Məhkəmə qərarları › İş №e-2(076)-281/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-281/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-281/2025 21.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı MMC–nin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı MMC–nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 12.800 manat, cərimə borcu üzrə 21,36 manat olmaqla, cəmi 12.821,36 manat məbləğində pulun və 129 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şaxs Cavabdeh arasında xx.xx.2024–cü il tarixli, 4237 nömrəli “Nisyə alqı–satqı haqqında” Müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni (işlənməmiş) "Elos Trio” cihazı və görünüşləri əvvəlcədən razılaşdırılmış hədiyyələr xx.xx.2024–cü il tarixli Təhvil–təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. Həmin Təhvil–təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024–cü il tarixli müqavilənin 2.2–ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 13.800 (on üç min səkkiz yüz) manat müəyyən edilmişdir. Müqavilənin 2.3–cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfındən 1.000 manat ilkin ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfındən birtərəfli qaydada pozulmuşdur. xx.xx.2024–cü il tarixdə 534 (beş yüz otuz dörd) manat ödəniş icra edilməli olmuş, lakin cavabdeh tərəfindən ödəniş öhdəliyi tam icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq cavabdeh tərəfındən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd edilməlidir ki, bu kimi hal Azərbaycan Respublikası Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Hesab edirlər ki, yuxarıda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla iddia ərizəsi tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2024–cü il tarixli, 4237 nömrəli “Nisya alqı–satqı haqqında” Müqavilə öhdəliyin yaranması faktını sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4–cü maddəsinə əsasənə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisanin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizasində göstərilməli olan məlumatlardan biri kimi nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024–cü il tarixli, 4237 nömrəli “Nisya alqı–satqı haqqında” Müqavilənin 11.2–ci bəndinə əsasən, bu Müqavilə üzrə mübahisələr “Tərəflər”in öz aralarında pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Belə ki, ilk növbədə müqavilənin 2.3–cü bəndində qeyd edilmiş ödəniş mərhələsi və tarixinə uyğun olaraq öhdəliyinin icra edilməsinə dair İddiaçı MMC tərəfindən cavabdehə bir neçə dəfə telefon vasitəsi ilə məlumat verilməkla ödəniş edilməsi tələb edilmişdir. İddiaçı MMC tərəfindən mövcud mübahisənin danışıqlar vasitasilə həll edilməsi istiqamətində dəfələrlə cavabdeh ilə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir nəticə verməmişdir. Daha sonra, müqavilə üzrə yaranmış mübahisənin məhkəmədən kənar qaydada, məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi məqsədi ilə müqavilənin 2.3–cü bəndində qeyd edilmiş ödəniş mərhələsi və tarixina uyğun olaraq öhdəliyinin icra edilməsinə dair İddiaçı MMC tərəfindən xx.xx.2024–cü il tarixdə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh qeyd edilən ünvanda olmadığından xəbərdarlıq məktubunu cavabdehə çatdırmaq mümkün olmamışdır. Telefon danışığı ilə cavabdehə xəbərdarlıq məktubunun ünvana göndərilmasi deyilmiş və ödəniş öhdəliyi bir daha bildirilmişdir. Bundan sonra yenidən cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir ki, bu kimi hal da öz növbəsində həm qanunvericiliyin, həm də müqavilənin tələblərinin kobud şəkildə pozulması deməkdir. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə cərimə borcu hesablanmışdır. Qeyd edilənlərə əsasən tərəflər arasında bağlanmış xx.xx.2024–cü il tarixli, 4237 nömrəli “Nisyə alqı–satqı haqqında” Müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023–cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2–ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3–cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Belə ki, İddiaçı MMC tərəfindən xx.xx.2024–cü il tarixdə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmiş və bu hal iradə ifadəsinin qarşə tərəfə bildirilməsi ilə müqavilənin ləğv edilmesi hesab edilir. Beləliklə, xx.xx.2024–cü il tarixli, 4237 nömrəli “Nisyə alqı–satqı haqqında” Müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 12.800 manat, cərimə borcu üzrə 21,36 manat olmaqla, cəmi 12.821,36 manat məbləğində pulun və 129 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024–cü il tarixli, 4237 nömrəli “Nisyə alqı–satqı haqqında” Müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni (işlənməmiş) “Elos Trio” cihazı və görünüşləri əvvəlcədən razılaşdırılmış hədiyyələr xx.xx.2024–cü il tarixli Təhvil–təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024–cü il tarixli müqavilənin 2.2–ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 13.800 (on üç min səkkiz yüz) manat müəyyən edilmişdir. Cavabdeh 1.000 manat ilkin ödəniş etmiş, qalan pulu isə hissə–hissə ödəməyi öhdəsinə götürmüşdür. Sonradan cavabdeh aldığı məhsulun qüsurlu olmasını bildirmiş, bu səbəbdən həmin cihaz yenisi ilə əvəz edilmişdir. Bir müddət sonra cavabdeh aldığı ikinci cihazda da problem olmasını bildirmişdir. Onlar cihazın zəmanəti olmasını, bu səbəbdən problemin aradan qaldırılması üçün cihazı texniki servisə təqdim etməsini təklif etmişlər. Lakin cavabdeh bundan imtina etmiş, həmçinin aldığı məhsulun dəyərini ödəməkdən boyun qaçırmışdır. Hazırda hesab edir ki, iddia tam şəkildə əsaslıdır. Belə ki, cavabdeh məhsulu alarkən onu bəyənmiş və təhvil–təslim aktını şəxsən imzalanmışdır. Həmin akta əsasən o, təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını təsdiq etmişdir. Eləcə də, cavabdeh cihazın qüsurlu olmasını iddia etdiyi halda, həmin qüsurun aradan qaldırılması məqsədilə texniki servisə müraciət etməmişdir. Hazırda cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək borcunu ödəməmişdir. Bu səbəbdən onun 12.800 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Eləcə də, öhdəliyini lazımi qaydada icra etmədiyinə görə cavabdehə 21,36 manat cərimə hesablanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, Cavabdeh əsas borc üzrə 12.800 manat, cərimə borcu üzrə 21,36 manat olmaqla, cəmi 12.821,36 manat məbləğində pulun və 129 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2024–cü il tarixli, 4237 nömrəli nisyə alqı–satqı haqqında müqaviləyə əsasən dəyəri 13.800 manat olan “Elos Trio” cihazını iddiaçıdan almışdır. İddiaçı cəmiyyətə 1.000 manat ilkin ödəniş etmiş, qalan pulu isə hissə–hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024–cü il tarixli Təhvil–təslim aktına əsasən həmin cihaz ona təhvil verilmişdir. Lakin cihaz heç 10 gün istifadə edilməmiş qüsurlu çıxmış, bu səbəbədn cihazı geri qaytararaq dəyişdirilməsini tələb etmişdir. Bundan sonra həmin cihaz yenisi ilə əvəz edilmişdir. Həmin vaxt, yəni ikinci cihaz verilərkən onun da qüsurlu çıxması halında şirkət tərəfindən gəlib götürüləcəyi bildirilmişdir. Bu şərtlə o, ikinci cihazı təhvil almışdır. Lakin ikinci cihaz da keyfiyyətsiz olmuş və istifadə edə bilməmişdir. Bu səbəbdən də ödənişləri dayandırmışdır. Hesab edir ki, ona satılmış cihaz qüsurlu olduğundan iddiaçıya pul ödəməsi əsaslı sayıla bilməz. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Həmçinin, cavabdeh məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, cihazı alarkən yoxlamış və həmin vaxt cihaz işləmişdir, lakin sonradan cihaz tələbatı ödəməmişdir. Məhkəmə, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli 4237 saylı nisyə alqı–satqı müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC– dən 24 ay müddətinə ödəmək şərti ilə ilkin ödəniş 1.000 manat olmaqla, 13.800 manat dəyərində “Elos Trio” cihazını nisyə almışdır. Cavabdeh qalan pulu hər ay 534 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024–cü il tarixli təhvil–təslim aktından görünür ki, Cavabdeh “Elos Trio” cihazını və onun predmetlərini təhvil almışdır. İşdə olan və cavabdehə ünvanlanmış xx.xx.2024–cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehin cəmiyyətə olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024–cü il tarixli 4237 saylı nisyə alqı–satqı müqaviləsi üzrə 12.800 manat əsas borc, 21,36 manat cərimə borcu olmlaqla, cəmi 12.821,36 manat məbləğində borcu vardır. İşdə olan Uyğunluq Sertifikatından görünür ki, İddiaçı MMC tərəfindən sifariş edilən “Elos Trio” əmtəə nişanlı çoxfunksiyalı avadanlıq xx.xx.2024– xx.xx.2025–ci illər üçün istifadəyə yararlıdır. Beləliklə, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024–cü il tarixli 4237 saylı nisyə alqı–satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı cəmiyyətdən cəmi dəyəri 13.800 manat olan “Elos Trio” cihazını nisyə almış, habelə xx.xx.2024–cü il tarixli təhvil–təslim aktına əsasən cihazı və onun predmetlərini təhvil almışdır. Cavabdeh 1.000 manat ilkin ödəniş etmiş, qalan borcu 24 ay müddətinə ödəmək şərti ilə hər ay 534 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Nəticədə onun ödənilməmiş 12.800 manat əsas borcu qalmışdır. Həmçinin, cavabdeh öhdəliyini vaxtında icra etmədiyinə görə ona 21,36 manat həcmində dəbbə pulu tətbiq edilmişdir. Məhkəmə işin araşdırılmış hallarına qiymət verərəkən ilk öncə cavabdeh tərəfin izahatına qiymət verməyi zəruri hesab edir. Belə ki, cavabdeh məhkəmə iclası zamanı satın aldığı cihazın qüsurlu çıxmasını bildirsə də, məhkəmə həmin halla razılaşmamışdır. Çünki cavabdeh məhsulu satın alarkən işlədiyini görmüş, onu bəyənmiş və akt əsasında qəbul etmişdir. Sonradan isə cihazın qüsurlu olmasını və tələbatı ödəməməsini bildirmişdir. Halbuki, cihazın sonradan tələbatı ödəməməsi halı pulun ödənilməməsinə əsas ola bilməz. Bütün bu hallar isə onu eməyə əsas verir ki, cihaz işlək və keyfiyyətli şəkildə cavabdehə təhvil verilmişdir. Əks halda cavabdehin həmin cihazı şəxsən qəbul etməsi istisna ola bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1–ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı–satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur Həmin Məcəllənin 582.1–ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581–ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı–satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 588.1–ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Hazırki vəziyyətdə isə cavabdeh tərəf əşyanın qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsinə dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. cavabdeh yalnzı formal izahat verməklə kifayətlənmiş və izahatında istinad etdiyi halları sübut edə bilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, məhsul cavabdehə zəmanəti ilə satılmışdır. Qüsurlu olması halında həmin zəmanət əsasında qüsurun aradan qaldırılması ehtimalı olmasına baxmayaraq, cavabdeh cihazı özündə saxlamış və texniki servisə təqdim etməmişdir. Bu hal isə cihazın qüsurlu və keyfiyyətsiz olmasını istisna edir. Beləliklə, məhkəmə hesaab edir ki, cavabdeh keyfiyyətli məhsul almasına baxmayaraq, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Odur ki, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 12.800 manat əsas borc, 21,36 manat cərimə borcu olmaqla, cəmi 12.821,36 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ödənilmiş 129 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2024–cü il tarixli 4237 nömrəli “Nisyə alqı–satqı haqqında” müqavilə üzrə Cavabdeh 12.800 manat əsas borc, 21,36 manat cərimə borcu olmaqla, cəmi 12.821,36 (on iki min səkkiz yüz iyirmi bir manat otuz altı qəpik) manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 129 (bir yüz iyirmi doqquz) manat məbləğində pul alınıb İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar