Məhkəmə qərarları › İş №e-2(077)-1/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-1/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-1/2025 21.05.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, X3 iclas katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-ci il tarixli İF/06149 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə 16593,08 manat əsas borc, 3484,54 manat faiz borcu, 157,48 manat cərimə olmaqla, cəmi 20235,10 manat borcun, 136 manat yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimənin və 152 manat dövlət rüsumunun tutulması, lizinq obyekti olan “Subaru Legancy minik” markalı, **-AF-*** dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, lizinq verən "xxxx" MMC ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, İF/06149 saylı “Daxili maliyyə lizinqi” müqaviləsinə əsasən “Subaru Legancy minik” markalı, **-AF-*** dövlət nömrə nişanlı avtomobil lizinq alanın istifadəsinə verilmişdir. “Daxili maliyyə lizinqi” müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində təşkilatla Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lizinq obyekti lizinq alana təhvil verildikdən sonra, cəmi 6,92 manat ödəniş edilmişdir. Artıq beş ydan çoxdur ki, lizinq alan tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdehlərin xx.xx.2024-cü il tarixinə olan əsas borcu 16593.08 AZN, faiz borcu 3484.54 AZN , cərimə borcu 157.48 AZN , cəmi 20235.10 AZN təşkil edir. Avtomobil cavbdehlərin istifadəsində olarkən 136 AZN yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır. xx.xx.2024-cü il tarixində iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh2 şirkətin mülkiyyətində olan, “Cherry Tiggo minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün xx.xx.2023-cü il tarixindən başlayraq müxtəlif vaxtlarda 4450 məbləğində pul verilmiş, lakin cavabdeh həmin pulun müqabilində heç bir təmin işi aparmamaışdır və avtomobil ondan geri alınmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-ci il tarixli İF/06149 saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan 16593,08 manat əsas borcu, 3484,54 manat faiz borcu, 157,48 manat cərimə olmaqla, cəmi 20235,10 manat məbləğində borcun və 152 manat məbləğində dövlət rüsumunun tutulması, lizinq obyekti olan “Subaru Legancy minik” markalı, **-AF-*** dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması, Cavabdeh2 “Cherry Tiggo minik” markalı, 77AL574 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün verilmiş 4450 manat pulun iddiaçının xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində Cavabdeh1 məhkəməyə elektron qaydada ərizə göndərərək, bildirmişdir ki, iddiaçıya ən az üç ay üzrə 300 manat ödəniş etmiş və lizinq müqaviləsi üzrə təhvil verilmiş avtomobilin əsasən mühərriyində problem yarandığından, eyni zamanda arxa sağ qapıda və ön buferdə zədə olduğundan tərəfindən 3500 manat xərc çəkilmişdir. Bununla bağlı onda şəkillər və video görüntülər mövcuddur və məhkəməyə təqdim ediləcəkdir.Onunla iddiaçı arasında olan razılaşmaya əsasən həmin 3500 manat xərc məbləği onun borcundan çıxılmalı və ödəniş öhdəliyi həmin həcmdə azaldımalı idi. Lakin indiki halda iddiaçı məhkəməyə təqdim edilmiş sənədlərdə nə onun ödənişləri nəzərə almamış, nə də təmirə çəkdiyi xərcləri borcdan çıxmamışdır. Hesab edir ki, kompleks formada məhkəmə mühasibatlıq, məhkəmə texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməklə həm borcun məbləği dəqiqləşdirilə bilər, həm də avtomobilə çəkilmiş xərcin məbləği müəyyən olunar. Bundan əlavə, iddiaçı tərəfindən iddiaya dəqiqləşmədə digər cavabdeh - atası Cavabdeh2 4450 manat pul tələb edilsə də, həmin pul məbləğinin atası Cavabdeh2 təhvil verilməsinə dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. xx.xx.2024-cü il tarixində keçirilmiş hazırlıq iclasında məhkəmənin qərarına əsasən iddia tələbinin həcminin artırılması barədə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçı "xxxx" MMC yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2025-cii l tarilxi 9/7676 saylı ekspert rəyinə əsasən, cavabdehlərin təşkilata olan mükafat borcu 2409,89 manatdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-ci il tarixli İF/06149 saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan 16593,08 manat əsas borcu, 2408,90 manat faiz borcu, 157,48 manat cərimə olmaqla, cəmi 19159,10 manat məbləğində borcun və 160 manat məbləğində dövlət rüsumunun tutulması, lizinq obyekti olan “Subaru Legancy minik” markalı, **-AF-*** dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaytdada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, atası- digər Cavabdeh2 ilə birlikdə Şuşa şəhərində olduqlarından məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini göstərmiş və məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Lizinq verən Bank Olmayan Kredit Təşkilatı İDK” MMC ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, İF/06149 saylı “Daxili maliyyə lizinqi” müqaviləsinin surətindən görünür ki, lizinq verən tərəfindən “Subaru Legancy minik” markalı, **-AF-*** dövlət nömrə nişanlı avtomobil (Lizinq məbləği: 16600 manat) lizinq alana 36 ay müddətinə lizinqə verilmişdir. Lizinq müqaviləsi üzrə mükafat məbləği illik 36 faiz dərəcisi ilə hesablanır. (6.1) Lizinq haqqı vaxtında ödənilməzsə o halda lizinq alan gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 0.1 faizi həcmində cərimə (dəbbə) ödəməlidir. (10.2) - Bank Olmayan Kredit Təşkilatı İDK” MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh1 ilə təşkilat arasında bağlanmış xx.xx.2023-ci il tarixli, İF/06149 saylı “Daxili maliyyə lizinqi” müqaviləsindən, ona edilmiş əlavələrdən irəli gələn bütün pul tələbləridir. - xx.xx.2023-ci il tarixli “Təhvil-təslim” aktının surətindən görünür ki, xx.xx.2023-ci il tarixli, İF/06149 saylı “Daxili maliyyə lizinqi” müqaviləsində göstərilən lizinq obyekti lizinq verən tərəfindən lizinq alana təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-yə borcunun məbləği 16593,08 manat əsas borc, 3484,54 manat faiz borcu, 157,48 manat cərimə olmaqla, cəmi 20235,10 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/7676 saylı ekspert rəyinə əsasən, hesabdan çıxarışa əsasən xx.xx.2024-cü il tarixədək Cavabdeh1 tərəfindən 6,92 manat məbləğində lizinq ödənişi ödənilmişdir. Ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2023-cü il tarixli, İF/06149 saylı daxili maliyyə lizinq müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) "xxxx" BOKT MMC-yə olan əsas və mükafat borcu 19.001,97 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə- 16.593,08 manat; - mükafat borcu üzrə- 2.408,89 manat. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-yə xx.xx.2023-ci il tarixli, İF/06149 saylı “Daxili maliyyə lizinqi” müqaviləsinə əsasən ödəniş cədvəli üzrə xx.xx.2024-cü il tarixinə olan borcunun məbləği 2010,19 manat əsas borc, 2408,89 manat faiz borcu, 157,48 manat cərimə olmaqla, cəmi 4576,56 manat təşkil edir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən göründüyü kimi, cavabdehlərdən lizinq müqaviləsi üzrə öhdəliklərin 3 gün ərzində yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qəbzlərdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 160 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. 748-1.8-ci maddəsinə görə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il 04 iyun tarixli, 1/2021 saylı qərardadında göstərilmişdir ki, “46. MM-in lizinq müqaviləsinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən 748-1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) nəzərə alınmaqla, lizinq verənə aldığı vəziyyətdə qaytarmalıdır.

47. Göründüyü kimi, həm mülki qanunvericilik, həm də tərəflərin təsdiq etdiyi lizinq müqaviləsi lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur.

48. Beləliklə, Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mülki qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 443.1-ci maddəsində isə qeyd edilmişdir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işin faktiki hallarına qeyd olunan maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-ci il tarixli, İF/06149 saylı “Daxili maliyyə lizinqi” müqaviləsi və xx.xx.2023-ci il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi, lizinq ödənişlərinin müqavilə ilə nəzərdə tutulan müddətlər üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilməməsi təsdiq olunur. Lakin, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı lizinq obyektinin qaytarılmasını tələb etdiyindən, onun tərəfindən lizinq müqaviləsi üzrə bütün borcun tələb edilməsi qanunvericiliyə zidd olmaqla, əsassızdır. Buna görə də, məhkəmə hesab edir ki, lizinq obyekti olan avtomobilin qatarılması hissəsində iddia təmin edilməli, lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində isə tələb qismən təmin edilərək, cavabdehlərdən məhkəməyə iddia ərizəsi verilən tarixə, yəni, xx.xx.2024-cü il tarixinə ödənilməmiş olan 2010,19 manat əsas borc və 2408,89 manat faiz borcu tutulub iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 157,48 manat cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan cərimə 57,48 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2025-ci il tarixli, 9/7676 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 23 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 160 manat dövlət rüsumunun 36,80 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyərinin 46 manat hissəsi cavabdehdən, 154 manat hissəsi isə iddiaçıdan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-ci il tarixli İF/06149 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə 2010,19 manat əsas borc, 2408,89 manat faiz borcu, 57,48 manat cərimə olmaqla, cəmi 4476,56 (dörd min dörd yüz yetmiş altı manat 56 qəpik) manat məbləğində borc və dövlət rüsumunun 36,80 (otuz altı manat 80 qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Lizinq obyekti olan 1 (bir) ədəd “Subaru Legancy minik” markalı, **-AF-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 46 (qırx altı) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 154 (bir yüz əlli dörd) manat hissəsi iddiaçı "xxxx" MMC-dən tutulub X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar