Məhkəmə qərarları › İş №e-2(076)-574/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-574/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-574/2025 03.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Heydərova Nazlı Azər qızı, İddiaçı MMC–nin cavabdehlər, Cavabdeh və Zamin qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Zamin və Cavabdeh müştərək qaydada əsas borc üzrə 263 manat, cərimə borcu üzrə 109.98 manat olmaqla, cəmi 372.98 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçıMMC-dən 549.50 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ 12 8/256 GB SİLVER model məhsul almışdır. Cavabdeh borclu olduğu 549.50 manat məbləğdən 50,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2023-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 499.50 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi hər ay 34 manat olmaqla İddiaçıMMCə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı MMC-dən 549.50 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ 12 8/256 GB SİLVER model məhsulu alarkən İddiaçı MMC ilə Zamin arasında xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Zamin”, 1.2 bənddə göstərilən müqavilə üzrə Cavabdeh “Satıcı” qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Alıcı” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 286.50 manat təşkil edir. Cavabdehlər sonradan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar. Nisyə alqısatqı müqaviləsinin 6.1.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə Satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdehlər Zamin və Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçıMMC-ə xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 263 manat əsas borcu və 109.98 manat cərimə borcu olmaqla ümumilikdə 372.98 manat borcu vardır. Cavabdehlərə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərsələr də, cavabdehlər müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–1–ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284–5.1–ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024–cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.2–ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh satıcı İddiaçı MMC–dən 549.50 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ 12 8/256 GB SİLVER model məhsul almışdır. İşdə olan İddiaçı MMC ilə Zamin arasında bağlanmış xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsinə və müqavilənin 1.1-ci bəndinə əsasən “Zamin”, 1.2 bənddə göstərilən müqavilə üzrə Cavabdeh “Satıcı” qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Alıcı” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. İşdə olan hesab–fakturadan görünür ki, 549.50 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ 12 8/256 GB SİLVER model məhsul Cavabdeh satılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023–xx.xx.2024–cü il ərzində hər ay 34 manat məbləğində pulu İddiaçı MMC–yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı–satqı müqaviləsi üzrə 263 manat əsas borc, 109.98 manat cərimə borcu olmlaqla, cəmi 372.98 manat məbləğində borcu vardır. İşdə olan cavabdehlərə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilsə də, müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışlar. İş materiallarında olan göndərilmiş məktubların siyahısından görünür ki, cavabdehə çatdırılması üçün məhkəmə bildirişi ona göndərilmiş, lakin, bildiriş alındığı tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.3–cü və 284–6.1–ci maddələrinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı–satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı cəmiyyətdən 549.50 manat dəyərində olan 1 (Bir) ədəd XİAOMİ REDMİ 12 8/256 GB SİLVER model məhsul almışdır. Cavabdeh borcu hər ay 34 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Nəticədə onun ödənilməmiş 263 manat əsas borcu qalmışdır. Həmçinin, cavabdeh öhdəliyini vaxtında icra etmədiyinə görə ona 109.98 manat həcmində dəbbə pulu tətbiq edilmişdir. Eləcə də İddiaçı MMC ilə Zamin arasında xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Zamin”, 1.2 bənddə göstərilən müqavilə üzrə Zamin “Satıcı” qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Alıcı” ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, həmçinin, hesab edir ki, xx.xx.2023-cü il tarixli, ********** saylı müqavilə üzrə əsas borc tam şəkildə cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bununla belə, xx.xx.2023-cü il tarixli, ********** saylı müqavilə üzrə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən əsas borcun məbləği ilə uzlaşmadığından azaldılaraq 26 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, ********** saylı müqavilə üzrə dəbbə pulunun azaldılaraq 26 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı– satqı müqaviləsi üzrə, 263 manat əsas borc, 26 manat cərimə borcu olmaqla, cəmi 274 manat pul alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalanı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, ********** nömrəli müqavilə üzrə cavabdehlər Zamin və Cavabdeh müştərək qaydada 263 manat əsas borc, 26 manat cərimə borcu olmaqla, cəmi 289 (iki yüz səksən doqquz) manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elekron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə) Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar