Məhkəmə qərarları › İş №e-2(077)-364/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-364/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-364/2023 21.11.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli SM 115375 saylı nisyə satış müqaviləsinə əsasən 3456 manat əsas borc, 273 manat cərimə olmaqla, cəmi 3729 manat borcun, xx.xx.2023-cü il tarixli SM 113289 saylı nisyə satış müqaviləsinə əsasən 3516 manat əsas borc, 293 manat cərimə olmaqla, cəmi 3809 manat borcun, ümumilikdə 7538 manat borcun və 95,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, tərəflər arasında bağlanmış SM 115375 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsinin 1 saylı əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 14-dən gec olmamaqla 288 manat ödəməyi, SM 113289 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsinin 1 saylı əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 26-dan gec olmamaqla 293 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Cavabdehin axırıncı yaşayış yerinə məktub göndərilmişdir. Cavabdehin SM 115375 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə 3456 manat əsas borc, 273 manat cərimə olmaqla, cəmi 3729 manat borcu, SM 113289 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə 3516 manat əsas borc, 293 manat cərimə olmaqla, cəmi 3809 manat borcu, ümumilikdə 7538 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə tədqiq edilmiş subutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli SM 115375 saylı nisyə satış müqaviləsinə əsasən cavabdeh, alqı-satqı qiyməti 3456 manat (12 ay x 288 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********10522 olan "İphone 14 Pro Max 128GB X5" markalı mobil telefon, xx.xx.2023-cü il tarixli SM 113289 saylı nisyə satış müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3516 manat (12 ay x 293 manat + 0 manat ilkin ödəniş) , İmei kodu **********69496 olan "Samsung S918 256GB Phantom Black" markalı mobil telefon və aksessuarlar almışdır. İddiaçı MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli SM 115375 saylı nisyə satış müqaviləsinə əsasən 3456 manat əsas borc, 273 manat cərimə olmaqla, cəmi 3729 manat, xx.xx.2023-cü il tarixli SM 113289 saylı nisyə satış müqaviləsinə əsasən 3516 manat əsas borc, 293 manat cərimə olmaqla, cəmi 3809 manat, ümumilikdə 7538 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 95,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli SM 115375 saylı nisyə satış müqaviləsinə əsasən 3456 manat və xx.xx.2023-cü il tarixli SM 113289 saylı nisyə satış müqaviləsinə əsasən 3516 manat əsas borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan dəbbə pulu xx.xx.2023-cü il tarixli SM 115375 saylı nisyə satış müqaviləsinə əsasən 73 manat, xx.xx.2023-cü il tarixli SM 113289 saylı nisyə satış müqaviləsinə əsasən 93 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 95 faiz həcmində təmin edildiyinə görə 95,40 manat dövlət rüsumunun 90,63 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli SM 115375 saylı nisyə satış müqaviləsinə əsasən 3456 manat əsas borc, 73 manat cərimə olmaqla, cəmi 3529 (üç min beş yüz iyirmi doqquz) manat borc, xx.xx.2023-cü il tarixli SM 113289 saylı nisyə satış müqaviləsinə əsasən 3516 manat əsas borc, 93 manat cərimə olmaqla, cəmi 3609 (üç min altı yüz doqquz) manat borc, ümumilikdə 7138 (yeddi min bir yüz otuz səkkiz) manat borc və dövlət rüsumunun 90,63 (doxsan manat 63 qəpik) manat hissəsi tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar