Məhkəmə qərarları › İş №e-2(077)-330/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-330/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-330/2023 17.10.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X11 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5750 manat məbləğində sığorta ödənişi və 77,90 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “KAMAZ” markalı, **-NN- *** dövlət qeydiyyat nişanlı yük avtomobili (“ODAZ 6350” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “Toyota Corolla” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuş və həmin avtomobilin sürücüsü X1 yüngül xəsarət yetirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-2734/2023 saylı qərarı ilə “KAMAZ” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin (“ODAZ 6350” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə) sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilə 17995 manat maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən PME********** saylı sığorta şəhadətnaməsinə və İAS231033 saylı, xx.xx.2023cü il tarixli Sığorta ödənişi aktına əsasən “Toyota Corolla” markalı, **-HR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat, İAS231032 saylı, xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən X1 dəyən yüngül xəsarətə görə 750 manat, cəmi 5750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi, Cavabdeh hadisə vaxtı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. Həqiqətən də hadisə baş vermiş, ziyan dəymiş avtomobilin arxa hissəsindən vurmuşdur. Sürücülük vəsiqəsi var, amma “B” və “C” kateqoriyalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AD № 541540 və AD № 541538 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətindən görünür ki, “KAMAZ” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və “ODAZ 6350” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı qoşqu xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. PME********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, X5 mülkiyyətində olan “ODAZ 6350” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı qoşqu avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı X2 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2023-cü iİ tarixdə, saat 18:20 radələrində Xocəsən- Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 3.2-ci km-də, Cavabdeh oglu tanışı X14 ogluna məxsus Каmaz markalı **-NN-*** dövlət qeydiyyat nişanlı yük avlomobili (Odaz 8350 markalı, 99-2F-927 dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə) ilə Xocəsən dairəsindən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən sağdan blrinci zolaqdan ikinci zolağa manevr edərkən diqqətslzlik etmiş və bu səbəbdən avlomobilin qoşqusu (Odaz 8350 markali, **-ZF-*** dövlət qeydiyyat nişanlı) ikinci zolaqda X4 idarə etdiyi “Toyota Corolla” markali, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqqugma əsnasında “Toyota Corolla” markali avtomobil beton maneə ilə Odaz 8350 markalı qoşqu arasında qalaraq əzilmiş, avtomobilin sürücüsü X10 yüngul bədən xəsarətləri almışdır. Həmçinin “Toyota Corolla” markali avtomobil əzildiyi üçün sahibinə maddi ziyan dəymişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixti 891 №-li rəyinə əsasən X7in yol nəqliyyat hadisəsi zamanı saglamlığa yüngül zərər vuran xəsarət almasi müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi sürücü Cavabdeh ehtiyatsızlığı nəticəsində baş verməklə başqa şəxslərin sağlamlığına az ağır və ya ağır zərər dəymədiyindən, əməllərində Azərbaycan Respublikasi CM-nin 263-cü maddəsinin tərkibi olmadığına gorə material üzrə cinayət işinin baglanması rədd edilmiş, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək huququ olmadan idarə etdiyinə görə barəsində İXM-nin 335.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPl YPXA-na göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-2734/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsində nəzərdə tutulmus inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 gün müddətə inzibati həbs edilmişdir. xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, X6 məxsus “Toyota Corolla” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 17995 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli, İAS231033 saylı sığorta ödənişi aktının və xx.xx.2023-cü il tarixli İB**********_000097_230815 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “Toyota Corolla” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X6 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2023-cü il tarixli İAS231032 saylı sığorta ödənişi aktının və xx.xx.2023-cü il tarixli İB**********_000097_230807 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 dəyən yüngül xəsarətə görə 750 manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 77,90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə görə, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.5. yüngül xəsarət alması – 15 faiz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “KAMAZ” markalı, **- NN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili (“ODAZ 6350” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə) idarəetmə hüququ olmadan (müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan) idarə edərkən, xx.xx.2023-cü il tarixdə X6 məxsus “Toyota Corolla” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində avtomobilə 17995 manat məbləğində maddi zərər və X1 yüngül xəsarət vurması, iddiaçı tərəfindən zərərçəkənə hər iki sığorta hadisəsi üzrə cəmi 5750 manat sığorta ödənişinin həyata keçirilməsi, bununla da, zərərin əvəzini ödəmək tələbinin ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçməsi müəyyən edilmişdir. Bu səbəbdən də, iddia təmin edilərək 5750 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 5750 (beş min yeddi yüz əlli) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 77,90 (yetmiş yeddi manat 90 qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar