Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-950/2025 10.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi İddiaçı MMC-nin Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı 3762.00 (üç min yeddi yüz altmış iki) AZN əsas borc, 1128.00 (bir min bir yüz iyirmi səkkiz) manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 809.22 (səkkiz yüz doqquz manat iyirmi iki qəpik) manat olmaqla ümumilikdə 5699.22 (beş min altı yüz doxsan doqquz manat, iyirmi iki qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-001-SA-23 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Octavia 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBAN7NX1RY015786), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, dəyəri 80,140.00 (səksən min bir yüz qırx) manat müəyyən edilən avtomobil üçün cavabdeh tərəfindən ilkin ödəniş olaraq 4,900.00 (dörd min doqquz yüz) manat ödənilmiş, qalan borc 75,240.00 (yetmiş beş min iki yüz qırx) manat məbləği isə xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1,254.00 (bir min iki yüz əlli dörd) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, cavabdeh X4 tərəfindən Müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra heç bir ödəniş etməmiş, gecikmələr barədə əməkdaşları tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilsə də cavabdeh öhdəliklərinin icrasından, həmçinin avtomobili qaytarmaqdan boyun qaçırmışdır. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə Skoda Octavia 1.6 MPİ markalı, 77YD698 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və X8 tərəfindən saxlanıldıqdan sonra, nəqliyyat vasitəsi müvafiq duracaqdan xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzlərinə gətirilmişdir və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Bununla bağlı cavabdeh X4 müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliklərinə geri qaytarıldığı tarixlə birlikdə üç aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-001-SA-23 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildirirlər ki, Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün təmir xərci 809.22 (səkkiz yüz doqquz manat iyirmi iki qəpik) manat müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə realzərər dəymişdir. Eyni zamanda baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (6119 km) və bazar qiymətlərinə uyğun olaraq 15% dəyərdən düşmüşdür. Eyni zamanda tərəflər arasında müqavilə imzalandığı xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan üç ayın (yanvar, fevral, mart ayları üçün) ödənilməmiş məbləği, yəni 3,762.00 (üç min yeddi yüz altmış iki) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1,128.00 (bir min bir yüziyirmi səkkiz) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 5,699.22 (beş min altı yüz doxsan doqquz manat iyirmi iki qəpik) manat miqdarında zərər və borc öhdəliyi yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli B-001-SA-23 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcıməhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X5 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. İddiaçı MMC məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə verərək üzürlü səbəbdən nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (satıcı) ilə X4 (alıcı) arasında xx.xx.2024-cü il tarixli avtomobil alqı-satqısı üzrə B-001-SA-23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli Octavia 1.6 MPİ, buraxılış ili 2023 olan (VİN:TMBAN7NX1RY015786) avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi qarşılıqlı şəkildə öhdələrinə götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1 bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 80.140 Azərbaycan Manatı müəyyən edilir. Tərəflərin razılığı ilə ilkin ödəniş 4900 Azərbaycan Manatı müəyyən edilir. Qalıq borc sayılacaq 75.240 Azərbaycan Manatı məbləği isə Alıcı xx.xx.2024-cü il tarixindən etibarən 60 ay müddətində, ayda 1254 Azərbaycan manatı ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı” nəqliyyat vasitəsinin dəyərini hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X5 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Təhvil-Təslim Aktından görünür ki, İddiaçı MMC tərəfindən modeli Octavia 1.6 MPİ, buraxılış ili 2023 olan (VİN:TMBAN7NX1RY015786) avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcı X3 təhvil verilmiş, alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur. İş materiallarında olan təmir aktından görünür ki, modeli Octavia 1.6 MPİ, buraxılış ili 2023 olan (VİN:TMBAN7NX1RY015786), dövlət qeydiyyat nişanı 77YD698 olan avtomobilin təmir xərci 809.22 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə yaranmış borcun ödənilməsi, əks təqdirdə alqı-satqı müqaviləsinə xitam veriləcəyi və borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 alqısatqı müqaviləsi üzrə 3762 manat əsas borcu, 1128 manat cərimə borcu, 809.22 manat təmir xərci olmaqla, cəmi 5699.22 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 567–ci maddəsinə əsasən alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, iddiaçı alqı-satqı obyekti olan avtomobili cavabdehin sahibliyinə və istifadəsinə vermiş, cavabdeh isə onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. İddiaçının təqdim etdiyi sübutlar iddia tələbinin 3762.00 (üç min yeddi yüz altmış iki) manat əsas borc hissəsində əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin pul cavabdeh X1 tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini həmin hissədə təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borcu tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı əmlakı alqısatqı obyekti kimi verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1128 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin avtomobilin təmir xərci olaraq 809.22 (səkkiz yüz doqquz manat iyirmi iki qəpik) manat pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı MMC iddia ərizəsinə yalnız avtomobilin təmir aktı əlavə edərək, modeli Octavia 1.6 MPİ, buraxılış ili 2023 olan (VİN:TMBAN7NX1RY015786), dövlət qeydiyyat nişanı 77YD698 olan avtomobilin təmir xərcinin 809.22 manat təşkil etməsini və təmir xərcinin cavabdeh tərəfindən ödənilməli olmasını qeyd etmiş olsa da, həqiqətən həmin avtomobilin təmir aktında göstərilən hissələrinin cavabdeh tərəfindən yararsız vəziyyətə salınmaqla təmirə ehtiyacı olması və təmir edilməsi barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Cavabdeh 3762 (üç min yeddi yüz altmış iki) manat əsas borc və 150 (yüz əlli) manat dəbbə pulu, ümumilikdə 3912 (üç min doqquz yüz on iki) manat məbləğində pul alınaraq İddiaçı MMC-nə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 77 manat dövlət rüsumundan 65 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3762 (üç min yeddi yüz altmış iki) manat əsas borc və 150 (yüz əlli) manat dəbbə pulu, ümumilikdə 3912 (üç min doqquz yüz on iki) manat məbləğində pul alınıb İddiaçı MMC-ə verilsin. Ödənilmiş dövlət rüsumundan 65 manat hissəsi cavabdehə aid edilsin və Cavabdeh 65 (altmış beş) manat məbləğində pul alınıb İddiaçı MMC-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-950/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-950/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver