Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-423/2023 18.12.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi barədə” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1750 manat məbləğində sığorta ödənişinin, 37,50 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Mərdəkan qəsəbəsində baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh2 məxsus olan və Cavabdeh1 idarə etdiyi “Nissan Teana” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, AR İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" markalı **-PZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 750 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 6000 manat məbləğində sığorta ödənişi edilmişdir. Həmin məbləğin 4250 manat məbləğində olan hissəsi “Nissan Teana” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ödənilmiş, 1750 manat məbləğində sığorta ödənişi bu günədək ASC-yə geri ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazimi qaydada bildiriş göndərilmiş, lakin onların iddiaya qarşı əsaslandırılmış etirazları məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(003)-2031/2023 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala və əlavə edilmiş sənədlərə əsasən, xx.xx.2023-cü il tarixdə saat 10.58-də X6 tibb bacısı Əfəndiyeva xx.xx.2023-cü il tarixdə Mərdəkan qəsəbəsində baş vermiş YNH zamanı X2 əlin əzilməsi və bədəninin küt travması xəsarəti alması barədə məlumat vermişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki,, xx.xx.2023-cü il tarixdə Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində sürücü Cavabdeh1 "Nissan Teana" markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil və sürücü X4 idarə etdiyi "xxxx" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı X5 bədən xəsarətləri almışdır. Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək, barəsində 200 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus olan "xxxx" markalı **- PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən – xx.xx.2024-cü il tarixədək hər bir hadisə üzrə 250 manat azadolma məbləği tətbiq edilməklə "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə“ arayışın surətindən görünür ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt Cavabdeh2 məxsus “Nissan Teana” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında Cavabdeh1 idarə etmişdir. İş materiallarında olan İSB.az saytından çıxarışdan görünür ki, “Nissan Teana” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli zərərin hesablanması aktından görünür ki, "xxxx" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6750 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından və xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 750 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 6000 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən müəyyən olunur ki, "xxxx" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 4250 manat məbləğində olan hissəsi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BS-C-23/2315 nömrəli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, iddiaçı cavabdehlərdən ödənilmiş 1750 manat sığorta ödənişinin əvəzini 5 gün müddətində ödəməyi tələb etmiş, əks təqdirdə sığorta ödənişinin ödənilməsi ilə bağlı məhkəməyə iddia veriləcəyi nəzərlərinə çatdırılmışdır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 37,50 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqd, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla xx.xx.2023-cü il tarixdə Cavabdeh2 məxsus “Nissan Teana” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 etibarnamə əsasında idarə edərkən, "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" MMC-yə məxsus X4 idarə etdiyi "xxxx" markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, avtomobilə 6750 manat məbləğində zərər vurması, "xxxx" markalı avtomobilin sürücü X4 bədən xəsarətləri alması, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək, barəsində 200 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi, iddiaçı tərəfindən zərərçəkənə 750 manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 6000 manat sığorta ödənişinin həyata keçirilməsi, həmin məbləğin 4250 manatının “Nissan Teana” markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığortalanmış "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməsi, bununla da, qalan 1750 manat sığorta ödənişinin əvəzini tələb etmək hüququnun (subroqasiya hüququ) iddiaçıya keçməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə araşdırmaları nəticəsində digər Cavabdeh2 mülkiyyətində olan “Nissan Teana” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi müəyyən olunmuşdur. Bu səbəbdən də, iddia qismən təmin edilərək 1750 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi digər cavabdehə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh1 1750 (bir min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi, 37,50 (otuz yeddi manat 50 qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. İddia digər Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(077)-423/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-423/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver