Məhkəmə qərarları › İş №e-2(077)-14/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-14/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-14/2025 04.03.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pu tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3770 manat məbləğində sığorta ödənişinin, 57,70 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının olmaqla, cəmi 3828,10 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində "xxxx" ASC-də xx.xx.2022-ci il tarixli, PAG********** nömrəli şəhadətnaməyə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Land Rover” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C220” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı və “BMW 528” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillərə toqquşaraq onları zədələmişdir. İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında protokola əsasən, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Land Rover” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-ci və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C220” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 2720 manat, xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən, “BMW 528” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1050 manat müəyyən edilmişdir. Cəmiyyət tərəfindən “Mercedes Benz C220” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2720 manat və “BMW 528” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1050 manat olmaqla, ümumillikdə 3770 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək, mülki işə təqdim olunmuş sənədlər əsasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, PAG********** saylı icbari sığorta müqaviləsi əsasında X1 mülkiyyətində olan “X8 Minik” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək "xxxx" ASCdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1800/2023 saylı qərarından görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2023-cü il tarixdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X8 Minik” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu N.B.Yusifbəyli küçəsində hərəkətdə olarkən ehtiyatsızlıq nəticəsində “Mercedes” markalı, **-GB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən həmin avtomobil “BMW 528” markalı, **-ET-*** dövlət nömrə nişanlı avtomobilə dəyərək dayanmışdır. Toqquşma nəticəsində “Mercedes” və “BMW” markalı avtomobillərin sahiblərinə maddi zərərin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinib, 400 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz C220” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2720 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “BMW 528” markalı, **- ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1050 manat təşkil etmişdir. A-PAG 0527/23 və A-PAG 0526/23 nömrəli sığorta aktlarından görünür ki, "xxxx" ASC tərəfindən, “Mercedes Benz C220” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X3 2720 manat və “BMW 528” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X4 1050 manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 754/24 saylı bildirişdən görünür ki, "xxxx" ASC Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzini 7 iş günü ərzində könüllü ödəməyi tələb etmiş, əks təqdirdə sığorta ödənişinin ödənilməsi ilə bağlı məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 57,70 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə,məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" ASCdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “X8 Minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən, “Mercedes C 220” markalı, **-GB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması və zərbənin təsirindən həmin avtomobilin “BMW 528” markalı, **- ET-*** dövlət nömrə nişanlı avtomobilə dəyməsi, nəticədə sonunculara zərər vurması, iddiaçı tərəfindən zərərçəkənlər X3 2720 manat və X4 1050 manat olmaqla, cəmi 3770 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi, bununla da, zərərin əvəzini tələb etmək hüququnun ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilərək 3770 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 57,70 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3770 (üç min yeddi yüz yetmiş) manat məbləğində sığorta ödənişi, 57,70 (əlli yeddi manat 70 qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 3828,10 (üç min səkkiz yüz iyirmi səkkiz manat 10 qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar