Məhkəmə qərarları › İş №e-2(077)-4/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-4/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-4/2025 03.04.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən 924,99 manat ödənilməmiş hissə, 92,01 manat cərimə olmaqla, cəmi 1017 manat borcun və 30,17 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 969,99 manat (3 ay x 308,33 manat + 45 manat ilkin ödəniş) olan “Viomi” markalı robot tozsoran almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 45 manat təşkil edir. Nəticədə 924,99 manat ödənilməmiş hissə, 92,01 manat cərimə olmaqla, cəmi 1017 manat borcu yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, "Kontakt Home" mağazalar şəbəkəsinin "İnşaatçılar" filialından xx.xx.2024-cü il tarixdə İMEİ Kodu **********30734 olan Robot tozsoran "VİOMİ S9 Black" markalı məişət texnikasını ******* saylı alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Mağazada ancaq vitrində olan malın qaldığını və 3 gün ərzində çatdıracaqlarını söylədilər. xx.xx.2024-cü il tarixdə malı bir nəfər gətirmiş, lakin qutunu açmamış və demişdir ki, quraşdırmağa gələnlər açacaq. xx.xx.2024-cü il tarixdə iki nəfər gəlmiş, heç bir şey yoxlamadan və başa salmadan onun mobil telefonuna proqram yükləyib getmişlər. Ona yalnız “bu düyməni basarsız, işləyib sizin evin xəritəsini çəkəcək” demişdirlər. Onlar getdikdən sonra, tozsoranı işə salmış, bir otaq fırlanıb dayanmış və səs etmişdir ki, enerji ehtiyatı bitmişdir. Əslində isə proqramda 92% göstərirdi. Robot dayanmış, nə sxemi çəkə, nə də yuvasına qayıda bilmişdir. Quraşdırmağa gələnlərə zəng etmiş və robotun işləmədiyini bildirərək, qayıtmalarını xahiş etmişdir. Usta isə ona “bu düyməni bas yenidən xəritəni çəksin” demişdir. Təkrar robotu işə salsa da, eyni hal təkrarlanmışdır. Yenə ustanı yığdıqda, ona malın beynində problem olduğunu, onluq olmadığını, 6060- a zəng vurmasını demişdir. Həmi nömrə ilə əlaqə saxladıqda, sabah malı mağazaya gətirməsini demişdirlər. xx.xx.2024-cü il tarixdə malı mağazaya aparmış, yoxlama zamanı robotun bazaya qayıtmadığı müəyyən edilmişdir. Təhvil-təslim aktına əsasən malı təhvil vermişdir. Onlar özləri də malın köhnə olduğunu, üzərində cızıqlar olduğunu aktda qeyd etmişdirlər. Halbuki malı 9-cu gün təhvil vermişdir və 14 gün ərzində malı qaytara və dəyişə bilərdi. Kontakt Home şirkəti onu 2 ay gözlətmiş, mal servisdə olduğunu demişdir. Sonra yenidən ona zəng edib mağazaya çağırmış, mal düzəldiyini, evə aparmasını, əgər işləməsə geri gətirməsini bildirmişlər. Malı evə gətirdikdə, yenə həmin hal təkrarlanmışdır. Sübut üçün Robotun iş prosesini videoya çəkib onlara atmışdır. Yenidən servisə gətirməsini demişlər. 2 ay sonra çağıraraq, malın servisdən gəldiyini bildirmişdirlər. Mağazada cərəyana qoşulduqda mal toz torbası boş olduğu halda “toz torbasını boşalt” deyə bağırmışdır. Özləri də bunu gördükdən sonra, demişdirlər ki, “mal qalsın, siz bunu endirim vaxtı almısız, endirim vaxtı sizi çağıracayıq, yeni müqavilə bağlanacaq və sizə yeni tozsoran veriləcək.” Lakin səs-soraq çıxmadı. Mağazaya yaxınlaşdıqda, malda qüsur olduğunu bildiklərini, ancaq servisin rəy vermədiyini demişdirlər. Təbii, servis Kontaktın olduğu üçün rəyi öz xeyirlərinə verirdi. Malı başqa ustaya aparmasını dedikdə, “əgər bunu etsəniz biz mala cavabdeh olmayacayıq” demişdirlər. Nəticədə ona 924,99 manat ödənilməmiş hissədən əlavə 920 manat da faiz gəldiyini demiş, işi bilərəkdən uzatmışdırlar. Özü onkoloji xəstədir. Fiziki cəhətdən zəif olduğu, evdə köməyi olmadığı üçün bu robotu kreditə götürmüşdür. İşləmədəyi üçün pulu ödəməmişdir, ödənişdən boyun qaçırmır. Tozsoran yenisinə dəyişilsə pulu hissə-hissə ödəyər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirmiş və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 969,99 manat (3 ay x 308,33 manat + 45 manat ilkin ödəniş) olan “Viomi” markalı robot tozsoran almışdır. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən 924,99 manat ödənilməmiş hissə, 92,01 manat cərimə olmaqla, cəmi 1017 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30,17 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, "VİOMİ S9 Black" markalı robot tozsoran bazasına geri qayıtmadığına görə "xxxx" MMC-nin servis xidmətinə təhvil verilmişdir. Aktda cihazın üzərində dərin izlərin olduğu və istifadə olunduğu qeyd edilmişdir. “Reset Servis” Texniki Servis mərkəzinin xx.xx.2024-cü il tarixli texniki rəyindən görünür ki, istehlakçının (Cavabdeh) bildirdiyinə görə, cihaz enerji stansiyasına qayıtmır,sinxronlaşmır. Texniki baxışın nəticələrinə əsasən, cihaz diaqnostika edilmiş və qüsur aşkarlanmamışdır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-297/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspert qaqrşısında mübahisə predmeti olan "VİOMİ S9 Black" markalı robot tozsoranda qüsurların mövcud olması, mövcud olduğu təqdirdə, həmin qüsurların əmələ gəlmə səbəbləri müəyyən edilməsi (istehsalçı qüsuru, istismar qaydalarının pozulması və s.), və robot tozsoranda dəyişilmiş detallar mövcud olması ilə bağlı suallar qoyulmuş, ekspertizanın aparılmasının "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmış, MMC-nin xx.xx.2025-ci il tarixli, QXM443M saylı məktubu ilə qiymətləndiricinin bu sahədə iş təcrübəsinin olmaması gğstərilərək, mülki iş qərardad icra olunmadan məhkəməyə qaytarılmışdır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-4/2025 saylı qərardadı ilə iş üzrə yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılmasının "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, müştəri tərəfindən bildirilən qüsurların aşkar olunmadığı, cihazın işlək vəziyyətdə və göstərilən spesifikasiyaya tam uyğun olduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə tərəfindən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əlavə olunmuş videolentlərə baxış keçirilmiş, eyni zamanda, "VİOMİ S9 Black" markalı robot tozsoran işləyib-işləməməsi bilavasitə yoxlanılmış, nəticədə tozsoranın işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 969,99 manat olan “Viomi” markalı robot tozsoran almış, cihazın bazaya qayıtmamasını əsas gətirərək, onu iddiaçının texniki servisinə təhvil vermişdir. Malı servisdən aldıqdan sonra təkrarən işləməməsini əsas gətirərək, onu iddiaçıya təhvil vermiş, bununla yanaşı, qüvvədə olan müqavilə üzrə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Təqdim olunmuş mütəxəssis və ekspert rəyləri ilə "VİOMİ S9 Black" markalı robot tozsoranda müştəri tərəfindən bildirilən qüsurların aşkar olunmadığı, cihazın işlək vəziyyətdə və göstərilən spesifikasiyaya tam uyğun olduğu müəyyən edilmişdir. Nəticədə, Cavabdeh iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən 924,99 manat ödənilməmiş hissə borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 92,01 manat cərimənin alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan penya 12,01 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 92 faiz həcmində təmin edildiyinə görə 30,17 manat dövlət rüsumunun 27,75 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən 924,99 manat ödənilməmiş hissə, 12,01 manat cərimə olmaqla, cəmi 937 (doqquz yüz otuz yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun 27,75 (iyirmi yeddi manat 75 qəpik) manat hissəsi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar