Məhkəmə qərarları › İş №e-2(075)-878/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-878/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-878/2023 02.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında qanunsuz olaraq ona hesablanmış 1036 manat borcun hesabından silinməsin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin 02 iyun 2023-cü il tarixində ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, Səməd Vurğun küçəsində yerləşən 3 A nömrəli ev onun mülkiyyətindədir. Cavabdeh Azəriqaz tərəfindən evindən çöldə sayğac quraşdırılmışdır və o hər ay sayğacda qeyd olunan və cavabdehin nümayəndəsi tərəfindən verilən bildirişə uyğun olaraq sərf etdiyi qazın dəyərini vaxtı vaxtında ödəyir. Növbəti dövlət yoxlaması adı ilə cavabdeh Azəriqazın əməkdaşları ona məxsus sayğaca baxış keçirmiş, baxış zamanı sayğacın çıxış plasmas borusunun deşilməsini müəyyən edib xx.xx.2022-ci il tarixdə akt tərtib etmişlər. Sayğacı yararsız olduğundan dəyişdirib, yenisini qoymuşlar. Bundan sonra idarənin işçiləri ona sayğaca müdaxilə etdiyi üçün 90 günlük itirilmiş qaz üçün 8640 kub.m sərfiyyat yəni 1036 manat borc hesabladıqlarını bildirmişlər. O həmin aktla və akt əsasında hesablanan borcla razı deyildir. Sayğacın çıxış plasmas borusunu o deşməmişdir. Sayğac qapıdan çöldə olduğu üçün o məsuliyyət daşımır. Bəlkədə sayğacı qaz idarəsinin əməkdaşları deşiblər. Məlumatı yoxdur. Qazdan istifadə qaydalarının 4.6-cı bəndinə əsasən Qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd olunan qaydalardan da göründüyü kimi, sayğacın işlək vəziyyətdə saxlanılmasına görə o məsuliyyət daşımır. Buna görə də təqsirli hərəkəti olmadığı halda cavabdeh sayğacı onun yararsız vəziyyətə gətirməyini göstərməklə məndondanən əlavə vəsait tələb edir. Halbuki o hər ay sərfiyyatını vaxtı vaxtında ödəmiş və heç bir vətəndaş bilə-bilə ona xidmət göstərən sayğaca qanunsuz müdaxilə etməz. Çunki müdaxilə etsə belə yenə istifadə etdiyi qazın dəyərini tez-gec ödəməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********10000 saylı qaz hesabında 1286.57 manat borc vardır. Həmin borcun 249.77 manat hissəsi sayğac üzrə, 1036.80 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********8 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli 29/1710-04385-1 saylı aktında göstərilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Odur ki, xx.xx.2023-ci il saat 10:40-a təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1036.80 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi üzrə hazırlıq iclasının baxışa təyin olunmasını və baxış iclasında iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin etiraz ərizəsini təhlil edərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə Cavabdeh İB ilə onun arasında təbii qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 21 iyun 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli, G- 4 markalı, ******* nömrəli sayğacı çıxarılmış, əvəzində “Zenner” tipli, G-4 markalı, yeni **********8 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs İddiaçı oğludur Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin MSK 29/1710-04385-1 saylı aktına əsasən sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmamış, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 26 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki rayonu, S.Vurğun küçəsində yerləşən evində qaz işlədicilərindən G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m³ günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 8640 m3 müəyyən edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş qaz sayğacının yoxlanılması barədə 16 dekabr 2022-ci il tarixli, MSK-29/1710-04385-1 nömrəli aktdan görünür ki, ******* nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda-100% nisbi xətayla işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcminin qeyd etməməsi, sayğacın istismara yararsız olması aşkar olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, İddiaçı **********10000 saylı qaz hesabında ödənilməmiş 1036.80 manat borc vardır. Göründüyü kimi, 21 iyun 2022-ci il tarixli ******* nömrəli akta əsasən iddiaçıya məxsus Şəki rayonu, S.Vurğun küçəsində yaşadığı evdə quraşdırılmış ““Elestr” tipli, G-4 markalı, ******* nömrəli sayğacı çıxarılmış, əvəzində “Zenner” tipli, G-4 markalı, yeni **********8 saylı sayğac quraşdırılmışdır. Bundan başqa sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən olunan sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğaclar çıxarılan zaman X2 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İB-nin Zaqatala X3 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, 2021 və 2022-ci illər üzrə təqdim edilmiş abonentin saldosundan görünür ki, İddiaçı aylıq ödənişlər etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın çıxış plastmas borusunun deşilməsi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın çıxış plastmas borusunun deşilməsi” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygac çıxarılan zaman müdaxilə X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X3 İdarəsinin rəisinin aktı “sayğacın çıxış plastmas borusunun deşilməsi” sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia 19 dekabr 2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X3 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 19 dekabr 2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1036 manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30,36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. 19 dekabr 2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1036 manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30,36 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar