Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2042/2024 11.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinin notariusu Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi (əri) X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 xx.xx.2023-cü il tarixdə verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bacısı X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, vəfat etməmişdən əvvəl xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamədə qeyd olunur ki, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Qeyd olunan vəsiyyətnamə qanunsuz və əsassızdır. İddia tələbinin hüquqi əsasını bir neçə istiqamətdə əsaslandırmaq istəyir. X1 öldüyü məqamədək-xx.xx.2023-cü il tarixədək Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə hər hansı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhbubə Həsənova tərəfindən vəsiyyətnamə tərtib edilərkən və o ölən gün Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə dair hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu isə o deməkdir ki, gələcək əmlakın vəsiyyət edilməsindən söhbət gedə bilməz. Məhbubə Həsənova vəfat etməmişdən öncə ağır xəstəlikdən əziyyət çəkmişdir. Onun mədəsində bədxassəli şiş olmuşdur. Mədədə bəd xassəli şişin olması tibbdə hamıya məlumdur ki, xəstəlikdən əziyyət çəkən şəxsə necə ağrı verir. Vəsiyyətnamə verilərkən onun iradə ifadəsi olmamışdır. Vəsiyyətnamənin tərtib edilməsində kobud səhvə yol verilmişdir. Belə ki, notarius vəsiyyətnamədə qeyd edir ki, X5 vəsiyyətnaməni şəxsən onun iştirakı ilə qeyd etmişdir. Vəsiyyət edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıbdır. Əslində isə vəsiyyətnamə tərtib edilərkən xx.xx.2023-cü il tarixdə saat 17:45-də Cavabdeh3 Şəmkir şəhəri, Nizami küçəsi, 5-də yerləşən notariat ofisində olmuşdur. O, Şəmkir rayonu, Çinarlı qəsəbəsində olmamışdır. Bu fakt isə onu deməyə əsas verir ki, Cavabdeh3 Məhbubə Həsənovanı görməmiş və vəsiyyətnamə onun yanında tərtib edilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən mülk mərhum babası Zaman Həsənova məxsus olmuşdur. X10, Müsabir, Üzeyir və Müsabir adlı 4 övladı olmuşdur. X8 1991-ci ildə vəfat etmişdir. X11 vəfatından sonra onun vərəsəsi kimi mirası qəbul etmişdir. Qeyd oluna ünvanda iddiaçı ilə babası və bibiləri arasında mübahisə olduğundan mərhum babası Zaman Həsənov övladları arasında münasibətlərin daha da kəskinləşməməsi üçün evin iki yerə bölünməsinə etiraz etməmiş və İddiaçı mülkdən istifadə üçün ayrıca giriş-çıxış yolundan istifadə etməyə başlamışdır. X3 27 sentyabr 2000-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra o və bibiləri vərəsəliyi faktiki qəbul etmişlər. Belə ki, babasının bütün əşyaların onların istifadəsində olan hissədə yerləşmişdir. Evdə gözəl qablar, şəkillər və xalçalar olmuşdur. Babasının vəfatından sonra mərhum bibisi Məhbubə həm evdə qalan əşyalara sahib çıxmaqla, həm də evi idarə etməklə vərəsəliyi qəbul etmişdir. Bibisi faktiki olaraq vərəsəliyi qəbul etdiyindən vərəsəlik açılan gündən onun mülkiyyətinə keçmişdir. X18 vəfat edərkən onun mülkiyyətində miras mülkün bir hissəsi olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması Məhbubə Həsənovanın vəsiyyətnamə qoymasını əngəlləməməlidir. Çünki qanunvericilikdə gələcək əmlakın vəsiyyət edilməsinin mümkünsüzlüyü qeyd edilir, Məhbubə Həsənovanın isə atası Zaman Həsənovun 27 sentyabr 2000-ci ildə vəfatı ilə əlaqədar vərəsəliyin açıldığı gündən mülkiyyət hüququ yaranmışdır. Ona görə də onun tərəfindən vəsiyyət edilə bilərdi. İddia ərizəsində irəli sürülən məsələlərdən biri də Məhbubə Həsənovanın mədəsində onkoloji xəstəliyin olması və bununla bağlı ağrı çəkməsi, vəsiyyətnamə verilərkən iradə ifadəsinin olmamasıdır. Bununla bağlı bildirir ki, Məhbubə Həsənovanın mədəsində hər hansısa bir ağrının və ya xəstəliyin olması onun anlaqsız olmasını istisna edir. Məhbubə Həsənova ölümünə qədər fəaliyyət qabiliyyətli olmuş, öz hərəkətlərinin mahiyyətini dərk etmiş və onları anlamışdır. Hətta vəsiyyətnamə verdikdən sonra evin sənədləşməsini aparmaqdan ötrü ona etibarnamə də vermişdir. Məhbubə Həsənova ömrünün son günlərinə kimi əmək fəaliyyəti ilə məşğul olmuş, həkim müayinəsinə də öz getmişdir. Evdə tək yaşamış, bütün kommunal xərcləri ödəmişdir. Məhbubə Həsənova tərəfindən ona vəsiyyətnamə video görüntü ilə verilmiş, onun tərəfindən vəsiyyətnamə verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilən vəsiyyətnamə Məhbubə Həsənovanın son iradə ifadəsi olmuşdur. Vəsiyyətnamənin tərtib edilməsi zamanı hər hansısa bir səhv onun ləğvi üçün əsas ola bilməz. Belə ki, bibisi Məhbubə Gəncə şəhərində qalan zaman onun qulluğunda heç kim durmadığından, daim Məhbubə Həsənovanın iddiaçı və onun ailə ilə aralarında mübahisə olduğundan digər bibisinin yaşadığı Şəmkir rayonu Təzəkənd kəndinə apararaq orda baxmışlar. Həmçinin, qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir. Belə ki, Məhbubə Həsənova vəfat etdikdən sonra onun əri və digər qohumlar tərəfindən iddiaçıya Məhbubə Həsənova tərəfindən ona vəsiyyətnamə verildiyi bildirilmişdir. Hətta 25 mart 2023-cü il tarixdə bibisi Məhbubənin üç mərasiminə hazırlıq görən zaman da iddiaçı arvadı ilə birlikdə onu nalayiq söyüşlərlə təhqir etmiş və bununla bağlı polis orqanında işləri olmuşdur. Buna səbəb isə bibisi tərəfindən ona verilən vəsiyyətnamə və etibarnamə olmuşdur. Ona görə də hesab edir ki, iddiaçı 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (əri) X4 və Nümayəndə2 iddia tələbini qəbul etməyərək, Cavabdeh1 izahatına uyğun izahat verdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Şəmkir rayonu 1 saylı notariat ofisinin notariusu Cavabdeh3 iddianı qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə notariat ofisindən kənar notariat hərəkətləri keçirilməsi üçün ona şifahi müraciət etmişlər. Həmin şəxslə görüntülü zənglə danışıb anlaqlı vəziyyətdə olmasını aşkar etdikdən sonra günün sonuna yaxın notariat hərəkətlərinin keçirilməsinə razılıq vermişdir. Həmin gün iş saatının sonlarına yaxın elektron sistem ilə qeydiyyat yaradıb müraciət edən şəxsin olduğu ünvana getmişdir. İlk öncə onlara Şəmkir rayonu, Çinarlı qəsəbəsində olduqlarını bildirmişlər. Lakin, whatsapp vasitəsi ilə məkan bildirişi göndərilən zaman ünvan 3 ünvana köməkçisi ilə birgə getmiş, vəsiyyət verən şəxs mərhum Məhbubə xanımın şəxsiyyətini və anlaqlı vəziyyətdə olmasını müəyyən etdikdən sonra şahidlərin iştirakı və çəkilişlərin aparılması ilə vəsiyyətnaməyə imza edilmişdir. Vəsiyyətnamə təsdiq olunarkən X1 şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. O tam şəkildə anlaqlı olmuş, öz iradəsini aşkar şəkildə və tam dürüst ifadə etmişdir. Bu aparılmış videoçəkilişdə də aydın görünür. Eyni zamanda xx.xx.2023-cü il tarixdə onun istifadəsində bir neçə mobil nömrə olduğundan həmin vaxt hansı nömrənin onun üzərində olmasını xatırlamır. Belə ki, iş vaxtının sonu olduğu üçün mobil nömrənin olduğu telefonu Notariat Ofisinin binasında da qoya bilər. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil iddia tələbini qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, idddiaçı qeyd etdiyi heç bir halı sübut edə bilmir. Bu səbəbdən də iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X6 verdiyi ifadəsində bildirdi ki, mərhum Məhbubə Həsənova ilə uzun müddət tanışlıq münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə Mərizə ilə birlikdə xəstə ziyarəti üçün getmiş, orada olan vaxt notariat orqanının işçiləri olan Cavabdeh3 və onun köməkçisi ora gəlmişdir. Daha sonra Məhbubə ondan vəsiyyət edilməsində şahidlik etməsini xahiş etmişdir. Mərhum Məhbubə bütün əmlakını qardaşı qızı Nelgünə vəsiyyət etmişdir. Həmin vaxt video və foto çəkilişlər aparılmışdır. Məhkəmə iclasında iştirak etmiş şahid X7 digər şahid X2 ifadəsində götərilənlərlə oxşar məzmunlu ifadə verərək bildirdi ki, Məhbubə Həsənova vəsiyyətnamə verərkən Cavabdeh1, Cavabdeh3 orda olmuşdur. Hətta onlar Cavabdeh3la tanış çıxmışlar. Məhbubə Həsənovanın vəsiyyətnaməsini onların şahidliyə ilə təsdiq etmişdir. Məhkəmə işdə itirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli reyestrdə 2V-281 nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamə tərtib edilərkən şahidlər X7 və X6 iştirak etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, İddiaçı ərizə ilə Şəmkir rayon 1 saylı notariat ofisinin notariusu Cavabdeh3 tərəfindən qeyri-qanuni hərəkətlərə məruz qalması barədə müraciət etmiş və müraciət üzrə Şəmkir rayon 1 saylı notariat ofisinin notariusu Cavabdeh3 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********03-10301 daşınmaz əmlakın reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0482 ha yaşayış məntəqə torpağı və üzərində yerləşən 124.1 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X9 tam mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli 1336 saylı məktubdan görünür ki, Şəmkir rayonu 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə saat 15:00-dan 18:00-dək cəmi 88 (1 vəsiyyətnamə) notariat hərəkətləri aparılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, "xxxx" MMC-nin elektron məlumat bazasında qeyd edilən Cavabdeh3 adına rəsmiləşdirilmiş nömrələrə dair məlumat təqdim edilmiş, Cavabdeh3 adına aşkar edilmiş "xxxx" MMC-yə aid ********* və ********* mobil telefon nömrəsinin xx.xx.2023-cü il müddətində "xxxx" MMC-nin telekommunikasiya şəbəkəsində istifadəsi aşkar edilmədiyi üçün əhatə dairəsinə dair məlumatın təqdim edilməsi mümkün olmamış, ********* saylı nömrə Cavabdeh3 adına xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin elektron məlumat bazasında rəsmiləşdirildiyi üçün və xx.xx.2023-cü il tarixdə digər şəxsin adına qeydə alındığı üçün həmin tarixdə ********* saylı nömrənin əhatə dairəsinə dair məlumatın təqdim edilməsi mümkün olmamışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, qeyd olunan 55 635-42-35 mobil nömrə sorğulanan tarixdə Cavabdeh3 məxsus olmadığından anten məlumatları təqdim edilməmişdir. Cavabdeh3 rekvizitləri göstərilmədiyindən Bakcell şəbəkəsində abunəçiyə məxsus olan nömrələrin axtarışını aparmaq mümkün olmamışdır (məktuba anten dairələrini özündə əks etdirən 1 disk əlavə edilmişdir). Beləliklə, məhkəmə araşdırması zamanı məlum oldu ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O vəfat etməmişdən əvvəl xx.xx.2023-cü il tarixdə, 2V-281 reyestr nömrəsi ilə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə ona məxsus olan bütün əmlakı harada yerləməsindən və nədən ibarət olmasından asılı olmayaraq Cavabdeh1 vəsiyyət etmiş, həmin vəsiyyətnamə ilə digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir. İddiaçı hazırda cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V-281 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsini tələb etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Yuxarıda qeyd edilən normalardan görünüdüyü kimi, Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. İddia ərizəsində vəsiyyətnamənin etibarsızlığı üçün göstərilən ilk halda qeyd edilir ki, X1 öldüyü məqamədək-xx.xx.2023-cü il tarixədək Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə onun hər hansı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin əmlakın miras kütləsinə daxil olubolmaması hazırda mübahisələndirilən vəsiyyətnamədən müəyyən etmək olmur. Belə ki, miras qoyan hər-hansı əmlakı yox bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Qeyd edilən vərəsə tərəfindən isə Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə dair hazırda heç bir şəhadətnamə alınmamışdır. Həmin əmlaka dair vərəsə tərəfindən hər hansı şəhadətnamə alınarsa bu halda o şahadətnamə mübahisənin predmeti ola bilər. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********03-10301 daşınmaz əmlakın reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ünvan 4 ünvanında yerləşən 0,0482 ha yaşayış məntəqəsi torpaq xüsusi mülkiyyət hüququ ilə Məhbubə Həsənovanın atası X9 tam mülkiyyətindədir. Azərabaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iddia tələbində göstərilmiş vəsiyyətnamə tərtib olunarkən vəsiyyət edənin iradə ifadəsinin olmaması ilə bağlı qeyd edir ki, Məhbubə Həsənovanın vəfat etməmişdən öncə mədəsində bədxassəli şiş olmaqla ağır xəstəlikdən əziyyət çəkdiyini, həmin xəstəliyin ona ağır şəkildə ağrı verməsini və bu səbəbdən də vəsiyyətnamə verilərkən onun iradə ifadəsinin olmamasını qeyd etsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Lakin, hazırda iddiaçı vəsiyyət edənin vəsiyyətnaməni imzlayan zaman öz hərəkətlərinin mənasını başa düşmədiyini və ya onlara rəhbərlik edə bilmədiyini heç bir sübutla təsdiq edə bilməmişdir. İş materiallarında olan video görüntülərdən isə aydın olur ki, vəsiyyət edənin anlaqlılığını istisna edən, eyni zamanda öz hərəkətlərinin mənasını başa düşmədiyini və ya onlara rəhbərlik edə bilmədiyini göstərən hər hansı bir hal yoxdur. Vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə X1 özü tərəfindən imzalanmış və iki nəfər şəxsin şahidliyi ilə vəsiyyətnamə qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilərək notarius tərəfindən təsdiq olunmuş və vəsiyyətnamənin məzmunu onun həqiqi iradəsini əks etdirir. İddiaçının qeyd etdiyi üçüncü hal isə ondan ibarətdir ki, vəsiyyətnamə tərtib edilərkən Şəmkir rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3 vəsiyyət edən Məhbubə Həsənovanı görməmiş və vəsiyyətnamə onun yanında tərtib edilməmişdir. Bununla bağlı izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırda isə iddiaçı irəli sürdüyü halı təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunur ki, notarial hərəkət vəsiyyət edən X1 olduğu evdə, notariusun və iki şahidin iştirakı ilə aparılmışdır. Həmçinin Cavabdeh1 iş üzrə iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Qanunvericiliyin qeyd edilən normalarının təhlili onu göstərir ki, hazırda iddiaçı tərəfindən vəsiyyətnamənin etibarsızlığı üçün müəyyən olunmuş iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdeh iddia müddəti kimi Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən 1 illik müddətin tətbiqini məhkəmədən xahiş edir. Məhkəmə isə hesab edir ki, vəsiyyətnamənin etibarsızlığı üçün qanunvericilikdə müəyyən olunmuş xüsusi müddət-yəni Mülki Məcəllənin 1231.1-ci maddəsi tətbiq olunmalıdır. Belə ki, həmin maddəyə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Hazırda miras qoyan xx.xx.2023-cü il tarixdə vəfat etmiş, iddiaçının iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, vəsiyyətnamənin etibarsızlığı üçün müəyyən olunmuş iki illik iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-2042/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2042/2024
11.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver