Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-659/2023 16.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh X9 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdehlər X14 və Şəki regional “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı açıq qalmış mirasda pay almaq hüququnun itirilmiş hesab edilməsi və həmin payın digər vərəsəyə keçməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X15 açıq miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.7 hektar torpaq sahəsinin 1/2 hissəsi üzrə qanun üzrə vərəsə cavabdeh X9 pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın digər vərəsə olaraq ona keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X36 onun atası olmuşdur. Mərhum atası X36 26 may 2003-cü il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.7 hektar torpaq sahəsi mərhum atası X24 mülkiyyətində olmuş və ondan miras qalmışdır. Atası vəfat edəndən sonra ondan miras qalmış əmlakı yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.7 hektar torpaq sahəsinə faktiki olaraq mirası o qəbul etmiş və hal-hazıradək həmin evdə sadəcə o yaşayır. Atasının ölümündən bir müddət sonra o, Şəki rayon 1 saylı dövlət notariat ofisinə müraciət edərək vərəsəlik işi açdırmışdır. Digər vərəsələr olan bacıları X16, X7, X17 və X25 onlara çatası miras paydan imtina etmişlər. Miras qəbul olunarkən o, dəfələrlə qardaşı X18 vərəsəlik şəhadətnaməsi alması üçün dəvət etsə də notariat orqanına gəlməkdən və mirası qəbul etməkdən imtina etdi. Ona görə də ona mirasın 1/2 hissəsinə dair xx.xx.2012-ci il tarixdə 2V-14 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhum atası X24 digər vərəsəsi olan qardaşı X14 çatası ½ hissə miras pay mərhum X24 adına açıq saxlanılmışdır. Bundan sonra həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Ötən müddət ərzində qardaşı vərəsəlik şəhadətnaməsi alması üçün notariat orqanına müraciət etməmiş və mirası qəbulla bağlı hər hansı bir hərəkət etməmişdir. Ümumiyyətlə atası rəhmətə gedəndən sonra qardaşı mirasın faktiki qəbulu ilə bağlı da heç bir hərəkət etməmişdir. Bu günə kimi mirasa bütövlüklə o sahiblik edir. Cavabdeh X28 mirasın 1/2 hissəsi üçün qanun üzrə vərəsə olsa da, 20 ildir ki, miras payı qəbul etməmiş və susmuşdur. Hesab edir ki, cavabdeh X28 mirası qəbul etməməklə, susmaqla pay hüququnu itirmişdir. Ona görə də o, açıq qalmış 1/2 hissəyə də ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Şəki regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də xx.xx.2023-cü il tarixli 90 nömrəli məktubla bundan imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh X28 məhkəmə iclasına gəlməmiş və digər cavabdeh Şəki regional “Asan xidmət" Mərkəzində Notariat Ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, evin sənədlərindən istifadə edə bilmir. Belə ki, xəstəliyi ilə bağlı əməliyyat olunmuşdur. Bunun üçün evi girov qoyaraq bankdan kredit götürə bilmir. Atası 2003-cü ildə vəfat etmişdir. Ailədə 4 bacı və 2 qardaş olmuşlar. Bacıları miras əmlakdan onun xeyrinə imtina etmişlər. Qardaşı Rusiya Federasiyasında yaşayır. Ev həmçinin qardaşınındır, nə vaxt gəlsə qala bilər. Qardaşı atası vəfat edən zaman yasa gəlmiş, anası vəfat edərkən isə gəlməmişdir. Mübahisəli əmlak 2 hissədən ibarət olmaqla bir hissəsi ondadır. Evin digər hissəsinin açarları cavabdehin baldızındadır. Əvvəllər cavabdehin baldızı evin digər hissəsinə kirayənişin qoymuşdur. Kirayə haqqını da onun baldızı alırdı. Lakin hazırda evin digər hissəsi isə bildiyi qədər boşdur. Ona görə də, iddia tələbinn təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli əmlak tərəflərin dədə-baba evidir. Hər iki tərəfin payı bəllidir. Evin cavabdehə düşən hissəsinin kommunal xərclərini cavabdeh ödəyir. Hazırda evin cavabdehin payına düşən hissəsinə cavabdehin baldızı nəzarət edir. Miras qoyan, yəni tərəflərin atası 2003-cü ildə vəfat etmiş, 2013-cü ildə isə vərəsəlik açılaraq hər birinin ayrıca payı müəyyən olunmuşdur. Hazırda cavabdehin həmin evdə yaşamaması mirasdan imtina kimi qiymətləndirilə bilməz. Ona görə də, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X16 bildirmişdir ki, iddiaçı ilə cavabdeh onun qardaşlarıdır. Cavabdeh 1992-ci ildə Rusiya Federasiyasına getmişdir və hazırda Rusiya vətəndaşıdır. Atası vəfat edərkən cavabdeh Azərbaycana gəlmişdir. 2 gün yasda iştirak edərək, yenidən Rusiyaya qayıtmışdır. Həmin vaxtdan sonra ölkəyə qayıtmamışdır. Hətta anası vəfat edən zaman da gəlməmişdir. Mübahisəli ev 2 hissəyə bölünmüş və hasar çəkilmişdir. Evin bir hissəsi böyük qardaşı Əlinin adına rəsmiləşdirilmiş, bir hissəsi isə mərhum atasının adında qalmışdır. Evin atasının adına olan hissəsində əvvəllər kirayənişin yaşamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X7 bildirmişdir ki, tərəflərin bacısıdır. Qardaşı Fərhad 1992-ci ildən Rusiya Federasiyasında yaşayır. Atası ölən zaman ölkəyə qayıtmış, yas mərasimində iştirak edərək 4 gündən sonra Rusiyaya qayıtmışdır. Anasının yasına isə gəlməmişdir. Arabir onlarla əlaqə saxlayır. Miras qalmış ev iki hissəyə bölünmüşdür. Bir hissədə qardaşı Əli, digər hissədə isə qardaşı Fərhadın baldızı nəzarət etməklə kirayəçi yaşayır. Kirayə haqqını da Fərhadın baldızı alır. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş X10 bildirmişdir ki, cavabdeh X9 baldızıdır. Bacısıgil 20 ildən artıqdır ki, Rusiya Federasiyasında yaşayırlar. Yeznəsi Fərhad atasının yasına gələrkən evin ona düşən hissəsində hasar çəkdirmişdir. Beləliklə hər kəs özünə düşən payı müəyyən etmişdir. Arabir bacısı evə gəlib-gedir. Evin açarları onda olmuşdur. Əvvəllər evə, o, nəzarət etmişdir. Lakin sonradan çatdıra bilmədiyindən evə kirayənişin qoymuşdur. Hazırda da evdə kirayəçi yaşayır. Kirayə haqqını isə o alaraq evin sahibinə, yəni yeznəsinə göndərir. Evin bütün kommunal xərclərini də yeznəsi ödəyir. İş materiallarına əlavə edilmiş X24 ərizədən görünür ki, həmin ərizədə X36 mərhum atasının ondan başqa vərəsələri X17, X26, X25 və X11 olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 27 oktyabr 1992-ci il tarixli, 7074/1476 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X24 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrinən 17 yanvar 2012-ci il tarixli, 64 saylı arayışda görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayı evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 19 iyun 2003-cü il tarixli, AZ-İ 038719 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 26 may 2003-cü il tarixdə vəfat etməsi, ölüm haqqına akt qeydləri kitabında 298 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2003-cü il tarixli, AZ-İ 067699 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 25 setyabr 2003-cü il tarixdə vəfat etməsi, ölüm haqqına akt qeydləri kitabında 428 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 1183 saylı arayışan görünür ki, X36 vəfat etdikdən sonra onun vərəsələri İddiaçı, X29, X19, X28, X20 və X3r. İş materiallarına əlavə edilmiş X4 09 dekabr 2011-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizə əsasında X17 mərhum atasında miras qalmış ünvan 3 ünvanında yerləşən fəri yaşayış evindən ona düşən payı qəbul etmədiyini və iddiasının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş X5 09 dekabr 2011-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizə əsasında X16 mərhum atasında miras qalmış ünvan 3 ünvanında yerləşən fəri yaşayış evindən ona düşən payı qəbul etmədiyini və iddiasının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş X8 16 dekabr 2011-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizə əsasında X25 mərhum atasında miras qalmış ünvan 3 ünvanında yerləşən fəri yaşayış evindən ona düşən payı qəbul etmədiyini və iddiasının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş X1 09 dekabr 2011-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizə əsasında X7 mərhum atasında miras qalmış ünvan 3 ünvanında yerləşən fəri yaşayış evindən ona düşən payı qəbul etmədiyini və iddiasının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 18 yanvar 2012-ci il tarixli, 2V-1/14 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 26 may 2003-cü il tarixdə vəfat etmiş X24 vərəsəsi oğlu İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi, dörd otaqlı evin ½ hissəsindən ibarətir. Evin ½ hissəsi mərhum X24 adına açıq buraxılmışdır. İş materiallarına əlavə edilmiş 03 fevral 2012-ci il tarixli, 5544 saylı texniki pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi İddiaçı adına qeydiyyata alınmış ½ hissəsi isə X24 adına açıq buraxılmışdır. İş materiallarına əlavə edilmiş 04 fevral 2012-ci il tarixli, MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışdan görünür ki, ünvan 4 ünvanında 0.07 ha torpaq sahəsində yerləşən 40.07 kv.metr yaşayış, 65.57 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ½ hissəsi X24, ½ hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 13 yanvar 2012-ci il tarixli, 58 saylı arxiv arayışından görünür ki, ünvan 5 ünvanında 40m2 yaşayış sahəsi olan ev X24 adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 27 mart 2023-cü il tarixli, 725 saylı arayışdan görünür ki, X13 şəhəri A.Abdullayev küçəsi 11 ünvanında yaşayır, onun ailə tərkibi X27, X30, X32 və X12 ibarətdir. İş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 21 yanvar 2023-cü il tarixli, 90 saylı məktubundan görünür ki, xx.xx.2003-cü il tarixdə ölmüş X15 qalmış miras əmlaka dair Şəki rayon 1 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmış və mirasın ½ hissəsinə dair xx.xx.2012-ci il tarixdə 2V-14 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X24 digər vərəsəsi olan X14 çatası ½ hissə miras pay mərhum X24 adına açıq saxlanılmışdır. Həmin açıq saxlanılmış ½ hissə miras paya dair əlavə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, qey olunan məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş 05 noyabr 2022-ci il tarixli, 550 saylı vərəsəliyə dair arayışan görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X24 vərəsələri X21, İddiaçı, X22, X11, X17, X25, X23r. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında müəyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən 0.07 hektar torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi iddiaçının atasına məxsus olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 04 fevral 2012-ci il tarixli, **********34-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən daşınmaz əmlak ½ hissədə İddiaçı adına qeydə alınmış, ½ hissədə isə mərhum atası X24 adında açıq saxlanılmışdır. İddiaçı, evin X24 adında açıq saxlanılmış ½ hissəsi üzrə cavabdeh X9 miras qəbul etmə müddətini ötürdüyünü iddia edərək onun həmin miras əmlaka vərəsəlik hüququnun tanmmaması, onun mirası faktiki qəbul etdiyini və bu barədə vərəsəlik hüququ tanınaraq onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının miras qoyana münasibətdə vərəsəlik hüququnun mümkünlüyü məsələsi, həmin hüququn mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməməsi, iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsi, eləcə də tətbiq ediləcək qanunvericilik normaları araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması məsələsinə (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X36 26 may 2003-cü il tarixdə vəfat etmiş, lakin ondan miras qalmış əmlaka dair vərəsəlik 2012-ci ildə açılmış və miras əmlakın ½ hissəsi onun oğlu İddiaçı tərəfindən qəbul olunaraq, sonuncuya Şəki şəhər 1 saylı dövlət notariat kontoru 18 yanvar 2012-ci il tarixdə 2V-14 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs X36 2003-cü il tarixdə öldüyündən və notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq hazırkı vərəsəlik hüquq münasibəti barədə mübahisə hazırkı dövrdə qüvvədə olan Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133.1-ci mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qoyаnın) əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Həmin Məcəllənin 1133.2-ci mаddəsində göstərilir ki, qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) o, zаmаn qüvvədə olur ki, mirаs qoyаn vəsiyyətnаmə qoymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Mülki qanunvericilikdə mirasın qəbulu qaydası və müddəti dəqiq tənzimlənmiş və bu müddət müəyyən vaxt dövrü ilə məhdudlaşdırılmışdır. Həmin Məcəllənin 1243.1-ci mаddəsində göstərilir ki, mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbulunun faktik üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Beləliklə, məhkəmə hesab edir ki, miras qoyan X36 2003-cü ildə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras qoyan Şəki şəhərində yaşadığından mirasın açıldığı yer Şəki şəhəridir. Miras əmlaka X24 öldüyü məqamadək malik olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi daxildir. Məhkəmə tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyan X24 6 nəfər birinci növbə vərəsəsi olmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, X36 2003-cü ildə öldükdən sonra ondan miras qalmış Ş ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsi oğlu Əli tərəfindən 2003-cü ildən 2012-ci ilədək faktiki qaydada qəbul edilməklə, sonradan isə 2012-ci ildə Şəki şəhər 1 saylı dövlət notariat kontoruna rəsmi qaydada müraciət edilməklə öz adına rəsmiləşdirmişdir. Miras əmlakın ½ hissəsi İddiaçı adına rəsmiləşdirilərkən vərəsələrdən X16, X7, X17 və X25 mirası qəbul etmədikləri barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişlər. Məhkəmə qeyd edir ki, cavabdeh X28 atasının sağlığından bəri başqa ölkədə yaşasa da, atasının ölümündən sonra mübahisəli evdə hər kəsin, yəni iddiaçı ilə onun öz payının müəyyən edilməsi üçün öz vəsaiti hesabına hasar çəkdirməsi, evin nəzarətini baldızı, yəni X6 həvalə etməsi, özünün icazəsi ilə evdə kirayənişin yerləşdirilməsi və nəhayət evin ona məxsus olan ½ hissəsinə münasibətdə bütün kommunal xidmətlərin onun adına olmaqla həmin kommunal xərclərinin onun tərəfindən ödənilməsi qeyd edilən miras əmlakın faktiki qəbulu kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə qeyd etməyi vacib bilir ki, iddiaçı atasının ölümündən etibarən mirası faktiki qəbul edərək sahiblik etdiyini, onu qoruyub saxladığını qeyd etsə də, o, mirasın onun özünə məxsus olan ½ hissəsini qəbul etmişdir. Belə ki, qalan ½ hissədə miras əmlakı faktiki idarə etməsini şəksiz qaydada nümayiş etdirməsinə dair hərəkət etməmiş, buna dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə mirasın qalan hissəsinin açarlarının cavabdeh X9 baldızında olması, evə onun nəzarət etməsi, həmin evdə cavabdehin icazəsi ilə kirayəçi yeləşdirilməsi iddiaçının həmin hissədə mirası qəbul etməsini təkzib edir. Məhkəmə iddiaçı tərəfin mübahisəli miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı bildirdiklərinə dair aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiysının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X14 və Şəki regional “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı mərhum atası X15 açıq miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.7 hektar torpaq sahəsinin 1/2 hissəsi üzrə qanun üzrə vərəsə cavabdeh X9 pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın digər vərəsə olaraq ona keçməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər X14 və Şəki regional “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı mərhum atası X15 açıq miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.7 hektar torpaq sahəsinin 1/2 hissəsi üzrə qanun üzrə vərəsə cavabdeh X9 pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın digər vərəsə olaraq ona keçməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-659/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-659/2023
16.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver