Məhkəmə qərarları › İş №e-2(077)-320/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-320/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-320/2025 16.09.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, X1i clas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, 8MKK5827008 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 720 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 8MKK5827008 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 64 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində, hər ay 60 manat ödəmək şərti ilə, dəyəri 784 manat olan məişət avadanlığı əldə etmişdir. Müqavilə üzrə qismən ödənişlər etdikdən sonra cavabdehin iddiaçıya 720 manat borcu qalmışdır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə AZ5800/********** nömrəli teleqram ünvanlayaraq, məhkəmə işinə uzun müddət keçdiyinə görə xitam verilməsini xahiş etmişdir. Məhkəmə teleqramı iddia müddətinin tətbiqinə dair ərizə kimi qəbul edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 8MKK5827008 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı alıcıya 784 manat məbləğində məişət avadanlığını satmış, alıcı isə 64 manat ilkin ödəniş etdikdən sonra, qalan 720 manatı 12 ay müddətinə hər ay 60 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 8MKK5827008 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 720 manat əsas borcu vardır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2020ci il tarixli, 8MKK5827008 saylı nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixində 64 manat məbləğində ilkin ödəniş həyata keçirilmiş, daha sonra heç bir ödəniş edilməmişdir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 8MKK5827008 saylı müqavilənin “borc müqaviləsi” adlandırılmasına baxmayaraq, əslində tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 8MKK5827008 saylı müqavilənin bağlanması, cavabdehin müqavilə üzrə 720 manat əsas borcunun qalması təsdiq edilmişdir. Bununla yanaşı, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 8MKK5827008 saylı müqavilənin icra müddəti xx.xx.2021-ci il tarixə qədər müəyyən olunmuşdur. Belə olan halda üç illik müddətin axımı həmin tarixdə başlayaraq xx.xx.2024-cü il tarixdə başa çatmışdır. İddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, xx.xx.2025-ci il tarixdə verilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 8MKK5827008 saylı müqavilə üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, həmin müqavilə üzrə pulun tutulması tələbinə iddia müddəti tətbiq edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tuturaq məhkəmə, Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı, cavabdehdən xx.xx.2020-ci il tarixli, 8MKK5827008 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 720 manat əsas borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar