Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-279/2022 13.10.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli 22272906 saylı müqavilə üzrə İmedi kodu **********65739 “İphone 12” markalı telefon üçün 2259,20 (iki min iki yüz əlli doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə,225,80 (iki yüz iyirmi beş manat səksən qəpik) manat cərimə borcu olmaqla,ümumilikdə 2485 (iki min dörd yüz səksən beş) manat borc və 44,85 (qırx dörd manat səksən beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22272906 saylı müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 3255,20 manat olan İmedi kodu **********65739 “İphone 12” markalı telefonu alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 18 ay müddətinə hər ay 149,9 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə cəmi 996 manat məbləğində ödəniş etmişdir.Hazırda cavabdehin xx.xx.2022-ci il tarixinə 2259,20 manat ödənilməmiş hissə və 225,8 manat məbləğində cərimə borcu vardır.Tərəflər arasında bağlanılmış müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki,cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışıqları,həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması,cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə,cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə,elektron məhkəmə sistemi vasitəsilə sms bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən və iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,iş materiallarını tədqiq edərək hesab edir ki,iddia aşağıdakı göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - "xxxx" Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22272906 saylı müqavilədən görünür ki,Cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə alqı-satqı qiyməti 3255,20 manat olan İmedi kodu **********65739 “İphone 12” markalı telefon almışdır. - xx.xx.2021-ci il tarixli 22272906 saylı müqaviləyə Əlavədən görünür ki,Cavabdeh 3255,20 manat məbləğində almış olduğu avadanlığın qiymətini xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 149,90 manat ödəniş etməklə xx.xx.2022-ci il tarixədək ödəməli idi. - "xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin xx.xx.2021-ci il tarixli 22272906 saylı müqavilə üzrə 2259,20 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 225,80 (1,49 manat x 390 gün) manat olmaqla, ümumilikdə 2485 manat məbləğində borcu vardır. - X3 ödənilmiş xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 44,85 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən xx.xx.2021-ci il tarixli 22272906 saylı müqavilə üzrə 2259,20 manat ödənilməmiş hissə müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Bu səbəbdən məhkəmə qeyd edir ki,cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, iddia ərizəsində qeyd olunmuş 225,80 manat cərimənin məbləği azaldılmalı,50 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 40 manatı cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 22272906 saylı müqavilə üzrə 2259,20 manat ödənilməmiş hissə,50 manat cərimə borcu olmaqla,ümumilikdə 2309,20 manat məbləğində borc və ödənilmiş 40 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22272906 saylı müqavilə üzrə 2259,20 (iki min iki yüz əlli doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə,50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 2309,20 (ki min üç yüz doqquz manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-279/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-279/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver