Məhkəmə qərarları › İş №e-2(076)-3093/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3093/2025

01.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3093/2025 01.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Məmmədova Alsu Dəyanət qızının katibliyi, İddiaçı, İddiaçı və onun nümayəndəsi (vəkil) vəkili Nümayəndə iştirakları ilə, İddiaçı, İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə, Cavabdeh1 İsa oğluna, X5 qarşı (Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi) “xx.xx.2024-cü il tarixli 2V-3636 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması” tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı, İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə, Cavabdeh1 İsa oğluna, X5 qarşı “xx.xx.2024-cü il tarixli 2V-3636 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəmkir rayon 1 saylı Notarit kontorunda mərhum anası X1 qalmış miras əmlaka görə cavabdeh qardaşı Cavabdeh1 adına Şəmkir rayonunun Sarıtəpə kəndində yerləşən 0.06 ha torpaq sahəsinə görə tərtib olunmuş xx.xx.2024-cü il tarixli 2V-3636 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasına, həmin qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 adına üçüncü şəxs tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli ********** qeydiyyatın ləğv olunmasına, miras əmlakın əvvəlki vəziyyətə qaytarılmasına, onun miras əmlaka qanun üzrə vərəsə tanınmağına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun doğma qardaşı, X7 isə uzaqdan qohumudur. Vüsal anasının himayəsində yaşayıb. Mərhum atası X8 ilə mərhum anası X3 1956-cı ildə ildə faktiki ailə qurublar. Onların rəsmi nikahı qeydə alınıb. Lakin sonradan aralarında olan nikah rəsmi qaydada pozulmuşdur. Lakin sonradan barışmış və faktiki ailə həyatını davam etdirmişlər. Onların rəsmi nikahından 3 uşaq doğulub: 1. Maraqlı şəxs -xx.xx.1958-ci il. 2. İddiaçı- xx.xx.1961-ci il 3. Cavabdeh1 – xx.xx.1971-ci il. Mərhum valideynləri vəfat edən günə kimi bir ailədə, bir təsərrüfatda yaşayıblar. Mərhum atası X8 1993-cü ildə vəfat etmişdir. Mərhum anası X3 isə 05 noyabr 2006-cu ildə vəfat etmişdir. Mərhum anası X1 Şəmkir rayonunun Sarıtəpə kəndində 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras torpaq sahəsi onun evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə bitişik olduğu üçün torpaq sahəsinə o nəzarət edirmiş. Həmin torpaq sahəsində meyvə ağacları əkmişdir və meyvə ağaclarına qulluq edirmiş. Sonra həmin torpaq sahəsini o bir nəfərə satmışdır. Aradan uzun illər keçəndən sonra həmin torpaq sahəsini alan şəxs geri qaytardı və ondan ödəmiş olduğu pulu geri tələb etdi. Bu barədə məhkəmə qətnaməsi də vardır. Bu səbəbdən də o həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyərkən ehtiyat etdi ki, barəsində olan məhkəmə qətnaməsinə əsasən torpaq sahəsini öz adıma rəsmiləşdirsə, borcun əvəzi olaraq torpaq sahəsi ondan geri alına bilər. Buna görə də o torpaq sahəsini öz adına deyil, qardaşı-Cavabdeh1 adına rəsmi qeydə aldırmışdır. Danışığa görə cavabdeh qardaşı istədiyi vaxt həmin torpaq sahəsini onun öz adına rəsmiləşdirəcəkdir. Lakin hazırda o istəyir ki, qardaşı Emin mübahisəli torpaq sahəsini ona geri qaytarmaqdan imtina edir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, cavabdeh qardaşı Cavabdeh1 adına cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisində miras torpaq sahəsinə görə tərtib olunmuş 24 dekabr 2024-cü il tarixli 2V-3636 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab olunsun və həmin şəhadətnamə əsasında cavabdeh qardaşı Cavabdeh1 adına 3-cü şəxs tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli ********** saylı qeydiyyat ləğv olunsun. Çünki mübahisəli torpaq sahəsi mərhum anasının sağlığından onun istifadəsində olub və onun ölümündən sonra da həmin miras əmlakı o qəbul edib, faktiki idarə etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkil) vəkili Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə, Cavabdeh1 İsa oğluna, X5, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında cavabdehlər və üçüncü şəxsin nümayəndələri iştirak etmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 xx.xx.2024-cü il tarixli notarial ərizəsinin surətindən görünür ki, Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən 0.12 ha torpaq sahəsi olan və X1 qalmış miras əmlaka Cavabdeh1 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli notarial ərizəsində göstərmişdir ki, anası X3 xx.xx.2006-cı il tarixdə ölmüşdür və onun tərəfindən mirasın qabul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Anasının ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmişdir və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması ve miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli notarial ərizəsində göstərmişdir ki, anası X3 xx.xx.2006-cı il tarixdə ölmüşdür və onun tərəfindən mirasın qabul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Anasının ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmişdir və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması ve miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən 0.12 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 2V-3636 nömrəli reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı ildə ölmüş X2 vərəsəsi Cavabdeh1dur və o Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinin tam hissəsinə pay almalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, 2V- 3636 nömrəli reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 və X4 adına xx.xx.2025-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir. Tətbiq edilən hüquq: Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və Vİİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi və mülki qanunvericiliyin digər prinsipləri mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə tarazlaşdırılmış) tənzimlənməsinə xidmət edir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Qeyd olunması zəruridir ki,İddiaçı hazırki miras əmlakdan imtina etməklə sözügedən miras əmlaka dair verilən vərəsəlik haqqında şəhadətnaməni mübahisələndirməsi üçün subyektiv hüququnu aradan qaldırmış eyni zamanda iddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki miras əmlakdan imtina barədə iradə bəyanı zamanı hər hansı zorakılıq,aldatma və hədə qorxuya məruz qalmamışdır. Mülki hüquqi nəzəriyyə görə mirasdan imtina birtərəfli iradə ifadəsi hesab edildiyindən bu imtina formalaşdırıcı haqqa daha yaxın münasibət halına gəlmiş olur. Belə ki, formalaşdırıcı haqlar birtərəfli iradə ifadəsi ilə həyata keçirilir. Formalaşdırıcı haqlar istifadə olunan kimi aradan qalxır/xitam olur. Bunun səbəbi odur ki, formalaşdırıcı haqlar stifadə olunduqda məqsəd əldə edilmiş olur. Yəni birtərəfli iradə ifadəsilə hüquqi münasibət arzu olunan hala gəlir. Formalaşdırıcı haqlar müəyyən edilən qaydada istifadə olunduqdan sonra onları geri bərpa etmək mümkün olmur. Belə ki, formalaşdırıcı haqqın istifadə olunması ilə birlikdə məqsəd əmələ gəldiyinə və mənafe də təmin olunmuş hesab olunduğuna görə formalaşdırıcı haqq da xitam olur. Məsələn, hazırkı halda da iddiaçı mirasdan imtina etmişdir. Mülki qanunvericiliyə əsasən qeyd edlidiyi kimi vərəsə mirasdan imtina etdikdən sonra bu imtinanı geri götürə bilməz. Formalaşdırıcı haqlar qeyd olunduğu kimi öz sahiblərinə birtərəfli istifadə olunmaqla başqalarının hüquqi vəziyyətini dəyişdirmək nəticəsini əmələ gətirən haqlardır. Bu baxımdan hüquqi durumları formalaşdırıcı haqların istifadə olunması ilə birlikdə iradələri xaricində dəyişən mülki hüquq subyektlərinin öz hüquqi vəziyyətlərinin nə vaxt və hansı mahiyyətdə dəyişməsi barəsində aydın və konkret məlumata malik olması lazımdır. Formalaşdırıcı haqların istifadə olunmasından imtina edilməsi həm onlar (hüquqi vəziyyəti dəyişəcək olanlar) baxımından, həm də hüquq sistemi baxımından müəyyənliyi aradan qaldırar. Çünki mülki hüquqda şərt, hüquq və vəzifələrin əmələ gəlməsi üçün əsas götürülən, ancaq baş verib-verməyəcəyi məlum olmayan hal və ya hadisədir. Formalaşdırıcı haqların istifadəsi üçün nəzərdə tutulan müddətlər kəsici müddətlər olur. Çünki formalaşdırıcı haqlar istifadə olunub əlaqədar tərəfə çatmaqla öz hüquqi təsirini əmələ gətirir. Əlaqədar tərəfin iradəsinin bunun qarşısını almaq baxımından bir təsir və rolu olmur. Formalaşdırıcı haqlar birtərəfli qaydada hüquqa uyğun bir şəkildə haqq sahibi tərəfindən istifadə olunmaqla avtomatik olaraq istiqamətləndiyi hüquqi nəticəni əmələ gətirir. Belə bir haqqın istifadəsi hüquqi müstəvidə dərhal dəyişikliyə səbəb olduğuna görə, hüquqi müəyyənliyin təmin olunması ehtiyacı, bu cür haqlar üçün nəzərdə tutulan müddətlərin kəsici olmasını zəruri edir. Yəni formalaşdırıcı haqların istifadəsi üçün nəzərdə tutulmuş olan müddətin ötürülməsi/keçməsi, avtomatik olaraq formalaşdıran haqqın öz-özlüyündən xitam olmasına səbəb olur.Hazırkı halda da iddiaçı mirasdan imtinaya dair qanunvericiliyin ona tanımış olduğu haqdan istifadə etməklə miras payından imtina etmişdir. Miras paydan imtina edilməsi barədə ərizənin geri götürülməsini qanunverici qadağan etmişdir. Yəni artıq iddiaçı imtina barədə ərizənin ləğv edilməsini tələb etmək hüququdan məhrum olmuşdur. Bu baxımdan araşdırılan mübahisə üzrə haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq, sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Halbuki məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM -217.1m). Odur ki, məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni mənafeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz.Nəzərə alınmalıdır ki,bu kimi hal özlüyündə miras qoyanın mirsas əmlakları üzərində vərəsələr arasında yersiz ixtilafların yaranmasına, miras əmlaklarına dair ayrıseçkiliyə gətirib çıxarması ehtimalları nəzərə alınmaqla mülki hüquq belə bir qənaətə gəlmişdir. Oxşar mübahisələr üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) təcrübəsi ondan ibarətdir ki – mülkiyyət hüququ (AİHS-in 1 saylı Protokolu, maddə 1) yalnız qanuni gözləntilərə söykənirsə qorunur; əgər şəxs özü könüllü olaraq imtina edibsə, sonradan “geri dönmək” hüququ yaranmır (məsələn, Kopecký Slovakiyaya qarşı (2004), Gratzinger və Gratzingerova. Çexiya Respublikasına qarşı işlər (2002)). Yuxarıda qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki,hazırki mübahisə ilə bağlı İddiaçı öz iradə bəyanı ilə mirasdan imtina etmiş nəticədə hazırki miras əmlaka dair verilmiş vərəsəlik haqqında şəhadətnaməni mübahisələndirməsi üçün subyektiv hüququnu aradan qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilməsin. İddiaçı, İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə, X9 və Cavabdeh1 İsa oğluna qarşı “xx.xx.2024-cü il tarixli 2V-3636 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar