Məhkəmə qərarları › İş №e-2(075)-836/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-836/2024

05.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-836/2024 05.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 XS vəzifəli şəxsinin 31 yanvar 2023-cü il tarixdə tərtib edilmiş akt əsasında G-4 markalı, ******* nömrəli sayğaca yazılmış 1036,80 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon RQİİ-nin Şəki XS əməkdaşları həyətə gələrək qaz sayğacına müdaxilə ilə əlaqədar güya yoxlama aparmış və “müəyyən” etmişlər ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmişdir. Nəticədə güya 8640 m3 qaz itkisinə yol verilmiş və cavabdehə 1036,80 manat ziyan dəymiş və həmin məbləğdə cərimə hesablanıb. Yoxlayıcıların 31 yanvar 2023-cü il tarixdə tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktını qəbul etmir. O və ya digər ailə üzvləri qaz sayğacına müdaxilə etməmişlər. Qaz idarəsinin əməkdaşları tərəfindən onlara ******* saylı aktda göstərilən qüsur - sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması - barədə məlumat verilməmiş, müdaxilə barədə irad bildirilməmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən 8640 kubmetr itirilmiş təbii qaz və həmin miqdarda təbii qazın dəyəri olan 1036,80 manat onun abonent koduna əsassız olaraq işlənmişdir. Tərəflərindən qaz sayğacına heç bir müdaxilə olmamışdır, bundan hər hansı məlumatları yoxdur. X2 İstismar İdarəsinin əməkdaşları belə hərəkətləri ilə Şəki rayonu ərazisində itirilmiş qazın bərpasına çalışırlar, ona qarşı qəsdən və ya qərəzli surətdə ziyan vurmağa çalışırlar. Adına qeydə alınmış qaz sayğacı həyətdən kənarda, həyətin küçə tərəfində, hər hansı qoruyucu qutuda yerləşdirilmədən quraşdırılmışdır. Hesab edir ki, bu səbəbdən qaz abonenti olaraq o, cavabdehlik daşımır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 yanvar 2023-cü il tarixdə tərtib olunmuş ******* saylı aktda yoxlamanın istehlakçıya məxsus qeyri yaşayış sahəsində aparıldığı qeyd edilsədə, əslində yoxlama qaz sayğacının yerləşdiyi ərazidə ona məxsus həyətin kənarında ictimai yolun kənarında aparılıb. Küçə ictimai yer olduğundan qaz sayğacına müdaxilənin tərəfindən edilməsi cavabdeh tərəfindən sübuta yetirilməli idi. Sayğaca müdaxiləni istehlakçı olaraq onun üzərinə yönəldilməsini qəbul etmir. İstehlakçıya məxsus həyətdən kənar quraşdırılmış sayğaca kənar təsirin olması ehtimalının qarşısının alınması istehsalçının funksiyasına aid məslədir. Bu səbəbdən hesab edir ki, hesablanmış cərimə məbləği əsassızdır və abonent hesabından silinməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Cavabdeh İB-nin qazdan istifadəsi üçün quraşdırılmış sayğac istehlakçının, yəni onların nəzarətlərindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə qaz paylayıcısı olan Cavabdeh daşıdığından həmin sayğaca müdaxilə edilməsinə görə barələrində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda baxış zamanı sayğacın “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izləri olması” müəyyən edilsə də, həmin pozultunun məhz onun və ya ailə üzvlərinin səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Bu səbəbdən qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatına görə iddia edilən məbləğ bizdən tələb edilə bilməz. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçı iddia ərzəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 06 fevral 2012-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 16 noyabr 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli, “G-4” markalı, ******* nömrəli sayğac çıxarılmış, əvəzində yeni “Zenner” tipli, “G-4” markalı, **********3 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. - Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin MSK 14-2-2/3-5-964-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac saatlıq qaz sərfinə uyğun quraşdırılsın. Dəymiş ziyan hesablanaraq ödənilsin. - 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı istifadəsində olan G4 markalı qaz sayğacının maksimal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir. İtirilmiş qazın miqdarı cəmi 8640 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçı adına olan **********00000 nömrəli abonent kodunda 2023-cü ilin yanvar ayına akt üzrə 1036,80 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir... Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqısatqısı barədə 06 fevral 2012-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təchiz etməyi, cavabdeh isə istifadə etdiyi qazın dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən istifadə edilən təbii qazın həcminin müəyyən edilməsi məqsədilə sayğac, iddiaçıya məxsus fərdi yaşayış evinin həyətində deyil küçədə quraşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya akt tərtib edilməsinin səbəbi kimi sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun olaraq sayğacın üstünü müvafiq örtüklə bağlamamış, həmçinin iddiaçının nəzarətindən kənar, küçədə yerləşən sayğacın hesablama mexanizminin qapağının sınıq olduğunu qeyd etsə də, həmin qüsurun məhz iddiaçının təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə, iddiaçı tərəfindən məhz hansı pozuntunun törədilməsi göstəriləmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, iddia tələbi isə təmin edildiyindən, ödənilməli dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə tərəfindən təmin edilən iddia tələbinin qiyməti 1036,80 manat olduğundan MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən 30,36 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdehndən 30.36 (otuz manat otuz atı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar