Məhkəmə qərarları › İş №e-2(075)-604/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-604/2025

30.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-604/2025 30.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi, İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik sayğacının nasazlığı səbəbindən 11 dekabr 2024-cü il tarixdən 08 yanvar 2025-ci il tarixədək olan müddət ərzində sərf edilmiş 2005 kvt elektrik enerjisinin dəyəri olan 246.65 manat borcun onun **********06300 nömrəli abonent hesabından silinməsi və nasaz sayğacın dəyişdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərilə birlikdə ünvan 1 ünvanında yaşayır, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bazasında isə həmin ünvan, ünvan 2ğılarının həll edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış elektrik enerjisi ilə təmin edilməyi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən elektrik enerjisi ilə təmin edilmişdir. Vaxtlı-vaxtında, yəni hər ayın əvvəli X4 nəzarətçisi tərəfindən sayğaca baxış keçirildikdən sonra ona təqdim edilmiş bildirişə uyğun olaraq sərf etdiyi elektrik enerjisinə görə göstərilən məbləği cavabdeh orqanın hesabına ödəmişdir. Bu müddət ərzində cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğacdan kənar hər hansı formada X1 faktı müəyyən edilməmişdir. X3 əldə etdiyi abonentin saldosundan da göründüyü kimi 2015-ci ildən 2024-cü ilin dekabr ayınadək onun ünvanında elektrik enerjisinin sərfiyyatı ay ərzində 50-140 kilovat/saat-dan artıq olmamışdır. Eyni zamanda həmin saldodan görünür ki, istifadə etdiyi elektrik enerjisinin dəyəri demək olar ki, əsasən növbəti aya keçmədən vaxtında ödənilmişdir. 11 dekabr 2024-cü il tarixdə X4 nəzarətçisi tərəfindən təqdim edilmiş bildirişdə sayğacın əvvəlki göstəricisinin 7335 kvt, son göstəricisinin isə 7447 kvt olduğu, əvvəlki ayın borcu ilə birlikdə ödənilməli olan məbləğin 19,12 manat olduğu qeyd edilmişdir. O da həmin bildiriş əsasında 15 dekabr 2024-cü il tarixdə "xxxx" ASC-nin hesabına 20 manat ödəniş etmişdir. Göründüyü kimi 15 dekabr 2024-cü il tarixədək onun "xxxx" ASC-yə ödənilməmiş elektrik enerjisi borcu qalmamışdır. Bundan sonra X4 nəzarətçisi tərəfindən 08 yanvar 2025-ci il tarixdə təqdim edilmiş bildirişdə həmin tarixə onun elektrik enerjisi borcunun 246,65 manat olduğu qeyd edilmişdir. Həmin bildirişə əsasən 11 dekabr 2024-cü il tarixdən 08 yanvar 2025-ci il tarixədək ötən 28 gün ərzində onun elektrik enerjisi sərfiyyatı 2005 kvt olduğu göstərilmişdir. Bunun mümkünsüz olduğunu qeyd edərək, yaşadığı evdə ötən 10 il ərzində heç vaxt bir ay ərzində 2005 kvt elektrik enerjisi sərf edilməmişdir. Bir ay ərzində bu qədər enerji sərf etmək üçün evdə çörək bişirmə sexlərində istifadə olunan iri elektrik sobalarından olması lazım olduğunu bunun da onun evində mövcud olmadığını qeyd etmişdir. Eyni zamanda qış mövsümündə də evin isidilməsi üçün qaz sobasından istifadə etdiyini, əvvəlki dövrlərdə də, hazırda da elektrik enerjisindən yalnızsoyuducu, televizor, tozsoran və evin işıqlandırılması üçün istifadə etdiyini qeyd edərək, həmin məişət əşyaları ilə də ay ərzində 2005 kvt elektrik enerjisi sərf etmək mümkün olmadığını, bunun ancaq sayğacın nasaz işləməsi səbəbindən baş verməsi mümkün ola biləcəyini bildirmişdir. Qeyd edilən məsələ ilə bağlı X5 də müracitə etmiş və şəbəkədən ona “sayğacda heç bir nasazlıq yoxdur, get borcunu ödə” bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş X1 qaydalarının 7.11-ci maddəsində deyilir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Ötən dövrlərdə istifadə etdiyi elektrik enerjisi sərfiyyatları nəzərə alınaraq 11 dekabr 2024-cü il tarixdən 08 yanvar 2025-ci il tarixədək olan müddət ərzində 2005 kvt enerji sərfiyyatı sayğacın nasazlığı səbəbindən olduğundan və sayğaca nəzarətə də enerjitəchizatı müəssisəsi cavabdehlik daşıdığından həmin sərfiyyatın borcu olan 246.65 manat onun hesabından silinməlidir. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri; Cavabdeh "xxxx" ASC tərəfindən göndərilmiş 13 fevral 2025-ci il tarixli etiraz ərizəsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsassız hesablanmış 246.65 manat borcun hesabından silinməsi"nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvan 5ndə yerləşən 29 nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********06300 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, 2015-ci ilin avqust ayından 2025-ci ilin fevral ayına qədər olan abunə haqqında məlumat cədvəlindən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə istifadə edilmiş elektrik enerjisinin dəyəri toplamda 1015,19 manat olmuşdur. Bu müddət ərzində istifadə edilmiş elektrik enerjisinin dəyərindən cəmi 782,45 manatı ödənilmişdir. Qeyd olunan dövrlər üzrə iddiaçıya məxsus fərdi yaşayış evi üzrə sərf edilmiş elektrik enerjisinin dəyərini bildiriş təqdim edilən zaman hər ay ödəməmiş və istifadə edilmiş elektrik enerjisindən ödənilməmiş 232.75 manat (1015.19-782.45=232.75) qalıq borcu qalmışdır. Qeyd olunanlara əsasən iddiaçının heç bir əsassız və qanunsuz borcu yaranmamış və yaranmış borc istifadə edilmiş elektrik enerjisinin dəyəridir. 11 fevral 2025-ci il tarixinə iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə istifadə etdiyi elektrik enerjisinə görə qalıq borcu 232.75 manatdır. Yaranmış borcun ödənilməsi ilə əlaqədar iddiaçıya bir neçə dəfə xəbərdarlıq edilmiş, lakin iddiaçı borcu vaxtında ödəməmiş və bu müddət ərzində iddiaçıya elektrik enerjisinin verilişi enerji təchizatı müəssisəsi tərəfindən dayandırılmamışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, elektrik sayğacı nasaz olduğu üçün xx.xx.2025-ci il tarixində 28 gün ərzində ona 2005 kvts enerji sərfiyyatı vurulmuşdur. Sonraki ay xx.xx.2025-ci il tarixində iddiaçıya 31 günlük 83 kvts sərfiyyat vurulmuşdur. Bu da onu deməyə əsas verir ki, elektrik sayğacı normal işləyir. Əgər elektrik sayğacında nasazlıq olsaydı sonrakı ay ərzində də yüksək sərfiyyat qeyd edərdi. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış 246,65 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları; İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, elektrik sayğacı normal vəziyyətdə işləyir, göstəricilər sərfiyyata uyğun hesablanmışdır. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş; 14 yanvar 2025-ci il tarixli X6 tərəfindən təqdim olunan abonentin saldosundan görünür ki, 2015-ci ildən 2024-cü ilin dekabr ayınadək iddiçıya məxsus ünvanında elektrik enerjisinin sərfiyyatı ay ərzində 50-140 kilovat/saat aralığında olmuşdur. "xxxx" ASC-nin X4 nəzarətçisi tərəfindən 11 dekabr 2024-cü il tarixli bildirişindən görünür ki, sayğacın əvvəlki göstəricisinin 12 noyabr 2024-cü il tarixdə 7330 kvt, son göstəricisinin isə 7447 kvt olduğu, əvvəlki ayın borcu ilə birlikdə ödənilməli olan məbləğin 19,12 manat olduğu qeyd edilmişdir. 15 dekabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, abonent "xxxx" ASC-nin hesabına 20 manat ödəniş etmişdir. "xxxx" ASC-nin X4 nəzarətçisi tərəfindən 08 yanvar 2025-ci il tarixli bildirişindən görünür ki, sayğacın əvvəlki göstəricisinin 11 dekabr 2024-cü il tarixdə 7447 kvt, son göstəricisinin isə 9452 kvt olduğu, əvvəlki ayın borcu ilə birlikdə ödənilməli olan məbləğin 245,77 manat olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 05 yanvar 2026-cı il tarixli rəyindən görünür ki, abunə haqqında göstərici (C.İ.V-24;27) məlumatlarına əsasən abonent hesabı **********06300 nömrəli olan, Şəki Şəhəri, Q.Məmmədli küçəsində yerləşən 29 nömrəli ünvanda 11 dekabr 2024-cü il tarixdən 08 yanvar 2025-ci il tarixədək olan müddət üzrə X1yə görə hesablanmış məbləği 169,76 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin X2 Təchizatı və Satışı İdarəsinin Şəki Rayon Məhkəməsinin sorğusuna cavab olaraq ünvanladığı məktubda İddiaçı adına olan ünvan 5 29 nomrəli fərdi yaşayış evində yerləşən **********06300 saylı kod altında olan elektrik sayğacında 1 dekabr 2024-cü il tarixdən 08 yanvar 2025-ci il tarixə qədər hər-hansı bir qüsurun, kənar müdaxilənin olmadığı və heç bir yoxlama aktının tərtib edilmədiyi qeyd edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, sayğaca hər hansı kənar müadxilə olunmamışdır. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdiyi aktda iddiaçının kənar xətdən istifadə etdiyi göstərilsə də, Nazirlər Kabinetinin qərarına əsasən “X1 Qaydaları”-nda da qeyd edildiyi kimi İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir. İş materiallarında iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı tərəfindən əvvəlki aylara olan elektrik enerjisinə aid olan borclar tam ödənilmişdir, bundan başqa 2015-ci ildən 2024-cü ilin dekabr ayınadək iddiçıya məxsus ünvanında elektrik enerjisinin sərfiyyatının ay ərzində 50-140 kilovat/saat aralığında olduğu müəyyən edilir. Məhkəmə abonentin saldosuna istinad edərək qeyd edir ki, 28 gün ərzində iddiaçı tərəfindən birdən-birə 2005 kvt elektrik enerjisi sərfiyyatının olması ağlabatan deyil. Həmçinin 11 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, sayğacın əvvəlki göstəricisinin 7335 kvt, son göstəricisinin isə 7447 kvt olduğu, əvvəlki ayın borcu ilə birlikdə ödənilməli olan məbləğin 19,12 manat olduğu qeyd edilmişdir, qalıq borc məbləği 9.76 manat təşkil etmişdir. 08 yanvar 2025-ci il tarixli bildirişdən görünür ki, ödənilməli olan məbləğin 245.77 manat olduğu qeyd edilmişdir, qalıq borc məbləği -0.88 manat təşkil etmişdir. Fərdi yaşayış evində bir ay ərzində sərfiyyatın qəfil 15-20 dəfə artması üçün ya evdə sənaye tipli avadanlıq işləməli, ya da sayğacın işində texniki xəta olmalıdır. İş materiallarında isə abonent tərəfindən hər hansı kənar müdaxilə və ya qeyriməişət cihazının istifadəsi sübuta yetirilmir, bu hal cavabdeh təşkilatın məhkəmə sorğusuna əsasən verdiyi cavab məktubunda da öz əksini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş elektrik sayğacının nasazlığı səbəbindən 11 dekabr 2024-cü il tarixdən 08 yanvar 2025-ci il tarixədək sərf edilmiş elektrik enerjisinin dəyəri olan 246.65 manat borc **********06300 nömrəli abonent hesabından silinməlidir.  Məhkəmə iddia tələbinin “onun **********06300 nömrəli abonent hesabından silinməsi və nasaz sayğacın dəyişdirilməsi” barədə olan hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, sayğacın elektrik enerjisinin sərfiyyatına görə göstəriciləri qaydasındadır, bunu iddiaçı məhkəmə iclasında etiraf etmişdir. Məhkəmə cihazdakı xətanı keçici (birdəfəlik) texniki nasazlıqkimi qiymətləndirərək hesab edir ki, sayğacınnasaz olduğunu təsdiq edən laboratoriya rəyi və ya ekspertiza rəyi olmadığı üçün işlək vəziyyətdə olan və düzgün hesablama apara bilən cihaz məcburi dəyişdirilə bilməz. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Elektrik sayğacının nasazlığı səbəbindən 11 dekabr 2024-cü il tarixdən 08 yanvar 2025-ci il tarixədək sərf edilmiş elektrik enerjisinin dəyəri olan 246.65 manat borc **********06300 nömrəli abonent hesabından silinsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar