Məhkəmə qərarları › İş №e-2(076)-1852/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1852/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1852/2024 20.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədirliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən WİNGZ skuter üçün 1526.35 (bir min beş yüz iyirmi altı manat otuz beş qəpik) manat ödənilməmiş hissə, 152.65 (yüz əlli iki manat altmış beş qəpik) manat cərimə, ümumilikdə, 1679 manat borc və 36.79 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, WİNGZ skuter almış və nəticədə 1679 (min altı yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1786.4 (min yeddi yüz səksən altı manat qırx qəpik) manat (yəni 18 ay x 89.8 manat + 170 manat ilkin ödəniş) olan WİNGZ skuter üçün ümumilikdə, 1679 (min altı yüz yetmiş doqquz) manat olmaqla ondan 1526.35 (min beş yüz iyirmi altı manat otuz beş qəpik) manat ödənilməmiş hissə, 152.65 (yüz əlli iki manat altmış beş qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 260.05 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə arasında bağlanılmış xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsək də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiyərək izahatında bildirdi ki, “Kontakt Home” dan 1786 manat dəyərində WİNGZ markalı skuter almışdır. Onun tərəfindən istifadə olunan zaman onun tərəfindən skuter sınmış, bundan sonra sığorta və qarantiyaya əsaslanaraq “Kontakt Home” müraciət etmiş, lakin onlar onun təmiri üçün köməklik etməmişdir. Bundan sonra skuteri özü düzəltdirmiş, özü düzəltdirdiyi usta həmin skuterin saxta olduğunu bildirmişdir. Qeyd edilənlərlə əlaqədar “Kontakt Home”-a müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirmişlər ki, skuter original detallarla təchiz olunduğu üçün onda hər hansı narahatçılığın olması ağlabatan deyil. Skuteri geri qaytarmaq istədikdə isə imtina etmişlər. Hazırda skuter onun istifadəsindədir. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1786.4 manat olan əşyanı (Elektrik Skuter WİNGZ SPUERFLY SPACE BLACK) Cavabdeh 170 manat ilkin ödəniş etməklə qalan məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 89,8 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % -i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maliyyə və Ödəniş Cədvəlinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh cəmi 260,05 manat ödəniş etmiş, onun hal-hazırda müqavilə üzrə 1679 (1526.35 manat əsas borc, 152.65 manat cərimə) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 595.1-ci maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddəsinə əsasən bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş edərək etirazını verilən məshulun istehsal qüsurlu olmasını əsas gətirmişdir. Məhkəmə cavabdehin etirazı ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, cavabdeh öz izahatında skuterin məhz onun tərəfindən sındırıldıqdan sonra skuteri düzəldən ustanın dediyi əsasında saxta məhsulun verilməsini düşünür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Qanunvericiliyin də tələbindən göründüyü kimi alıcı (cavabdeh) əşyanın qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə əşyanın qüsurları üçün satıcı (İddiaçı ABC Telecom) cavabdeh olardı. Ona görə də, hazırki mübahisə qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübutetmə yükü cavabdehin üzərinə düşür. Hazırki mülki işə baxılan zaman isə cavabdeh tərəf iddiaçının əşyada hər hansı qüsur olmasını, həmin qüsurların əşyanın ona verilməsindən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 15,00 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə aldığı məhsulun qiymətini iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən əsaslı oldugundan, qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1526.35 manat ödənilməmiş borc və 15,00 manat cərimə borcu olmaqla cəmi 1541.35 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36.79 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1526,35 manat ödənilməmiş borc və 15,00 manat cərimə borcu olmaqla cəmi 1541.35 (bir min beş yüz qırx bir manat otuz beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36.79 (otuz altı manat yetmiş doqquz qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar