Məhkəmə qərarları › İş №e-2(077)-533/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-533/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-533/2025 26.01.2026 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi barədə” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2025-ci il tarixli, BKC/2025/1111080/112 saylı müqaviləyə əsasən 3297,96 manat borcun və 52,98 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli, BKC/2025/1111080/112 saylı müqaviləyə görə cavabdehə dəyəri 3299 (üç min iki yüz doxsan doqquz) manat təşkil edən Apple İphone 16 Pro 256 GB Desert Titanium markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 183,28 manat olmaqla, 18 ay müddətinə ödəməli olduğu, cəmi 1,04 manat ödəniş etmiş, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Hazırda Cavabdeh İddiaçı MMC-yə borcu 3297,96 manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə görə abonent tərəfindən müqavilə üzrə ödənişlərini müəyyən edilmiş qrafikə uyğun olaraq tam və vaxtında icra etməlidir. Abonent Müqavilə üzrə ödənişləri tam və vaxtında etmədikdə Operator Abonentə yazılı və ya SMS bildiriş göndərərək borcun ödənilməsini tələb edir. Bildirişdə göstərilən müddət ərzində borcun ödənilməsi həyata keçirilmədiyi halda Operator birtərəfli qaydada Müqaviləyə xitam vermək, Abonentdən icra edilməmiş öhdəliklərini tam və dərhal yerinə yetirilməsini tələb etmək və malın İMEİ kodunu/kodlarını bloklamaq hüququna malikdir. Müqaviləyə xitam verildikdən sonra Abonent borc məbləğin tam şəkildə ödəmədikdə Operator borcun məcburi qaydada tutulması üçün hüquqi tədbir görmək hüququna malikdir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh X2 rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, BKC/2025/1111080/112 saylı müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 3299 manat təşkiledən Apple İphone 16 Pro 256 GB Desert Titanium markalı telefon almışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, BKC/2025/1111080/112 saylı müqaviləyə əsasən İddiaçı MMC-yə 3297,96 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 52,98 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh xx.xx.2025-ci il tarixli, BKC/2025/1111080/112 saylı müqaviləyə əsasən İddiaçı MMC-yə 3297,96 manat borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 52,98 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, BKC/2025/1111080/112 saylı müqaviləyə əsasən 3297,96 (üç min iki yüz doxsan yeddi manat 96 qəpik) manat məbləğində borc və 52,98 (əlli iki manat 98 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar