaşamır. İş materiallarına əlavə olunmuş sənədlərdən məlum olmuşdur ki, mübahisəli yaşayış evi 25 may 2021-ci ildə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alındıqdan sonra o 2022-ci ildə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində ilk öncə iddiaçının anası ilk dəfə olaraq onunla telefon əlaqəsi saxlamış, həmin evdən çıxmağı müqabilində ona əvvəlcə 5000 manat, bununla razı olmadığına görə sonradan 8000 manat pul təklif etmişdir. O həmin məbləğə üç nəfər uşaqları ilə birlikdə yaşamaq üçün başqa yaşayış sahəsi əldə etməyinin mümkün olmadığını onun nəzərinə çatdırandan sonra o bir daha onunla əlaqə saxlamamışdır. Bundan sonra mediasiya tərəfindən təkrar ona zəng edərək həmin evdən çıxmağının müqabilində konkret nə qədər pul tələb etdiyini ondan soruşanda o hələ həmin vaxt Şəki şəhərində yaşayış evinin yerləşdiyi ərazidə kriayə haqqının 200-250 manat, bir otaqlı yaşayış evinin 35-40 min manat civarında olduğunu, hazırki iş üzrə iddiaçı və ya onun ailə üzvləri tərəfindən ona təklif olunan pulla heç bir yaşayış sahəsinin əldə edilməsinin mümkün olmamasını həmin şəxsin nəzərinə çatdıranda o ona bildirmişdir ki, məbləği 10000 manat məbləğində müəyyən edilməsinə çalışar. Göründüyü kimi iddiaçı tərəf onun üç nəfər uşaqları ilə birlikdə onun təklif etdiyi məbləğə heç bir yaşayış sahəsi əldə edə bilməyəcəyini, həmin məbləğə hazırki dövrdə yalnız iki ilə yaxın kirayə yaşayış sahəsi əldə etməyinin mümkün olacağını bilsə də, özünün doğma qardaşının yadigarları olan uşaqların yaşayış sahəsi ilə təmin olunması üçün bacardıqları yardımı etmək əvəzinə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün 5000 manat kompensasiya verməklə ailə üzvləri hesab edilən uşaqlarına, eləcə də ona qarşı ədalətsiz və qərəzli mövqe nümayiş etdirir ki, bütün bunlar da yolverilməzdir. Əldə etdiyi məlumatlara görə Şəki şəhərində yaşayış evinin yerləşdiyi ərazidə krayə haqqı 250-350 manat, bir otaqlı yaşayış evinin qiyməti isə 40-50 min manat civarındadır. İddiaçının təklif etdiyi məbləğə mübahisəli yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını təmin etmək üçün o yaşayış sahəsi ilə eyni şəraitdə olan yaşayış evində (mənzildə) yalnız 2 ilə yaxın müddətə yaşamaq imkanına malik olacaqlar. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Şəki şəhəri, X20 prospekti, dalan 2, ev 6 (yeni qaydalarla-Şəki şəhəri, X20 prospekti, ev 376) yerləşən ümumi sahəsi 176 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı və X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, X20 prospekti, dalan 2-də mülkiyyətində olan 0.3338 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 73.24 kv.m yaşayış, 104.41 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrindən 9 nömrəli reyestr kitabının 138 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 30 mart 2021-ci il tarixli Daşınmaz əmlakən bağışlanma müqaviləsindən görünür ki,X12 ƏMDK-nin yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə ona verilmiş **********74-10301 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 177.65 kv.m, 4 otaqlı fərdi yaşayış evini və 0.0338 ha torpaq sahəsini oğlu İddiaçı İftoxar oğluna bağışlamışdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(075)- 318/2019 saylı qətnaməsindən görünür ki, X3 Cavabdeh qarşı “Cavabdeh onun mülkiyyətində olan Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair iddiasının təmin edilməməsii, qarşılıqlı iddia təmin edilərək Cavabdeh uşaqları- 09 aprel 2003-cü il təvəllüdlü X9, 03 may 2007-ci il təvəllüdlü X11 və 10 sentyabr 2009-cu il təvəllüdlü X8 ilə birlikdə 27 oktyabr 2008-ci il tarixli, MH seriyalı, 009381 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə köcürülmələri qət edilmişdir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 30 iyul 2022-ci il tarixli, MŞŞ/1/-00065 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiyasında iştirak etmiş, mediasiya xərci olan 50 manat tərəfindən ödənilmişdir. İş materiallarında olan Şəki şəhər “Calğalı-bulaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli, 114 nömrəli arayışdan görünür ki, Cavabdeh uşaqları-09 aprel 2003-cü il təvəllüdlü X9, 03 may 2007-ci il təvəllüdlü X11 və 10 sentyabr 2009-cu il təvəllüdlü X8 ilə birlikdə 20 may 2017-ci il tarixdən Şəki şəhəri, M.F.Axundov prospekti 2/6 saylı evdə yaşayırlar. İş materiallarında olan X4 tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli qiymətləndirmə haqqında arayışdan görünür ki, İddiaçı məxsus Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6-da, 0.0338 ha torpaq sahəsində yerləşən, təmirsiz fərdi yaşayış evinin orta bazar qiyməti 42.000 (qırx iki min) manat təşkil edir. İş materiallarında olan X4 tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli icarə haqqında qiymətləndirmə arayışından görünür ki, İddiaçı məxsus Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6-da, 0.0338 ha torpaq sahəsində yerləşən, təmirsiz fərdi yaşayış evinin aylıq kirayə haqqı 200 (iki yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh iddiaçının mərhum qardaşı ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından Nəzrin, Selin və İftixar adlı uşaqları doğulmuşdur. İddiaçının qardaşı 2017-ci ildə vəfat etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Cavabdeh və uşaqlarının mübahisəli evə köçürülməsi qət edilmişdir. Lakin, hazırda cavabdehlər həmin evdə yaşamırlar. İddiaçı da evin otaqlarının cavabdehə məxsus əşyalarla məşğul edildiyindən və öz evindən istədiyi kimi istifadə edə bilməməsi səbəbindən cavabdehin yaşayış sahəsindən olan istifadə hüquqlarına kompensasiya verilmək yolu ilə xitam verilməsini istəyir. İddiaçı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehə 8000 manat kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğ cavabdehin Şəki şəhəri, M.F.Axundov prospekti, 376 nömrəli evə olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Mübahisəli evin orta bazar qiyməti 42000 min manatdır, belə olan halda həmin mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün 8000 manat kompensasiya məbləği ədalətlidir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, Cavabdeh isə mübahisəli evdə istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehin istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin (iddiaçının) iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının həmin evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdehə veriləcək kompensasiyanın məbləğini müəyyən etmişdir və həmin məbləğ (kompensasiya) hazırki bazar qiymətinə uyğundur. Həmçinin cavabdehə təklif edilən 8000 manat məbləği həmin cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. Yuxarıda qeyd olunan arayışa əsasən məhkəmə hesab edir ki, Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6-da, 0.0338 ha torpaq sahəsində yerləşən, təmirsiz fərdi yaşayış evinin aylıq kirayə haqqı orta hesabla 200 (iki yüz) manat götürülsə, təklif olunan kompensasiya məbləği cavabdehlərə birlikdə təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olmayacaqdır. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehin başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Şəki şəhəri, X20 küçəsi, ev 376 ünvanında yerləşən fərdi yaşayış evindən 8000 (səkkiz min) manat kompensasiya verilməklə Cavabdeh, X2, X5 və X1 istifadələrinə xitam verilməklə həmin evdən çıxarılmalıdırlar. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Şəki şəhəri, X20 küçəsi, ev 376 ünvanında yerləşən fərdi yaşayış evindən 8000 (səkkiz min) manat kompensasiya verilməklə Cavabdeh, X2, X5 və X1 istifadələrinə xitam verilməklə həmin evdən çıxarılsınlar. Qətnamə kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-547/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-547/2023
19.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver