Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-4075/2025 24.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Heydərova Nazlı Azər qızı, iddiaçı "xxxx" MMC–nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1.760,8 manat, cərimə borcu üzrə 176,08 manat, İnnovativ Layihələr Mərkəzi rüsumu üzrə 23,6 manat olmaqla, cəmi 1.960,48 məbləğində pulun və 39,61 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024–cü il tarixli 02028764 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş olmadan, 18 ay müddətinə ödəmək şərti ilə 2.203,02 manat dəyərində 1 ədəd İphone 13 markalı telefon, paket xidməti və qızıl zəmanət nisyə satılmışdır. Cavabdeh pulu 18 ay müddətində hər ay 122,39 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində cərimə olunacağı alıcı qismində çıxış etmiş Cavabdeh izah edilmiş və ondan razılıq alındıqdan sonra o, müqaviləni könüllü olaraq imzalamışdır. Lakin cavabdeh aldığı malın dəyərini tam şəkildə ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh 1.760,8 manat əsas borcunu ödəməmişdir. Ona görə də hər gecikən gün üçün gecikdirilmiş məbləğin 1 faizi həcmində borcun üzərinə 176,08 manat məbləğində cərimə hesablanmışdır. Həmçinin, müqavilənin 3.5–ci bəndinə əsasən "xxxx" MMC tərəfindən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun da cavabdehdən tutulması tələb edilir. Beləliklə, cavabdehin hazırkı vaxta qədər iddiaçı cəmiyyətə olan borcu cəmi 1.960,48 təşkil etmişdir. Bu səbəbdən cəmiyyət məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 1.760,8 manat əsas borc, 176,08 manat cərimə borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum olmaqla, cəmi 1.960,48 məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 39,61 manat dövlət rüsumunun alınıb "xxxx" MMC–nin xeyrinə ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–1– ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284–5.1–ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025–ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.2–ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İşdə olan xx.xx.2024–cü il tarixli 02028764 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödəniş olmadan, 18 ay müddətinə ödəmək şərti ilə cəmi 2.203,02 manat dəyərində 1 ədəd İphone 13 markalı telefon, paket xidməti və qızıl zəmanət nisyə satılmışdır. Cavabdeh pulu 18 ay müddətində hər ay 122,39 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, həmin müqavilə də alıcı hər gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olunmuş ödəniş qrafikindən görünür ki, Cavabdeh hər ay 122,39 manat məbləğində krediti ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025–ci il tarixli arayışdan görünür ki, Cavabdeh satılmış mobil telefonun açılıb–bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat pul ödənilmişdir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, cəmiyyətə olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024–cü il tarixli 02028764 nömrəli müqavilə üzrə 1.760,8 manat əsas borc, 176,08 manat cərimə borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum olmaqla, cəmi 1.960,48 məbləğində borcu vardır. İş materiallarında olan göndərilmiş məktubların siyahısından görünür ki, cavabdehə məhkəmə bildirişi göndərilmiş, cavabdeh xx.xx.2025–ci il tarixdə bildirişi almış, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.3–cü və 284–6.1–ci maddələrinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77–ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024–cü il tarixli 02028764 nömrəli alqı–satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı cəmiyyətdən cəmi dəyəri 2.203,02 manat olan 1 ədəd İphone 13 markalı telefon, paket xidməti və qızıl zəmanət nisyə almışdır. Alıcı pulu 18 ay müddətində hər ay 122,39 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Həmçinin, cavabdeh öhdəliyini vaxtında icra etmədiyinə görə ona 176,08 manat həcmində dəbbə pulu tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, həmçinin hesab edir ki, əsas borc tam şəkildə cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bununla belə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən əsas borcun məbləği ilə uzlaşmadığından azaldılaraq 17 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 17 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən əsas borc üzrə 1.760,8 manat, cərimə borcu üzrə 17 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum üzrə 23,6 manat olmaqla, cəmi 1.801,4 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024–cü il tarixli 02028764 nömrəli müqavilə üzrə Cavabdeh 1.760,8 manat əsas borc, 17 manat cərimə borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum olmaqla, cəmi 1.801,4 (bir min səkkiz yüz bir manat qırx qəpik) manat məbləğində pul alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 39,61 (otuz doqquz manat altmış bir qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-4075/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-4075/2025
24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver