Məhkəmə qərarları › İş №e-2(075)-781/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-781/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-781/2023 25.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, iddaçı Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə müraciət edərək cərimə borcunun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azəriqaz tərəfindən qanunsuz olaraq yazılmış xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3939 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi atası Sadəddin Məcidovun mülkiyyətində olmuş və o 2011-ci ildə ölmüşdür. O ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır və Azəriqazla qazın alqı satqısına dair müqavilə bağlamışdır. Hər ay istifadə etdiyi qazın ödəmə bildirişi gəlmiş və ohəmin bildirişə əsasən pulunu ödəmişdir. xx.xx.2022- ci ildə X4 İstismar İdarəsi tərəfindən yoxlama gəlmiş və onun qaz sayğacına baxış keçirmişlər. Baxışdan sonra ona onun evinə sayğacdan kənar xəttin gəldiyi, sayğacdan kənar qaz işlətdiyini bildirmişlər. Bu səbəbdən mənə akt tərtib edib, 32832 kb.m qaz, yəni 3939 manat borc hesablamışlar. O həmin borcu əsassız hesab edir. Belə ki, o evinə sayğacdan kənar xətt çəkməmiş və hər ay yandırdığı qazın pulunu ödəmişdir. Bundan başqa qaz idarəsinin əməkdaşları ona 1 il üçün borc hesablandığını bildirmişlər. Ancaq onun sayğacdankənar qazı məhz 1 il müddətində istifadə etməyi sübut olunmur. Əgər o 1 il müddətində sayğacdakənar qaz işlətsəydi bunu qaz idarəsinin əməkdaşları hər ay sayğacını yoxlayıb bildiriş verəndə bilərdilər. Odur ki, o aktı qanunsuz hesab edir və borcun silinməsini məhkəmədən xahiş edir. Onun hazırki iş üzrə nümayəndə olan oğlu müharibə iştirakçısıdır, qazidir, Fizulinin işğaldan azad olunmasına görə medalla təltif edilmişdir. Onun qazi olan oğlu işləyir, onlar birlikdə ev dolandırırla. Onun qanunsuz olaraq hesablanmış 3939 manat pulu ödəməyə imkanı çatmır. İş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, o 06 dekabr 2022-ci il tarixdə Balakənə gedərkən atası zəng edərək, Cavabdeh əməkdaşlarının onların evində yoxlama keçirdiyi bildirmişdir. Yoxlama zamanı sayğacdan kənar xətt gəldiyini, onun sayğacdan kənar qaz işlətdiyini bildirmişlər. Bununla bağlı akt tərtib etmişlər, atası da nə olduğunu bilmədən həmin aktı imzalamışdır. Borcunu qismən qəbul edir. İddiannı təmin olunmasını xahiş edir. Azəriqaz” İB-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, İddiaçı adına rəsmiləşdirilmiş **********20000 saylı qaz hesabında 3978.01 manat borc vardır. Həmin borcun tam hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı yaşadığı Şəki şəhəri Arxüstü küçəsi 4/3-də yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, Cavabdeh İB-nin Zaqatala RQİİnin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfləri nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 32832 m3 (və ya 3939.84 manat) həcmində müəyyən edilmişdir. Bundan əlavə sayğacdan kənar əlavə xəttin aşkar edildiyi tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatlarını müqaisə etdiyimiz təqdirdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpaçaq dərəcədə artdığı görülməkdədir. İstehlakçının sayğacdan kənar şəbəkəyə qoşulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ARDNŞ Cavabdeh İB-nin sayğacdan kənar qaz xəttinə qoşulma aşkar olunmuş, dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb olunmuşdur. Məhkəməyə təqdim edilmiş **********20000 saylı abonentin saldosundan görünür ki, İddiaçı akta əsasən Azəriqaz İB-nə 3946.94 manat borcu vardır. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı yaşadığı evində qaz işlədicilərindən PQ-3-wn maksimal saatlıq qaz sərfi 0.8 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, dəmir sobanınsını maksimal saatlıq qaz sərfi 1.4 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 32832 m3 müəyyən edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə hesab edir ki, İddiaçı 2022-ci ilin dekabr ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində 3939 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, İddiaçı 2022-ci ilin dekabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, Azəriqaz İB isə İddiaçı PQ-3 (2 ədəd) qaz piltəsi üçün 360 gün, İran sobası üçün 180 gün, dəmir soba üçün 180 gün müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 3939 manat hesablamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. PQ-3 (2 ədəd) qaz piltəsi - (1658.88/12=138.24), İran sobası-(1555.2/6=259.2), dəmir soba-(725.76/6=120.96) = cəmi 518.40 Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi 3939 manat pulun cavabdeh İddiaçı alınaraq Cavabdehnə ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin X5 İstismarı İdarəsi tərəfindən 2022ci ilin sentyabr ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə İddiaçı abonent koduna hesablanmış 3939 manat cərimə məbləğinin azaldılaraq 3420,60 manat müəyyən edilməli, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə 518.40 manat pul İddiaçı alınaraq Cavabdehnə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 06 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 3420,60 manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 54,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar