Məhkəmə qərarları › İş №e-2(077)-53/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-53/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-53/2023 14.03.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi X1 oğlunun iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli VİP 15661 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 385 ABŞ dolları əsas (qalıq) borc, 96 ABŞ dolları cərimə olmaqla, cəmi 481 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli VİP 15661 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, kreditor borcluya satış qiyməti 385 ABŞ dolları olan (ümumi məbləğ 385 ABŞ) “Samsung T2110 16GB B” markalı mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Borclu Cavabdeh müqavilə bağlandıqdan sonra ödəmə qrafiki üzrə ödəməli olduğu pul məbləğini ödəməmiş və bununla da, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, onun İddiaçı MMC-yə 385 ABŞ dolları əsas (qalıq) borc, 96 ABŞ dolları cərimə olmaqla, cəmi 481 ABŞ dolları borcu qalmışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətini tətbiq edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli VİP 15661 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı tərəfindən alıcıya satış qiyməti 385 ABŞ dolları olan (ümumi məbləğ 385 ABŞ) “Samsung T2110 16GB B” markalı mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmış, alıcı isə alınmış malların dəyərini 12 ay ərzində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişin gecikdirildiyi hər gün üçün satıcının xeyrinə məcmu borcun 1%-i həcmində cərimə ödəyir. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli, xx/xx-18839 saylı maliyyə arayışından göründüyü kimi, Cavabdeh "xxxx" MMC-yə borcunun məbləği 385 ABŞ dolları əsas (qalıq) borc, 96 ABŞ dolları cərimə olmaqla, cəmi 481 ABŞ dolları təşkil edir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında araşdırılan sübutlarla İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli VİP 15661 saylı nisyə alqı-satqı müqaviləsinin bağlanması, cavabdehin 385 ABŞ dolları əsas borcunun qalması təsdiq edildiyindən həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 96 ABŞ dolları məbləğində cərimənin tutulması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 96 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 16 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 380.1 və 380.2-ci maddələrinin tələblərinə görə isə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, cavabdeh tərəffindən xx.xx.2020-ci il tarixdə 6.06.2015-ci il tarixli VİP 15661 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 20 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bununla da, iddia müddətinin axımı kəsilmiş və müddət yenidən başlanmışdır. İddia müddətinin son tarixi xx.xx.2023-cü il tarixi olmuş, iddiaçının iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil omuşdur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 83 faiz həcmində təmin edildiyinə görə 30 manat dövlət rüsumunun 24,90 manat cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli VİP 15661 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 385 ABŞ dolları əsas (qalıq) borc, 16 ABŞ dolları cərimə olmaqla, cəmi 401 (dörd yüz bir) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş dövlət rüsumunun 24,90 (iyirmi dörd manat 90 qəpik) manat hissəsi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar