Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-150/2023 16.06.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, 40007744 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1263,99 manat əsas borcun, 32,70 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40007744 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1364 manat dəyərində nisyə aldığı mala görə 100,01 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1263.99 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 aymüddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1263.99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bu günə 1263,99 manat əsas borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması və xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək nisyə alqı-satqı müqavilə üzrə sifariş etdiyi Samsung Galaxy A73 mobil telefon razılaşdırılmış müddət ərzində ona təhvil verilmədiyinə görə, məhsuldan imtina etmiş, onun heç kimə borcu yaranmamışdır. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40007744 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh 1364 manat dəyərində nisyə aldığı “Samsunq Galaxy A73” markalı telefona görə 100,01 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1263.99 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 aymüddətində ödəməyi öhdəsinə götürmüşdür. Faktor İddiaçı MMC ilə müştəri "xxxx" MMC arasında imzalanan xx.xx.2019-cu il tarixli, R-16/19 saylı faktorinq müqaviləsinin və müqaviləyə əlavə olunan xx.xx.2022-ci il tarixli sazişin surətindən görünür ki, faktor xx.xx.2022-ci il tarixli 40007744 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməli olan pul məbləğini müştəriyə ödəmiş, müştəri isə borclu Cavabdeh həmin müqavilə üzrə pul vəsaitini tələb etmək hüququnu faktora güzəşt etmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022 ci il tarixli 40007744 saylı nisyə alqı-satqı müqavilə üzrə sifariş etdiyi məhsul (mobil cihaz Samsung Galaxy A73 (A736)8GB/256GB Black) razılaşdırılmış müddət ərzində təhvil verilə bilmədiyindən, məhsuldan imtina etmişdir. Nəticədə xx.xx.2022 tarixli 40007744 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda xx.xx.2022 tarixli 40007744 saylı nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC sistemində borc 0 azn təşkil edir. “Ferrum Capital”da xx.xx.2022 tarixli 40007744 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcalanın adında olan 1263,99 azn artıq borc qalığı "xxxx" MMCnin öhdəliyidir. Hazırki iddia tələbinin əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü (əsas öhdəliyə münasibətdə) və 655.1-ci maddələri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Lakin, iş materiallarına və üçüncü şəxsin nümayəndəsinin izahatına əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40007744 saylı nisyə alqı-satqı müqaviləsi, onun 1 nömrəli əlavəsi və təhvil-təslim aktından həmin tarixdə göstərilən müqavilə əsasında cavabdehin üçüncü şəxsdən 1364 manat dəyərində “Samsunq Galaxy A73” markalı telefonu nisyə qaydada aldığına görə üzərinə sonuncuya 12 ay müddətinə hər ay 105 manat məbləğində ödəniş etmək öhdəliyini götürdüyü görünsə də, eləcə də, xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsi və ona əlavə olunmuş xx.xx.2022-ci il tarixli sazişə əsasən xx.xx.2022-ci il tarixli 40007744 saylı nisyə alqı-satqı müqaviləsi üzrə üçüncü şəxsin cavabdehə qarşı olan tələb hüququnun iddiaçıya keçdiyi müəyyən edilsə də, üçüncü şəxsin məhkəməyə göndərdiyi ərizəsi əsasında həmin müqavilənin bağlanmasından dərhal sonra, müqavilənin predmetini təşkil edən “Samsunq Galaxy A73” markalı telefon müqavilədə razılaşdırılmış müddət ərzində təhvil verilə bilmədiyindən, cavabdehin telefondan imtina etdiyi, həmin imtinanın üçüncü şəxs tərəfindən qəbul edildiyi, nəticədə üçüncü şəxslə cavabdehin şifahi qaydada əldə etdikləri razılıq əsasında xx.xx.2022-ci il tarixli 40007744 saylı nisyə alqı-satqı müqaviləsinə, bununla Da, həmin müqavilə üzrə cavabdehin üçüncü şəxs üzərində götürdüyü öhdəliyinə xitam verildiyi, buna görə də üçüncü şəxsin müqavilə üzrə iddiaçıya cavabdehin ödəməli olması kimi qeyd edilmiş 1263,99 manat məbləğində borcun ödənilməsinin cavabdehin deyil, üçüncü şəxsin öhdəliyi kimi qəbul etdiyi, cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş sayılır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə ləğv edilərkən, əgər tərəflərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, müqavilənin ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan öhdəliklər xətm edilmiş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, R-16/19 saylı faktorinq müqaviləsinin və müqaviləyə əlavə olunan xx.xx.2022-ci il tarixli sazişə əsasən Cavabdeh qarşı tələb hüququ İddiaçı MMC-yə əsassız olaraq keçmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin Cavabdeh qarşı tələb hüququ mövcud olmamışdır. Çünki, nisya alqı-satqı müqaviləsi bağlanmış olmasına baxmayaraq, müqavilənin predmetini təşkil edən mobil cihaz cavabdehə təhvil verilməmiş, qanunun tələbinə uyğun olaraq, müqavilədən imtina olunmuş və ona xitam verilmişdir. Mövcud olmayan tələb hüququ isə güzəşt edilə bilməz. Belə olan halda məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı tələb hüququ və digər prosessual-hüquqi hərəkətlər etmək imkanı istisna edilmir. Azərbaycan Respublikası МPМ-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmiş hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 77,88,172-179, 182,183,192,209-214,216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Ödənilmiş 32,70 (otuz iki manat 70 qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-150/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-150/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver