Məhkəmə qərarları › İş №e-2(076)-2954/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2954/2024

28.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2954/2024 28.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçıların nümayəndəsi: Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras qalmış əmlaklarda payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras qalmış əmlaklarda payların müəyyən edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, X1 miras qalmış Şəmkir şəhəri Sabir küçəsi (keçmiş Ü.Hacıbəyov küçəsi) 2 saylı ev və Şəmkir şəhəri Aşıq Hüseyn küçəsi 49/3, 1 saylı mənzilə dair vərəsələrin müvafiq payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X1 miras qalmış Şəmkir şəhəri, keçmiş Ü.Hacıbəyov küçəsi 2 saylı ev və Şəmkir şəhəri Aşıq Hüseyn küçəsi 49/3, 1 saylı mənzilə dair vərəsələrin müvafiq payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir şəhəri Ü.Hacıbəyov küçəsi 2 saylı ev və Şəmkir şəhəri Aşıq Hüseyn küçəsi 49/3, 1 saylı mənzil iş üzrə iddiaçıların ataları X6 xüsusi mülkiyyətindədir. X3 və X2 birgə nikahından Reyhan, Ceyhun, Abdulla və Coşqun adlı 4 övladları vardır. Miras qoyan X8 xx.xx.2023–cü il tarixdə, onun mərhum arvadı X4 xx.xx.2022–ci ildə vəfat etmişlər. Miras qoyan Alim Sadıqov hələ sağlığında, xx.xx.2022–ci il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını qızı–hazırki iş üzrə İddiaçı1 vəsiyyət etmişdir. X10 vəfat etdikdən sonra İddiaçı1 aidiyyəti üzrə notariusa müraciət edərək, vərəsəlik verilməsini xahiş etmiş və notarius vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina etmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də iddiaçılar hazırda miras qalmış əmlaklarda payın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqda təkrar rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. İddiaçıları isə məhkəmə iclasında nümayəndəsi təmsil etmişdir. Məhkəmə, işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********34–05101–093001 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhəri Aşıq Hüseyn küçəsi, ev 49/3, 1 saylı mənzil mülkiyyət hüququ üzrə X6 adına qeyd edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********29– 10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 170.40 kv.m fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X6 adına qeyd edilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli, 8İ–5175 reyestr nömrəli vəsiyyətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ünvan 2 ünvanında qeydiyyatda olan qızı İddiaçı1 vəsiyyət etmişdir. İşdə olan 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.1983–cü il təvəllüdlü oğlu İddiaçı2, xx.xx.1984–cü il təvəllüdlü oğlu Cavabdeh2, xx.xx.1985–ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1990–cı il təvəllüdlü İddiaçı1 adlı övladları vardır. İşdə olan 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2024–cü il tarixli, 560 nömrəli məktubdan görünür ki, İddiaçı1 müraciətinə cavab olaraq miras qoyan–X6 qanun üzrə vərəsələri ilə İddiaçı1 arasında miras payın qəbuluna dair mübahisə mövcud olduğundan aidiyyəti üzrə məhkəməyə müraciə etməsi tövsiyyə edilmişdir. İşdə olan 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsus notariusunun xx.xx.2024–cü il tarixli qərarından görünür ki, həmin qərarla X5 qalmış miras əmlaklara dair vərəslər arasında mübahisə olduğundan vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməkləri tövsiyyə edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2023–cü il tarixdə vəfat etmişdir. İşdə olan 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023–cü il tarixli, 1495 saylı məktubdan görünür ki, X8 tərəfindən İddiaçı1 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində verilmiş və 2V–209 reyetsrdə təsdiq edilmiş vəsiyyətnamə ləğv edilməmiş və hal–hazırda qüvvədədir. Beləliklə, məhkəmə, iddiaçının nümayəndəsinin izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, Şəmkir şəhəri Aşıq Hüseyn küçəsi, ev 49/3, 1 saylı mənzil və ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 170.40 kv.m fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X6 adına qeyd edilmişdir. X8 xx.xx.2023–cü il tarixdə vəfat etmişdir. X5 Şəmkir şəhəri Aşıq Hüseyn küçəsi, ev 49/3, 1 saylı mənzil və ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 170.40 kv.m fərdi yaşayış evi miras qalmışdır. X8 xx.xx.2022–ci il tarixli, 8İ–5175 reyestr nömrəli vəsiyyətnamə əsasında X8 ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ünvan 2 ünvanında qeydiyyatda olan qızı İddiaçı1 vəsiyyət etmişdir. Miras qoyan X6 hazırda İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 adlı övladları həyatda yaşayır və onlar mərhum atalarından qalmış mirası faktiki qəbul etmişlər. İddiaçılar və cavabdehlər arasında X5 qalmış mirasın bölünməsi ilə bağlı mübahisə yarandığından notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, miras qoyan vəsiyyətnamə verdiyindən və hazırda da həmin vəsiyyətnamə qüvvədə olduğundan, X10dan miras qalmış əmlaklar onun vərəsələrinə qanun üzrə vərəsəlik qaydasında deyil, vəsiyyət üzrə vərəsəlik qaydasında keçməlidir. Məhkəmə, həmçinin iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini də zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ miras toplusuna X6 adına ********** qeydiyyat nömrəli, **********34–05101– 093001 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında qeyd edilmiş Şəmkir şəhəri Aşıq Hüseyn küçəsi, ev 49/3, 1 saylı mənzil və ********** qeydiyyat nömrəli, **********29–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında qeyd eidlmiş ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 170.40 kv.m fərdi yaşayış evi daxildir. Azərbaycan Respublikası Mülki Prosessuaal Məcəlləsinin 88–ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X10 xx.xx.2023–cü il tarixdə vəfat ediyindən ondan qalan miarsla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29–cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 5–ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin 1–ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71–ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193–cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194–cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195–ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196–cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014–cü il tarixli Qərarında da göstərmişdir ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200–cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021–ci tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17–ci maddəsinin İ hissəsi, 29–cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194–cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255–ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyun 2024–cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 17–ci maddəsinin İ hissəsinin, 29–cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193–cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273–1–ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023–cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri–əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4– cü maddəsinə və bu Qərarın təsviri–əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, bu Qərar, qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçılar və cavabdehlər miras qoyan X3nun övladları olmaqla mirasın açıldığı vaxt onun vərəsələri olmuşdur. Lakin miras qoyan iddiaçılardan İddiaçı1 adına vəsiyyətnamə verdiyindən, İddiaçı1 vəsiyyət üzrə vərəsə, digər İddiaçı2 və cavabdehlərin isə mirasdan məcburi pay almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X1 miras qalmış mübahisəli Şəmkir şəhəri Aşıq Hüseyn küçəsi, ev 49/3, 1 saylı mənzildən və ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 170.40 kv.m fərdi yaşayış evindən vəsiyyət üzrə vərəsə olan İddiaçı1 miras payı 5/8 hissədə, birinci növbəli vərəsə olan İddiaçı2 məcburi payı isə 1/8 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X1 miras qalmış, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********34–05101–093001 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ona məxsus olan Şəmkir şəhəri Aşıq Hüseyn küçəsi, ev 49/3, 1 saylı mənzildən və xx.xx.2024–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********29–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ona məxsus olan ünvan 3 ünvanda yerləşən 0.03 ha torpaq sahəsindən və üzərində yerləşən 170.40 kv.m fərdi yaşayış evindən İddiaçı1 vəsiyyətnamə üzrə miras payı 5/8 hissədə, İddiaçı2 məcburi payı 1/8 hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar