Məhkəmə qərarları › İş №e-2(075)-981/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-981/2025

24.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-981/2025 24.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirov Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1218.24 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cabbarlı Rüfət Fərrux oğlu Şəki şəhəri M.F.Axundov küçəsi ev 31B ünvanında yaşayır. Həmişə istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında poçt şöbəsinə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. **********10000 olan abonetin saldosundan görünür ki, 2022-ci il, 2023-ci il və 2024-cü ilin ayları üzrə vaxtlı-vaxtında ödənişlər etmişdir. X1 tərəfindən xx.xx.2024-cü tarixdə tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktda qeyd edilmişdir ki, sayğacın çıxarılma səbəbi növbəti dövlət yoxlaması olmuşdur. Həmin akta tərəfindən imza edilmiş, akta imza edilmənin hüquqi əsasları ona izah edilməmişdir. Cavabdeh təşkilatın nümayəndələri bildirmişlər ki, sayğac yeni sayğac ilə əvəz olunacaq, buna görə də həmin akta imza edilməlidir. Bu əsasa görə o həmin aktı imzalamışdır. X1 tərəfindən xx.xx.2024-cü tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktda qeyd edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşici alətlə deşilmişdir. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Həmin akta onun adının qarşısından imza edilmişdir. Halbuki o, həmin akta imza çəkməmişdir. Həmin imza ona məxsus olmamışdır. X1 tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, mənzil daxilindəki qaz cihazlarından PQ-3 markalı qaz cihazının maksimal qaz sərsi 0.8m3/saat, axınlı su qızdırıcısı (QSQ) 32 L qaz cihazının maksimal sərfi 3.5 m3/saat, kombi (32KW) qaz cihazının maksimal qaz sərfi 3.5 m3/saat, xarici soba (İran sobası) qaz cihazının maksimal qaz sərfi 1.6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. X1 tərəfindən tərtib edilmiş aktda qeyd olunanlar hamısı yalandır. Bundan sonra cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq cərimə etmişdir. Hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz və əsassızdır. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün onu qanunsuz olaraq cərimə etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə, istifadəsində olan qaz sayğacı fərdi yaşayış evindən kənarda quraşdırılmışdır. Qaydalarda göstərildiyi kimi sayğac müvafiq örtüklə örtülməli idi. Ancaq istifadəsində olan sayğac fərdi yaşayış evindən kənarda qoyulsa da qaz paylayıcısı tərəfindən qaydaların tələblərinə əməl edilməmiş və saygac müvafiq örtüklə örtülməmişdir. Cavabdeh təşkilat tərtib etdiyi aktda göstərmişdir ki, sayğacın çıxış plastmas borusu deşici alətlə deşilmişdir. Yaşayış sahəsinə aid qaz sayğacı kənarda quraşdırılmış, həmçinin sayğac kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşımır. Qanunvericiliyin tələbinə görə, qaz sayğacın kənar müdaxilələrdən mühafizəsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Lakin buna baxmayaraq itirilmiş qazın dəyəri ondan tələb edilir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı adına rəsmiləşdirilmiş **********01170 saylı qaz hesabında 1166.20 manat borc vardır. Həmin borcun tam hissəsi itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 10260206 nömrəli qaz sayğacı istehlak edilmiş təbii qazın həcmini az qeydə alması səbəbli xx.xx.2024-cü il tarixdə sayğac açılaraq baxış keçirilmiş, baxış zamanı sayğacın çıxış plasmas borusunun fiziki təsir nəticəsində deşildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə GCZ0218053 saylı sayğac quraşdırılmışdır. Eyni zamanda aşkar olunan qanunsuz qazdan istifadə faktı vizual müşahidə edilən pozuntu halı olduğundan iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının nümayəndəsinin iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-ci il tarixli ******* saylı akt tərtib etmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmaqla onun miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 10152 m3 (və ya 1218.24 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsdən irəli gəlir. İddiaçıya məxsus abonent saldosu üzrə qüsurun aşkar edildiyi tarixdən əvvəlki və sonrakı dövrlərindəki qaz sərflərini müqaisə etdiyimiz zaman sərfiyyatın qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpaçaq dərəcədə artdığı müşahidə edilməkdədir. İddiaçı qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla həmin sayğaca müdaxilə nəticəsində sayğacın sıradan çıxması nəticəsində paylayıcı Cavabdehnə dəymiş ziyana görə məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən elektron ərizə ünvanlanaraq iştirakları olmadan məhkəmə iclasının keçirilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 06 oktyabr 2015-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 16 noyabr 2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli, “G-4” markalı, ******* nömrəli sayğac çıxarılmış, əvəzində yeni “CCZ” tipli, “G-4” markalı, ******* saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. - Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19 noyabr 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğacın çıxış plastmas borusu deşici alətlə deşilmişdir. Dəymiş ziyanın hesablanaraq ödənilməsi qeyd edilmişdir. - 20 noyabr 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı istifadəsində olan G4 markalı 10230206 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 10152 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçı adına olan **********10000 nömrəli abonent kodunda akta əsasən hesablanmış 1218,24 manat borc vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir... Həmin qaydaların 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təchiz etməyi, cavabdeh isə istifadə etdiyi qazın dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən istifadə edilən təbii qazın həcminin müəyyən edilməsi məqsədilə iddiaçıya məxsus fərdi yaşayış evindən kənarda, küçədə sayğac quraşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya akt tərtib edilməsinin səbəbi kimi çıxış plastmas borusunun deşilməsi göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun olaraq sayğacın üstünü müvafiq örtüklə bağlamamış, həmçinin iddiaçının nəzarətindən kənar, küçədə yerləşən sayğacın hesablama mexanizminin qapağının sınıq olduğunu qeyd etsə də, həmin qüsurun məhz iddiaçının təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə, iddiaçı tərəfindən məhz hansı pozuntunun törədilməsi göstəriləmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müvafiq məsuliyyətə cəlb edilməsi ilə bağlı hər hansı müraciət olması və iddiaçının məsuliyyətə cəlb edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, iddia tələbi isə təmin edildiyindən, ödənilməli dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə tərəfindən təmin edilən iddia tələbinin qiyməti 1218,24 manat olduğundan MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən 32,18 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında hesablanmış 1218,24 (bir min iki yüz on səkkiz manat iyirmi dörd qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdehndən 32.18 (otuz iki manat on səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar