Məhkəmə qərarları › İş №e-2(076)-336/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-336/2025

25.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-336/2025 25.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil1 Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, payın ayrılması və məcburi pay hüququnun müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, payın ayrılması və məcburi pay hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında 0.1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evindən, valideynləri X8 və X3 mülkiyyətinə verilmiş Şəmkir rayonu, Düyərli kəndi ərazisindəki 0.34 ha torpaq sahəsindən və Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə X8 mülkiyyətinə verilmiş Şəmkir rayonu, Düyərli kəndi ərazisindəki 0.17 ha torpaq sahəsindən pay ayrılması, X5na vərəsəlik qaydasında keçmiş miras əmlakdan məcburi pay hüququnun müəyyən edilməsi haqda qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 xx.xx.2006–cı il tarixdə vəfat etmişdir. O və X5 onun hüquqi varisləri olmuşdur. Atası xx.xx.2005–ci il tarixdə Şəmki rayon 1 nömrəli dövlət notariat ofisi tərəfindən tərtib edilmiş vəsiyyətnaməyə əsasən Şəmkir rayonu, Düyərli kəndində xüsusi mülkiyyətində olan evini və torpaq sahəsini X5na vəsiyyət etmişdir. O, 1978–ci ildən 2020–ci ilədək Rusiya Federasiyasında yaşadığından yuxarıda qeyd olunan sənədlərdən xəbəri olmamışdır. X5 xx.xx.2020–ci il tarixdə vəfat etdikdən sonra onun yasında iştirak edib və sonradan bilmişdir ki, atasından qalmış bütün əmlak qanun üzrə vərəsəlik qaydasında onun həyat yoldaşı Cavabdeh Ramiş qızına verilmişdir. Belə olan halda Şəmkir rayon 1 nömrəli dövlət notariat ofisi tərəfindən yanlış verilmiş vərəsəlik şəhadətnamələri əsasında onun vərəsəlik hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Şəmkir rayon 1 nömrəli dövlət notariat ofisinə xx.xx.2006–cı il tarixdə vəfat etmiş X6 xx.xx.1999–cu il tarixdə vəfat etmiş anası Məmmədova Həmayə M.Əli qızından qalmış miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsinə dair xx.xx.2021–ci il tarixdə ünvanladığı ərizəsinə cavab olaraq müvafiq olaraq xx.xx.2021–ci il tarixli 2V–671 və xx.xx.2021–ci il tarixli 2V– 672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi barəsində məhkəməyə müraciət etməyi təklif edilmişdir. Bununla bağlı Şəmkir rayon məhkəməsinə iddia ilə müraciət edərək şəhadətnamələrin etibarsız hesab edilməsi, miras əmlakda qanun üzrə payın və vərəsəlik qaydasında keçmiş miras əmlakda məcburi payın müəyyən edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024–cü il tarixli 2(076)–112/2024 saylı qətnaməsi ilə onun subyektiv hüququnun olmaması əsası ilə iddia təmin edilməmişdir. Bundan sonra Şəmkir rayon məhkəməsinə qohumluq münasibətdə olması faktının müəyyən edilməsi haqda iddiası xx.xx.2024–cü il tarixli 2(076)–2765/2024 saylı qətnaməsi ilə təmin edilərək, xx.xx.2006–cı il tarixdə vəfat etmiş X8 onun, yəni xx.xx.1957–ci ildə anadan olmuş İddiaçı atası olmasını etiraf etməsi faktı müəyyən edilmişdir. Bununla da o, vərəsəliyin qəbul edilməsində, mirasda məcburi payın tələb etməsinə dair subyektiv hüquq əldə etmişdir. Hesab edir ki, Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli və nəticədə ünvan 1 ünvandakı 0.1623 ha torpaq sahəsində yerləşən 246.7 km. sahəsi olan fərdi yaşayış evi, həmçinin JN–1964 saylı Dövlət Aktı əsasında Şəmkir Rayon AİK–nin xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə X8 və X3 mülkiyyətinə verilmiş Şəmkir rayonu, Düyərli kəndi ərazisindəki 0.34 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, habelə JN–231A saylı Şəhadətnamə əsasında Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə X8 mülkiyyətinə verilmiş Şəmkir rayonu, Düyərli kəndi ərazisindən 0.17 ha həyətyanı torpaq sahəsi miras kütlǝyǝ daxil edildiyindən, həmin miras əmlakdan ona qanun üzrə vərəsəlik qaydasında payın müəyyən edilməsi və X5na vərəsəlik qaydasında keçmiş miras əmlakdan məcburi pay hüququnun tanınması məhkəmə qaydasında müəyyən edilə bilər. Göründüyü kimi o, mirası qəbul etməkdən imtina etməmiş, əksinə məhkəməyə müraciət edərək, qanun üzrə payını tələb etmişdir. Odur ki, iddianın təmin olunaraq, Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında 0.1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evindən, valideynləri X8 və X3 mülkiyyətinə verilmiş Şəmkir rayonu, Düyərli kəndi ərazisindəki 0.34 ha torpaq sahəsindən və Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə X8 mülkiyyətinə verilmiş Şəmkir rayonu, Düyərli kəndi ərazisindəki 0.17 ha torpaq sahəsindən pay ayrılması, X5na vərəsəlik qaydasında keçmiş miras əmlakdan məcburi pay hüququnun müəyyən edilməsi haqda qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X6 və anası Verdiyeva Həmayə M.Əli qızı arasında 09 aprel 1966–cı il tarixdə rəsmi nikah bağlanmışdır. X6 xx.xx.2006–cı il tarixdə vəfat etmişdir. O və X5 onun hüquqi varisləri olmuşlar. Atası xx.xx.2005–ci il tarixdə Şəmkir rayon 1 nömrəli dövlət notariat ofisi tərəfindən tərtib edilmiş vəsiyyətnaməyə əsasən Şəmkir rayonu, Düyərli kəndində xüsusi mülkiyyətində olan evini və torpaq sahəsini X5na vəsiyyət etmişdir. O, 2006–cı ilədək Rusiya Federasiyasında yaşadığından yuxarıda qeyd olunan sənədlərdən xəbəri olmamışdır. Belə ki, 2006–cı il tarixədək RF–da yaşamış, sonradan mübahisəli evə gəlmiş, lakin onu evə buraxmamışlar, o da məcbur olub sexdə yaşamışdır. X5 xx.xx.2020–ci il tarixdə vəfat etdikdən sonra onun yasında iştirak edib və sonradan bilmişdir ki, atasından qalmış bütün əmlak qanun üzrə vərəsəlik qaydasında onun həyat yoldaşı Cavabdeh verilmişdir. Belə olan halda Şəmkir rayon 1 nömrəli dövlət notariat ofisi tərəfindən yanlış verilmiş vərəsəlik şəhadətnamələri əsasında onun vərəsəlik hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, əldə olunmuş sənədlərə əsasən həqiqətən X6 xx.xx.2005– ci il tarixli, 2V–01–70 reyestr nömrəli vəsiyyətnaməyə əsasən ona məxsus olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən evini və torpağını X5na vəsiyyət etmişdir. Həmin dövrdə Düyərli Kənd İcra Nümayəndəliyi tərəfindən Şəmkir Notariat kontoruna verilmiş arayışlarda anasının və atasının vəfatından sonra ailə üzvləri tərkibində onun adı qeyd edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, onun vərəsəlik hüquqları pozulmuşdur. Bununla yanaşı X6nun adına xx.xx.2021– ci il tarixli, ********** qeydiyyat nömrəli, **********13–10301 reyestr nömrəli xüsusi mülkiyyət hüququ əsasında ünvan 1 ünvandakı 0,1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyətindədir və həmin miras əmlak vərəsələr tərəfindən rəsmi qaydada qəbul edilməmişdir. X5 xx.xx.2020–ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra həyat yoldaşı Cavabdeh notariat ofisinə müraciət etməklə 265 saylı, 2V–311 reyestr vərəsəlik işi açılmış və ona xx.xx.2020–ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ünvan 2 ünvandakı 0,1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evi miras kütləyə daxil edildiyindən həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ mövcuddur və eyni zamanda atasından qalan miras əmlakdan məcburi pay hüququ vardır. Lakin X5 və ölümündən sonra həyat yoldaşı Cavabdeh xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras əmlakı qanunsuz olaraq ələ keçirmişdir. Bu səbəbdən də həmin şəhadətnamələr etibarsız hesab edilməli və onun vərəsəlik hüquqları bərpa edilməldir. Odur ki, Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında 0.1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evindən, valideynləri X8 və X3 mülkiyyətinə verilmiş Şəmkir rayonu, Düyərli kəndi ərazisindəki 0.34 ha torpaq sahəsindən və Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə X8 mülkiyyətinə verilmiş Şəmkir rayonu, Düyərli kəndi ərazisindəki 0.17 ha torpaq sahəsindən pay ayrılması, X5na vərəsəlik qaydasında keçmiş miras əmlakdan məcburi pay hüququnun müəyyən edilməsi haqda qətnamə çıxrılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı oğlunun nümayəndəsi (vəkil) Vəkil1 nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı əvvəllər də eyni tələblə cavabdehə qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2024–cü il tarixli 2(076)–112/2024 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Hesab edir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə artıq məhkəmə qaydasında baxılaraq, yekun məhkəmə aktı qəbul edilmiş və qeyd edilən tələblə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Belə olan halda iddiaçı yenidən iddia qaldırmaqda haqlı olmamışdır. Həmçinin, qeyd edir ki, iddiaçı özü ərizəsində 1978–ci ildən 2020–ci ilədək Rusiya Federasiyasında yaşadığını göstərmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı uzun müddət Azərbaycanda yaşamamış, onun miras əmlaklarla heç bir əlaqəsi olmamışdır. İddiaçı ötən müddət ərzində miras əmlakların idarə edilməsində iştirak etməmiş, miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Hazırda iddianı tamamilə əsassız hesab edir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X8 tam mülkiyyət hüququ **********13–10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və notariat işinə əlavə edilmiş JN–1964 saylı Dövlət Aktından görünür ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə X8 və X3 mülkiyyətinə Şəmkir rayonu, Düyərli kəndi ərazisindən 0.34 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN–231A saylı Şəhadətnamədən görünür ki, Şəmkir Rayon AİK– nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə X8 mülkiyyətinə Şəmkir rayonu, Düyərli kəndi ərazisindən 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2005–ci il tarixli vəsiyyətnamədən görünür ki, X4 rayonu, Düyərli kəndində yerləşən evini və torpağını X12 vəsiyyət etmişdir. İşdə olan və notariat işinə əlavə edilmiş VVA–nın AQİS–dən Çıxarışdan görünür ki, X15 ilə İbrahimova (Məmmədova) Səadət Ramiz qızı arasında xx.xx.1996–cı il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan və notariat işinə əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, Məmmədova Həmayə M.Əli qızı 06 mart 1999–cu il tarixdə vəfat etmişdir. İşdə olan və notariat işinə əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, X14 05 mart 2006–cı il tarixdə vəfat etmişdir. İşdə olan və notariat işinə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X15 29 fevral 2020–ci il tarixdə vəfat etmişdir. İşdə olan və notariat işinə əlavə edilmiş Şəmkir RİHB–nın Düyərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2017–ci il tarixli 1398 saylı arayışdan görünür ki, X3 vəfatından sonra təsərrüfatında Azər adlı oğlu, Səadət adlı gəlini, Ramil və Jalə adlı nəvələri qalmışdır. İşdə olan və notariat işinə əlavə edilmiş Şəmkir RİHB–nın Düyərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2017–ci il tarixli 1399 saylı arayışdan görünür ki, X8 vəfatından sonra təsərrüfatında Azər adlı oğlu, Səadət adlı gəlini, Ramil və Jalə adlı nəvələri qalmışdır. İşdə olan xx.xx.2020–ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020–ci il tarixdə vəfat etmiş X10 vərəsəsi arvadı–Cavabdehdır və o, miras əmlakdan 3/3 hissədə almışdır. Şəhadətnamə verilən miras əmlaklar X12 verilmiş JN–1965C saylı Dövlət Aktına əsasən Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.2856 ha torpaq sahəsindən ½ hissə, X12 verilmiş JN–1965 saylı Dövlət Aktına əsasən Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.0553 ha torpaq sahəsindən ½ hissə, VAZ 21063 markalı 57–BJ–698 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və QAZ 33021 markalı 57–BP–321 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İşdə olan və Cavabdeh tərəfindən Şəmkir Rayon Notariat ofisinə yazılmış xx.xx.2021–ci il tarixli ərizədən görünür ki, o, X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən pay almaq üçün notariat orqanına müraciət etmişdir. İşdə olan xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006–cı il tarixdə vəfat etmiş X8 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və 0.1623 ha torpaq sahəsindən, həmçinin JN–1964 saylı Dövlət Aktına əsasən Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.34 ha torpaq sahəsindən ibarətdir. İşdə olan və Cavabdeh tərəfindən Şəmkir Rayon Notariat ofisinə yazılmış xx.xx.2021–ci il tarixli ərizədən görünür ki, o, Məmmədova Həmayə M.Əli qızından miras qalmış torpaq sahəsindən pay almaq üçün notariat orqanına müraciət etmişdir. İşdə olan xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1999–cu il tarixdə vəfat etmiş Məmmədova Həmayə M.Əli qızının vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Miras əmlak JN–1964 saylı Dövlət Aktına əsasən Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.34 ha torpaq sahəsindən ibarətdir. İşdə olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh tam mülkiyyət hüququ **********13–10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(076)– 112/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, qanun üzrə vərəsəlik qaydasında və mirasda məcburi payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(076)– 2765/2024 saylı qətnaməsindən görünür ki, 05 mart 2006–cı il tarixdə vəfat etmiş X11 xx xxxx 1957–ci il tarixdə anadan olmuş İddiaçı atası olması faktı müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X16 və Verdiyeva Həmayə M.Əli qızı arasında 09 aprel 1966–cı il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikahından 28 mart 1966–cı il tarixdə X15 doğulmuşdur. Həmçinin, müəyyən edildi ki, İddiaçı anası Məmmədova Həmayə M.Əli qızı olmaqla, xx xxxx 1957–ci il tarixdə Şəmkir rayonunda doğulmuş, atalığı müəyyən edilmədiyindən ata qrafası boş saxlanılmış, lakin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli qətnaməsi ilə 05 mart 2006–cı il tarixdə vəfat etmiş X11 xx xxxx 1957–ci il tarixdə anadan olmuş İddiaçı atası olması faktı müəyyən edilmişdir. Bundan başqa məhkəmə araşdırması nəticəsindən müəyyən edildi ki, xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X8 tam mülkiyyət hüququ **********13–10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmçinin JN–1964 saylı Dövlət Aktı əsasında Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə X8 və X3 mülkiyyətinə Şəmkir rayonu, Düyərli kəndi ərazisindən 0.34 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, habelə JN–231A saylı Şəhadətnamə əsasında Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə X8 mülkiyyətinə Şəmkir rayonu, Düyərli kəndi ərazisindən 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məmmədova Həmayə M.Əli qızı 06 mart 1999–cu il tarixdə, X14 05 mart 2006–cı il tarixdə, X15 29 fevral 2020–ci il tarixdə vəfat etmişdir. Həmçinin müəyyən edildi ki, mərhum X1 Şəmkir rayonu, Düyərli kəndində yerləşən evini və torpağını oğlu X12 vəsiyyət etmiş, bununla bağlı notarial qaydada xx.xx.2005–ci il tarixli vəsiyyətnamə vermişdir. X15 isə 29 fevral 2020–ci il tarixdə vəfat etmiş, bundan sonra, yəni X8 vəfatından sonra xx.xx.2020–ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qanun üzrə birinci növbəli vərəsəsi arvadı–Cavabdeh müəyyən edilmişdir. Miras əmlaklara dair Cavabdeh xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Hazırda iddiaçı tərəfindən Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr mübahisələndirilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının hazırkı tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub– olmaması, malik olduğu halda, həmin hüququn cavabdeh tərəfindən pozulub– pozulmaması məsələsinin araşdırılması zəruridir. Ona görə də məhkəmə hesab edir ki, iddianın qanuni həll edilməsi üçün iddiaçının müvafiq subyektiv hüququnun cavabdeh tərəfindən pozulub– pozulmaması məsələsinin araşdırılması üçün ilk növbədə miras əmlakın toplusuna daxil olan əmlakların və mirası qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməlidir. Məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ miras əmlakın toplusuna ünvan 1 ünvanında 0.1623 ha torpaq sahəsində yerləşən 246,7 kv.m sahəsi olan fərdi yaşayış evi, Şəmkir rayonu, Düyərli kəndi ərazisindəki 0.34 ha torpaq sahəsi və Şəmkir rayonu, Düyərli kəndi ərazisindəki 0.17 ha torpaq sahəsi daxildir. Məhkəmə, X2 miras qalmış Şəmkir rayonu, Düyərli kəndi ərazisindəki 0.34 ha torpaq sahəsi ilə bağlı qeyd edir ki, Həmayə Məmmədova 06 mart 1999–cu il tarixdə vəfat etmiş, həmin vaxt iddiaçı RF–da olmuş, bu səbəbdən mirasın qəbulu ilə bağlı hər hansı hərəkət etməmişdir. Belə ki, həm hazırki iddia ərizəsi ilə həm də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(076)–112/2024 saylı qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı 1978–ci ildən 2020–ci il tarixədək Rusiya Federasiyasında yaşamış, bu səbəbdən anası vəfat etdikdən sonra ondan qalan mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmədə işin araşdırılmış faktiki halları ilə müəyyən edilmişdir ki, X16 və Verdiyeva Həmayə M.Əli qızı arasında 09 aprel 1966–cı il tarixdə rəsmi nikah bağlanmış, İddiaçı isə onların rəsmi nikahından əvvəl, yəni xx xxxx 1957–ci il tarixdə doğulmuşdur. İddiaçı doğularkən atalığı qanunda nəzərdə tutulmuş qaydada müəyyən edilməmiş, doğum akt qrafasında ata qrafası boş saxlanılmış, lakin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli qətnaməsi ilə 05 mart 2006–cı il tarixdə vəfat etmiş X11 xx xxxx 1957–ci il tarixdə anadan olmuş İddiaçı atası olması faktı müəyyən edilmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı 1978–ci ildən mübahisəli miras mülkdən çıxmış və daimi olaraq Rusiya Federasiyasında yaşamışdır. Miras açılan vaxt iddiaçı daimi yaşamaq üçün Rusiya Federasiyasında olmuşdur. Miras qoyan öldüyü zaman cavabdeh ailəsi ilə birlikdə miras mülkdə yaşamışdır. Ona görə də miras qoyanın dəfn mərasiminə çəkilən xərcləri o, öz vəsaiti hesabına təkbaşına təmin etmişdir. Cavabdeh miras açıldıqdan sonra miras evdə ailəsi ilə birlikdə yaşamış və miras əmlakın abadlaşmasını və qorunub saxlanmasını təmin etmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı məhkəmə iclasında 2006–cı ilədək Rusiya Federasiyasında yaşamasını bildirsə də, həm hazırki iddia ərizəsi, həm də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2(076)–112/2024 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı 1978–ci ildən 2020–ci il tarixədək Rusiya Federasiyasında yaşamasını göstərmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçı həqiqətən 1978–ci ildən 2020–ci il tarixədək Rusiya Federasiyasında yaşamış, hazırda formal olaraq izahat vermişdir. İddiaçının əvvəlki və hazırki iddia ərizəsində göstərdikləri onun 2006–cı ilədək Rusiya Federasiyasında yaşamasını təkzib etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, mərhum X1 Şəmkir rayonu, Düyərli kəndində yerləşən evini və torpağını oğlu X12 vəsiyyət etmiş, bununla bağlı notarial qaydada vəsiyyətnamə vermişdir. Azər Məmmədovun vəfatından sonra isə ondan qalmış mirası miras açılan andan onun qanun üzrə vərəsəsi–arvadı Cavabdeh faktiki, sonra isə Şəmkir rayon notariat kontoruna ərizə verərək rəsmi qaydada qəbul etmişdir. Ona görə də onun adına xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında cavabdehin miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ **********13–10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olan halda məhkəmə işin bütün araşdırılmış hallarına qiymət verərək hesab edir ki, iddiaçının subyektiv vərəsəlik hüququ cavabdeh tərəfindən pozulmadığına görə iddia tələbi əsaslı deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən olunmuş halları mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmalıdır. Belə ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014–cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Məhkəmə, iddianın “xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının mərhum anası– xx.xx.1999–cu il tarixdə vəfat etmiş etmiş, ondan qalan miras əmlak mərhum Hüseyn Məmmədov tərəfindən qəbul edilmiş, sonuncu miras əmakı vəsiyyətnamə əsasında oğlu Azərə vermiş, Azərin vəfatından sonra isə miras əmlaka qanun üzrə birinci növbəli vərəsə Cavabdeh müəyyən edilmiş, iddiaçı da həmin Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, mərhum Məmmədova Həmayə M.Əli qızı xx.xx.1999–cu il tarixdə öldüyündən ondan qalmış miras əmlakla bağlı mübahisənin həllinə xx.xx.2000–ci il tarixədək qüvvədə olmuş, 1964–cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, köhnə redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsində belə mirasın qəbulu vərəsəlik açılan gündən altı ay müddətində edilməli olması nəzərdə tutulmuşdur. xx.xx.2000–ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 527–ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528–ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə onun ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı gün hesab olunur. Həmin Məcəllənin 552–ci maddəsinin 1–ci bəndinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 552–ci maddəsinin 2–ci bəndinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 552–ci maddəsinin 3–cü bəndinə əsasən bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının mərhum anası xx.xx.1999–cu il tarixdə vəfat etdikdən sonra iddiaçı nə faktiki, nə də rəsmi qaydada miras əmlakı qəbul etməmiş, bununla bağlı hər hansı real addım atmamışdır. Əksinə, iddiaçının özü həm iddia ərizəsində, həm də 2024–cü ildə mülki işə baxılarkən məhkəmə iclası zamanı verdiyi izahatında 1978–ci ildən 2020–ci ilədək Rusiya Federasiyasında yaşamasını qeyd etmişdir ki, bu hal da xx.xx.1999–cu il tarixdə vəfat etmiş Məmmədova Həmayə M.Əli qızından qalmış mirasın iddiaçı tərəfindən faktiki və ya rəsmi qaydada qəbul edilməsi halını istisna edir. Bu səbəbdən iddiaçı məcburi pay hüququnu da itirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193–cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194–cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Bundan başqa məhkəmə qeyd edir ki, mərhum X14 05 mart 2006–cı il tarixdə, X15 29 fevral 2020–ci il tarixdə öldüyündən onlardan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyindən, miras əmlak vərəsənin mülkiyyətinə qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1–ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə–ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsində göstərilir ki, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, mərhum X7, mərhum Məmmədova Həmayə M.Əli qızından və X9 qalmış mirası, onun ölümündən sonra Cavabdeh miras əmlakları istifadə etməklə faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlaklar qanun üzrə vərəsə olan Cavabdeh tərəfindən qəbul edildiyindən, cavabdeh haqlı olaraq mərhum X10 vərəsəsi tanınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273–1–ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023–cü il tarixli qərarı ilə vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya–hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273–1–ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri–əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, həmçinin həmin qərarda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273–1–ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023–cü il tarixli qərarı qüvvəyə minməmişdən əvvəl yarandığından həmin Qərar hazırki mülki işə şamil edilə bilməz. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına uyğun olaraq hesab edir ki, iddiaçı nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiyinə və susduğuna, həmçinin subyektiv vərəsəlik hüququnu həyata keçirmədiyinə görə həmin hüququ itirmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəfindən mirasın qəbul edilməsi, eləcə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi ilə bağlı mötəbər mənbədən əldə edilmiş sübutlar məhkəməyə təqdim edilməmiş, habelə notariat işinə baxış zamanı qanunun tələblərinin pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hazırki vəziyyətdə isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Bununla yanaşı, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mirasın qəbul edilməsi müddəti ərzində, mirasın açıldığını bildiyi halda, mirası qəbul etməyə yönələn hərəkətlər etməmiş, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin gecikdirmənin səbəbinin üzrlü sayılması barədə məhkəməyə müraciət etməmişdir. Ona görə də iddiaçı mirasdan pay almaq hüququnu itirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri–müəyyənliyin, qeyri–sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə iddiaçının mirası faktiki qəbul etməsi ilə bağlı istinad etdiyi dəlillərə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı miras açıldıqdan üç ay ərzində notariat kontoruna müraciət etməli olduğu halda, o, miras açıldıqdan uzun müddət sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245–ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273–1–ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262–ci və 1263–cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262–ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263–cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına uyğun olaraq hesab edir ki, iddiaçı nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiyinə və susduğuna, həmçinin subyektiv vərəsəlik hüququnu həyata keçirmədiyinə görə həmin hüququ itirmişdir. Belə olan halda məhkəmə qənaətə gəlir ki, cavabdehin adına verilmiş xx.xx.2021–ci il tarixli 2V–671 reyestr nömrəli və xx.xx.2021–ci il tarixli 2V–672 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmadığına və iddiaçının subyektiv hüququ cavabdeh tərəfindən pozulmadığına, habelə iddiaçı subyektiv vərəsəlik hüququnu itirdiyinə görə o, həmin tələb üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki. iddianın digər hissələri təmin edilmədiyindən “məcburi pay hüququnun müəyyən edilməsi” hissəsi də əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələb üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmadığına görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–nin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 227, 357–360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, payın ayrılması və məcburi pay hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar