Məhkəmə qərarları › İş №e-2(077)-404/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-404/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-404/2025 16.10.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ İş № 2(077)-404/2025 Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa Rayon Məhkəməsi 16 oktyabr 2025-ci il Xankəndi şəhəri X1 Bəşərəddin oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixli, HHA 19873 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 719 ABŞ dolları əsas (qalıq) borc, 180 ABŞ dolları cərimə olmaqla, cəmi 899 ABŞ dolları borcun və 36 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli, HHA 19873 saylı nisyə alqısatqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 836 ABŞ dolları olan “Aplle i phone 13 pro 256 gb Blue” markalı 1 ədəd mobil telefonu ödəniş qrafıkinə əsasən nisyə satmışdır. müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 117 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmiş, ödəmə qrafiki üzrə ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. müqavilənin 3.5-ci bəndinə əsasən alıcİ ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində satıcının xeyrinə faiz ödəyir. Nəticədə, onun İddiaçı MMC-yə 719 ABŞ dolları əsas (qalıq) borc, 180 ABŞ dolları cərimə olmaqla, cəmi 899 ABŞ dolları borcu qalmışdır. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, HHA 19873 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı alıcıya satış qiyməti 836 ABŞ dolları olan “Aplle i phone 13 pro 256 gb Blue” markalı mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmış, alıcı isə 117 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla manatla ödəmiş, qalan məbləği 12 ay ərzində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişin gecikdirildiyi hər gün üçün satıcının xeyrinə məcmu borcun 1%-i həcmində cərimə ödəyir. İddiaçı MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh MMC-yə borcunun məbləği 719 ABŞ dolları əsas (qalıq) borc, 180 ABŞ dolları cərimə olmaqla, cəmi 899 ABŞ dolları təşkil edir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında araşdırılan sübutlarla İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, HHA 19873 saylı nisyə alqı-satqı müqaviləsinin bağlanması, cavabdehin 719 ABŞ dolları əsas borcunun qalması təsdiq edildiyindən həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 180 ABŞ dolları məbləğində cərimənin tutulması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 180 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 30 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 83 faiz həcmində təmin edildiyinə görə 36 manat dövlət rüsumunun 29,88 manat cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, HHA 19873 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 719 ABŞ dolları əsas (qalıq) borc, 30 ABŞ dolları cərimə olmaqla, cəmi 749 (yeddi yüz qırx doqquz) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş dövlət rüsumunun 29,88 (iyirmi doqquz manat 88 qəpik) manat hissəsi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar